Polkovnik-leytenant İlqar Hacıyev: “Ermənilərin verdiyi mina xəritələri 20-30 faiz doğrudur...”

Baxış sayı:
412

Azərbaycan Müdafiə Nazirliyinin mühəndis işləri şöbəsinin rəisi, polkovnik-leytenant İlqar Hacıyev ATV kanalına müsahibəsində deyib ki, Ermənistan tərəfinin Ağdamın minalanmış əraziləri barədə təqdim etdiyi xəritələr həqiqətə uyğun gəlmir. Onun sözlərinə görə, xəritələrin bir hissəsi 50 faiz doğrudur, digəri isə 20-30 faiz uyğun gəlir.

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bu barədə jurnalistlərə bildirib ki, hazırda mütəxəssislər xəritələrin hərtərəfli analizini aparırlar. “Paralel olaraq ərazidə praktiki işlər görülür. Ona görə də hələlik hansısa rəqəmlərdən danımaq və xüsusən də bu xəritələrin hansı dərəcədə doğru olduğuna dair rəqəmlər demək düzgün olmazdı. Və söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, hazırda mövcud olan xəritələrin analizindən gedir. Bir daha ddemək istəyirəm ki, bu istiqamətdə əldə olunan nəticələr zamanla ictimaiyyətin diqqətinə çatdırılacaq”,-Eyvazov deyib.

 Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan tərəfi Ağdamın minalanmış ərazilərinin xəritələrini Azərbaycana verib, həmin ərazilərdə 97 min piyada və tank əleyhinə mina basdırıldığı bildirilib. Xəritələrin əvəzində Azərbaycan 15 erməni hərbçisini qaytarıb. Bu anlaşma Gürcüstan baş nazirinin vasitəçiliyi, ABŞ dövlət katibinin köməkçisinin dəstəyi ilə baş tutub.