Zərif general Süleymani ilə bağlı sözlərinə görə üzr istədi

Baxış sayı:
2153

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Xüsusi Qüvvələrinin qətlə yetirilmiş rəhbəri general Qasım Süleymaninin ailəsi qarşısında geniş rezonans doğurmuş gizli müsahibəsində söylədiyi sözlərə görə üzr istəyib. Bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir. Zərifin sözlərinə görə, İranda siyasi dairələrdə rezonans doğuran ifadələr bəzi qüvvələr tərəfindən siyasi alət kimi istifadə olunur.

“Məni günahlandıran, mənə böhtan atanların hamısını bağışlayıram. Ümidvaram ki, böyük İran xalqı, generalın bütün pərəstişkarları və xüsusilə böyük Süleymanilər ailəsi məni bağışlayacaqlar”, - XİN başçısı instaqram səhifəsində yazıb.

Daha əvvəl Zərifin 2021-ci ilin mart ayında jurnalist Səid Leylaza verdiyi və səsyazısı hökumət arxivlərinə yerləşdirilmiş müsahibəsinin yayılması geniş müzakirələrə səbəb olub. Müsahibəni aprelin 25-də Londonun “Iran International TV” telekanalı yayımlayıb. Sözügedən müsahibədə Zərif Qasım Süleymanini İranın xarici siyasətinə müdaxilə etməkdə ittiham edib. Zərifin müsahibədə səsləndirdiyi fikirlər ölkənin mühafizəkar dairələrinin reaksiyasına və istefa çağırışlarına səbəb olub.