RUSİYA “HUMANİTAR YÜK” ALTINDA QARABAĞA NƏLƏR GƏTİRİR? - “İrəvandan Xankəndinə yaxındır, yoxsa Gəncədən?”

Baxış sayı:
536

Azərbaycanın Qarabağ ərazisinə İranın qanunsuz yük daşımasına etirazından və sanksiyalarından sonra başlamış gərginlikdə rəsmi Bakı qətiyyətli mövqe ortaya qoydu. Bu da onunla nəticələndi ki, Tehran geri addım atdı. 

Bir neçə gün əvvəl isə Rusiya Müdafiə Nazirliyinin "İl-76" yük təyyarəsi Qarabağa çatdırılmaq üçün “ehtiyacı olan köçkünlər və Qarabağın çoxuşaqlı ailələri” üçün “xeyriyyə təşkilatları” tərəfindən toplanan 10 ton humanitar yükü İrəvana gətirib. Buradan isə yük Xankəndinə aparılacaq. 

Bəzi ekspertlər iddia edir ki, Rusiyadan İrəvana gətirilən 10 ton yük üçün xüsusi təyyarəyə ehtiyac yoxdur, bunu bir KamAZ-a da sığışdırmaq olar. O səbəbdən “humanitar yük” adı altında “DQR müdafiə ordusu” adlanan silahlı dəstələrə qeyri-qanuni sursat və hərbi texnikanın ehtiyat hissələrinin tədarükünü mümkün hesab edirlər. 

Azərbaycanın Rusiyanın Qarabağa “humanitar konvoyunda” əslində nələrin olduğunu öyrənməyə haqq var. Pilotsuz uçuş aparatları bunu real vaxtda etməyə imkan verir və “sülhməramlıların” özlərindən və ya yerli ermənilərdən məlumatlar sıza bilər.

Bəs Azərbaycan Rusiyadan gətirilmiş yükləri necə yoxlamalıdır? Rusiya Müdafiə Nazirliyi Qarabağa qanunsuz silah-sursat və ya digər hərbi texnikaların tədarükünü həyata keçirə bilərmi? Azərbaycanın Laçın dəhlizində birgə yoxlamalar həyata keçirilməsinə Rusiyanın süni əngəlləri istənilən qanunsuz yüklərin Qarabağa keçirilməsinə şərait yaratmaq üçündürmü? Azərbaycanın şübhə doğuran yükləri yoxlamaq üçün hansı təsir mexanizmləri var?

 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli musavat.com-a açıqlamasında Azərbaycanın hər zaman prinsiplərinin olduğunu qeyd edib: “Azərbaycan dövləti hər zaman müstəqil siyasət aparıb. Vətən müharibəsi ilə bütün dünyaya göstərildi ki, Azərbaycan xalqı, dövləti və onun rəhbəri milli maraqlarından, müstəqilliyindən və ərazi bütövlüyündən bir addım belə geri çəkilən deyil. Bunun üçün xalqımız canını verib, qanını töküb. Xalqımız himnimizdə deyildiyi kimi, can verməyə, qan tökməyə hazırdır. Minlərlə can qurban olub ki, Azərbaycan gülüstan olsun. Hələ müharibədən öncə Rusiyanın Ermənistana dəstək olmasını ən yüksək səviyyədə cənab prezident bildirib. Marşrutu da dedi ki, hansı respublikalar üzərindən keçərək İran istiqamətindən Ermənistana yüklər daşınıb. İran tərəfdən yüklərin daşınması, şübhəli marşrutların hərəkəti barədə də cənab Prezident fikirlərini dəfələrlə deyib. Rusiyanın vasitəçiliyini Azərbaycan və Ermənistan tərəfi qəbul edib. Bölgəyə rus sülhməramlıları yerləşdirilib. Vətəndaşlarımızın bir qismi onların fəaliyyətindən narazıdır. Zaman-zaman Azərbaycanın rəsmi qurumları bu və ya digər formada öz etirazını bildirib. Biz hesab edirik ki, Kreml əvvəlki illərdən fərqli siyasət yürüdəcək. Dünya şərtləri, geosiyasi vəziyyət, zaman bunu diktə edir. Bütün qonşularımızla normal münasibətlər aparırıq. Kim ki, dövlət maraqlarımıza, qonşuluğa qarşılıqlı hörmət edir, biz də o dövlətlərə hörmət edirik. Rusiya niyə Qarabağa yükləri Azərbaycanın qədim şəhəri olan İrəvana gedib oradan aparır? İrəvandan Xankəndinə yaxındır, yoxsa Gəncədən? Yevlaxda da hava limanı var. Tərtər, Ağdərə üzərindən də aparılması mümkündür. Ağdamı da qeyd etmək olar. Hələ də Qarabağda separatçı rejimin qalması vətəndaşlarımızda haqlı olaraq narazılıq yaradır. 10 noyabrdakı üçtərəfli razılaşmaya əməl edilmədiyi haqlı olaraq önə çəkilir. Onsuz da əvvəl-axır qanunsuz dəstələr Qarabağı tərk edəcək. Sadəcə, Rusiya bunu tezləşdirə bilər ki, bunu etmir. İran necə ki, Azərbaycanın milli, dövlət maraqlarına hörmət etməyə məcbur oldu, eləcə də digər dövlətlər bunu etməlidir. Rusiyanın ərazi bütövlüyünə, müstəqilliyinə necə hörmətlə yanaşırıqsa, eyni addımı qarşı tərəfdən gözləyirik. Güclü Azərbaycanın dünyada Türkiyə və Pakistan kimi güclü tərəfdaşları var. Dünyanın bir çox ölkələri milli maraqlarımıza hörmət edir. Etibarlı tərəfdaş, sadiq dostuq. Üzərimizə götürdüyümüz öhdəlikləri ləyaqətlə yerinə yetiririk. Analoji addımı qarşı tərəflər də atmalıdır”.

Yeri gəlmişkən, Rusiya hərbi kontingentinin Laçın rayonunun Zabux kəndi yaxınlığındakı 1 nömrəli müşahidə və nəzarət-buraxılış postundan son video görüntülər yayılıb. Moderator.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat paylaşılıb. “Sülhməramlılar son bir həftə ərzində 200-dən çox nəqliyyat vasitəsinin və 1000 nəfərin Laçın dəhlizindən Dağlıq Qarabağa və geriyə təhlükəsiz hərəkətini təmin ediblər. Mümkün təxribatların qarşısını almaq üçün hərbçilər bütün avtomobilləri yoxlayır” - Rusiya kontingentinin sözçüsü Yevgeni Mişin belə deyib. Onun sözlərinə görə, bütün postlar müasir xarici video-müşahidə kameraları, müasir projektorlar və fasiləsiz enerji təchizatı ilə təmin olunub.

Göründüyü kimi, hələ də Laçın dəhlizinə Azərbaycanın müvafiq dövlət qurumlarının birbaşa nəzarəti təşkil olunmayıb...