SEPARATÇILAR PUTİNƏ 3 VARİANTDA MƏKTUB HAZIRLAYIB - “Ya bizi Rusiyaya birləşdir, ya dövlət kimi tanı...”

Baxış sayı:
873

Ukraynanın şərqindəki qondarma “Donetsk xalq respublikası”nın rəhbərliyi regionda gərginləşməkdə olan vəziyyət və mümkün irimiqyaslı hərbi əməliyyatlar fonunda Rusiya prezidenti Vladimir Putinə üç variantda məktub hazırlayıb.

Bu məktubların surəti Ukrayna xüsusi xidmət orqanlarının əlinə keçib. Məlumatı “Zerkalo nedeli” nəşri yayıb.

Hər üç variantda qondarma “respublika”nın rəhbəri Denis Puşilin Vladimir Putinə “Donbass sakinlərinin taleyinə biganə qalmadığı və göstərdiyi misilsiz dəstəyə görə” minnətdarlıq ifadə edir. Bildirir ki, məhz Putinin sayəsində regionun əhalisi Ukrayna hakimiyyətinin 2014-cü ildən bəri davam edən təzyiqləri qarşısında duruş gətirməyə imkan verib. Məktubda habelə Minsk danışıqlar prosesində Rusiyanın vasitəçilik səyləri yüksək qiymətləndirilir.

Habelə hər üç variantda bildirilir ki, Minsk razılaşmaları və mövcud razılaşmalar heç vaxt Ukrayna tərəfinə “atəşkəsi pozmaqda mane olmayıb” və Kiyev ABŞ-dan, digər Qərb tərəfdaşlarından dəstək alaraq münaqişənin güc yoluyla həllinə qərar verib.

Məktubların qalan hissəsində isə mətnlər fərqlənir. Birinci variantda Puşilin “Ukraynanın genişmiqyaslı hərbi əməliyyatlarının və təcavüzünün qarşısını almaq, dinc əhali arasında tələfata və dağıntılara imkan verməmək üçün” Putindən hərbi kömək xahiş edir.

 

İkinci variantda separatçı rejimin rəhbəri Putindən “Donetsk xalq respublikasını” Rusiya Federasiyasının tərkibinə daxil etməyi xahiş edir. “Bütün bizim sakinlər böyük Rusiya dövlətinin tərkib hissəsi olmağı arzu edir. Bunun şahidi 2014-cü il mayın 11-də keçirilmiş referendum, habelə Rusiya  vətəndaşlığını almaq üçün yaranan uzun növbələrdir”,-Puşilin yazır. O, əlavə edir ki, “Donetsk xalq respublikasının” bütün sakinləri Rusiyaya birləşmək üçün təkrarən öz iradələrini ifadə etməyə hazırdır.

Üçüncü variantda isə Putindən xahiş olunur ki, qondarma respublikanı “müstəqil, demokratik hüquqi dövlət kimi” tanısın. Və Rusiya ilə bu “respublika” arasında o cümlədən hərbi sahədə müttəfiqlik müqaviləsi bağlansın. Müqavilənin layihəsi də məktuba əlavə olunur.

Separatçıların liderinin hazırladığı bu üç məktub həm də Rusiyanın Donbassla bağlı planlarından xəbər verə bilər. Göründüyü kimi, Rusiya hazırda üç variantı nəzərdən keçirir-Donbassa qoşun yeritmək, regionu özünə birləşdirmək və nəhayət Abxaziya, Cənubi Osetiya kimi onların “müstəqilliklərini” tanımaq.

Rusiya hazırda Ukrayna sərhədlərinə böyük sayda hərbi qüvvə cəmləşdirməkdə davam edir./Virtualaz.org