​KÜRDƏXANI HƏBSXANASINDAN “İNTİHAR MƏKTUBU” – Məhbus Raid Yaqubov həyatına qəsd edəcəyini yazır... / FOTO

Baxış sayı:
2027

Kürdəxanı həbsxanasında (Bakı İstintaq Təcridxanası) cəza çəkən məhbus Yaqubov Raid Ağahüseyn oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və ölkə ictimaiyyətinə ünvanlanan məktubda R.Yaqubov ona qarşı edilən haqsızlıqlara, şər-böhtana dözməyərək, intihar edəcəyini yazır.
Anası, 1956-cı il təvəllüdlü Yaqubova Gülnisə Əhəd qızı vasitəsilə redaksiyamıza göndərilən məktubda qeyd olunur: “Necə olur ki, mən 21 fevral 2021-ci ildə saxlanıldıqdan bir gün sonra – 22 fevral 2021-ci ildə polis idarəsində guya cibimdən narkotik maddə çıxıb?! Bildirirəm ki, məni vəhşicəsinə döyüb, ağır işgəncələr verdikdən sonra, həmin narkotik maddəni cibimə qoyublar. Hansı ki, bu işgəncələr nəticəsində sağ döş qəfəsimizin üst qabırğası sınıb, sol döş qəfəsimdə isə daha bir qabırğam çat verib. Həmçinin, dırnaqlarımın çıxarılmasına və gözlərimin altının qaralmasına baxmayaraq, mənə heç bir tibb rəy verilmədi”.
R.Yaqubov sonda yazır ki, əgər ona qarşı haqsızlığa son qoyulmasa, intihar edəcək. “İntihar etməmişdən öncə bu məktubun bir nüsxəsini udacam ki, morqda mədəmdən çıxsın”, - deyə sonda məhbus qeyd edir.


Muxalifet.az
Redaksiyadan: Mövzu ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə çalışacağıq.