Saakaşvili Gürcüstana buraxılmasını istəyir - 24 SAATLIQ

Baxış sayı:
695

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili əhalinin reaksiyasını öyrənmək məqsədilə ölkə rəhbərliyinə 24 saatlıq girişinə icazə verilməsini təklif edib.

M.Saakaşvili bunu “TV Pirveli”yə açıqlamasında bildirib.

“Gəlin araşdırma eksperimenti aparaq. Məni ölkəyə buraxsınlar, and içirəm ki, 24 saat ərzində küçələrdə mühafizəçilər olmadan gəzəcəm. Xalqa fikirlərini sərbəst ifadə etmək imkanı verilsin. Niyə buna icazə verilmir? Bəlkə ona görə ki, Gürcüstan torpağına ayaq basan kimi hazırkı hakimiyyət xalqın ona dəstəyinin 5%, mənə isə 70-75% olduğunu görəcək”?!

Sabiq prezidentin sözlərinə görə, Gürcüstan rəsmiləri Ukraynaya bir neçə dəfə gəlib və yerli hakimiyyətdən onu Gürcüstan tərəfinə təhvil vermələrini xahiş ediblər.

Xatırladaq ki, M.Saakaşvili Gürcüstanı 2013-cü ildə tərk edib, ölkəsində ona qarşı bir çox cinayət işi açılıb, bəziləri üzrə hətta qiyabi həbs cəzasına məhkum da edilib. 2015-ci ilin yazında Saakaşvili Ukrayna siyasətinə daxil olub və Odessa vilayətinin qubernatoru vəzifəsini tutaraq, bu ölkənin vətəndaşlığını alıb. Lakin 2016-cı ilin noyabrında vəzifəsindən azad edilib. O zaman prezident olan Petro Poroşenko bunu Saakaşvilinin bölgənin inkişafı ilə bağlı verdiyi vədləri yerinə yetirməməsi, iqtisadi göstəricilərin xeyli pisləşməsi ilə izah edib. 2017-ci il iyul ayının sonunda Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.

Vladimir Zelenski hakimiyyətə gəldikdən sonra 2019-cu ildə Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb və onu Milli İslahatlar Şurası İcraiyyə Komitəsinin rəhbəri təyin edib./Azvision.az