PAŞİNYAN ÇƏKİCLƏ, KÖÇƏRYAN YUMRUQLA HƏDƏLƏYİR - “Bu hələ harasıdır, səsvermədən sonra güclü toqquşmalar olacaq...”

Baxış sayı:
407

Ermənistanın keçmiş prezidenti və müxalif “Erməni Milli Konqresi” partiyasının lideri Levon Ter-Petrosyan iyunun 20-də səsvermədən sonra güclü toqquşmaların başlayacağını deyir. Virtualaz.org xəbər verir ki, Ter-Petrosyan bu haqda İctimai televiziyaya müsahibəsində danışıb.

O deyir ki, siyasi qüvvələr və onların tərəfdarları arasında qarşılıqlı təhqirləri, eskalasiyanı dayandırmaq artıq mümkün deyil. “Bunlar hələ harasıdır. Bu, misli görünməmiş kampaniyadır, heç vaxt bu cür nifrət və bu qədər təhqir olmamışdı. Sərt diskussiya olmuşdu, amma bu səviyyədə yox”,-Ter-Petrosyan əsasən Robert Köçəryanla Nikol Paşinyan arasında gedən mübarizəni şərh edərkən bildirib.

Keçmiş prezident əmindir ki, bu eskalasiyanın təsirləri səsvermə günü və ondan sonra özünü göstərəcək. Onun sözlərinə görə, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası və Robert Köçəryanın “Ermənistan” bloku böyük maliyyə, inzibati və kriminal resurslara sahibdirlər. Və onlar həmin resurslardan istifadə edəcəklər.

“Onlar üçün bu mübarizə yaşam uğrunda deyil, ölüm uğrunda mübarizədir. Və səsvermə zamanı bəzi toqquşmalar olacaq, daha sonra səslərin sayılması zamanı. Ondan sonra isə daha güclü toqquşmalar. Onlar artıq böyük mitinqlər haqda elan veriblər”,-Ter-Petrosyan bildirib.

Qeyd edək ki, Paşinyan son günlər öz rəqiblərini “başlarını çəkiclə əzməklə” hədələyib. Belə ki, seçicilərlə görüşlərdən birində tərəfdarlarından biri Paşinyana çəkic verib və həmin çəkiclə seçkidən sonra “korrupsionerlərin başını əzməyi” istəyib. Paşinyan həmin çəkici seçki mitinqlərində nümayiş etdirir və deyir ki, seçkilərdə qalib gələrək xalqdan “dəmir mandat” alacaq və hazırda ona qarşı çıxanların başını çəkiclə əzəcək. Hərçənd o, çəkici birbaşa müxalifətçilərin başına endirmək barədə danışmasa da bunun “qanunun gücünün rəmzi” olaraq istifadə ediləcəyini deyir.

Robert Köçəryandan isə Paşinyanın çəkici haqda soruşanda o deyib ki, əlinə çəkic almağa ehtiyac görmür. Çünki yumruğu kifayət qədər güclüdür. Və Köçəryan deyib ki, onun hökuməti çəkici ancaq inşaat üçün istifadə edəcək.

Son rəy sorğularına görə Köçəryanla Paşinyanın reytinqi təxminən bərabərdir və hesab edilir ki, Paşinyan inzibati resurslardan istifadə edərək onu üstələməyə çalışacaq.