Ermənistanın Kəlbəcər istiqamətindəki ərazilərinə Rusiya hərbçiləri yerləşdiriləcək - QUBERNATOR AÇIQLAYIB, BAŞ QƏRARGAH RƏİSİ TƏSDİQLƏYİB...

Baxış sayı:
355

Yaxın günlərdə Azərbaycanla Ermənistanın sərhədinin Geğarkunik bölgəsinə, Ermənistan ərazisinə rusiyalı hərbçilər yerləşdiriləcək. Erməni mənbələri xəbər  verir ki, bu məsələ Rusiya müdafiə naziri Sergey Şoyqu ilə onun erməni həmkarı Vaqarşak Arutyunyan arasında son həftələr ərzində keçirilən danışıqlarda müzakirə olunur.

Ermənistanın Qeqarkunik vilayəti Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəddir. Azərbaycan ordusunun Kəlbəcər istiqamətində ölkənin sovet dövrü sərhədlərində möhkəmlənməsi Yerevanda “Ermənistan ərazisinə müdaxilə” kimi qarşılanıb və baş nazir Nikol Paşinyan seçki kampaniyası dövründə belə təklif irəli sürüb ki, tərəflər öz qoşunlarını güzgü prinsipi ilə sərhəddən geri çəksinlər. Əvəzində ora Rusiya qüvvələri yerləşdirilsin və demarkasiyaya dair danışıqlar başlasın. Azərbaycan tərəfi bu təklifə reaksiya verməyib, rəsmi Bakı “Ermənistan ərazisinə müdaxilə” haqda Yerevandan səslənən bütün ittihamları rədd edir.

Qeqarkunik vilayətinin qubernatoru Qnel Sanosyan isə bildirib ki, sərhədin həmin istiqamətində Rusiya hərbçilərinin yerləşdirilməsi razılaşdırılıb. Onun sözlərinə görə, plana əsasən Ermənistan və Azərbaycan qüvvələri güzgü metodu ilə geri çəkilməlidir. “Rusiyalı həmkarların yerləşdirilməsi üzrə iş aparılır, vəziyyət tənzimlənəcək. Bu, üçtərəfli danışıqların nəticəsidir, paralel proses də gedir”, – qubernator deyib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə deyib ki, onda əlavə informasiya yoxdur. “Qubernatorun dediyindən başqa bir şey yoxdur”, – o vurğulayıb.

Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan bu gün jurnalistlərə açıqlamasında Qeqarkunik vilayətində Rusiya sülhməramlı qüvvələrini yerləşdiriləcəyini təsdiqləyib. Deyib ki, hələlik proses gedir və yekun qərar olan kimi ictimaiyyətə açıqlanacaq.

“Yekun qərar təkcə bizim istəyimizdən asılı deyil, danışıqlar aparılır və orada digər tərəf də iştirak edir”,-Davtyan Rusiyanı nəzərdə tutaraq deyib. O, əlavə edib ki, Rusiya sülhməramlıları Ermənistanın ərazisində yerləşdiriləcək və bu səbəbdən məsələnin Azərbaycan tərəfi ilə razılaşdırılmasına ehtiyac yoxdur.

 

Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin isə bildirib ki, artıq Sünikə, sərhədin problemi hissələrində Rusiya sərhəd postları var.  Lakin o, Qeqarkunik vilayətində də Rusiya hərbçilərinin yerləşdiriləcəyi haqda suala cavab vermək istəməyib, “bir qədər gözləməyi” xahiş edib. “Sonrakı addımlara gəldikdə isə, mən gözələməyə çağırıram”,-səfir deyib.

Qeyd edək ki, Rusiya hərbçilərinin bilavasitə iki ölkə sərhədlərində deyil, Ermənistan ərazisində yerləşdirilməsi müzakirə olunduğundan Azərbaycanın bu danışıqlarda iştirakı və hər hansı razılaşma əldə etməsi barədə məlumat yoxdur. Lakin rəsmi Bakı sərhədlərin demarkasiyasına və delimitasiyasına dair üçtərəfli danışıqların aparılmasına tərəfdardır.