​“Nizami Gəncəvi İli”ndə dahi şairə qarşı hörmətsizlik – GƏNCƏDƏ NİZAMİ GƏNCƏVİNİN BÜSTÜ ÖNÜNƏ ZİBİL YEŞİKLƏRİ QOYULDU / Foto

Baxış sayı:
244

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Eyni zamanda, bu il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib. Lakin, buna baxmayaraq, dahi Azərbaycan şairi və mütəfəkkirinə qarşı edilən hörmətsizlik təəssüf doğurur.

Belə ki, Gəncə sakinlərinin redaksiyamıza göndərdikləri şəkillərdən aydın olur ki, şəhərin dahi şairini adını daşıyan prospektində Nizami Gəncəvinin büstünün qarşısına zibil yeşikləri qoyulub.

Dahi şairin vətəni Gəncədə Nizami məqbərəsinin xüsusi zövqlə yenidən qurulması, böyük bir ərazidə məqbərənin ətrafının abadlaşdırılması əsl vətəndaşlıq mövqeyindən görülən alqışa layiq işlərdir. Təsadüfi deyil ki, bu yaxınlarda Gəncəyə səfər edən dövlət başçısı şəhərin qədimliyini qoruyub saxlamaqla burada həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq işlərini yüksək qiymətləndirdi.

Ümid edirik ki, bu, bir təsadüfdür. Əksə halda, şəhər rəhbərliyi məqsədli şəkildə milli dəyərlərimizi aşağılayanları tapıb cəzalandırmalı, bu cür xoşagəlməz hadisənin bir daha baş verməməsinə çalışmalıdır.

Qeyd edək ki, məsələ ilə bağlı əvvəlcə Gəncə şəhər İcra Hakimiyyətiylə əlaqə saxladıq. Qurumdan bu haqda məlumatsız olduqları bildirildi. Daha sonra şəhərin Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əlaqə yaratdıq. Mənzil Kommunal Təsərrüfat Birliyinin mətbuat katibi Vüsal Balayev məsələylə bağlı araşdırma aparılacağını qeyd etdi.