“Ermənistan Qərb xəttini götürsə, ilk yaxınlaşacağı ölkə Türkiyə olacaq" - ZƏRDÜŞT ƏLİZADƏ

Baxış sayı:
428

Ermənistanda keçirilən növbədənkənar seçkinin rəsmi nəticələri elan olundu. Rəsmi məlumata əsasən, Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası seçkilərdə 53,92 faiz, Robert Koçaryanın “Ermənistan” bloku 21,04 faiz, Serj Sarqsyanın və Artur Vanetsyanın “Şərəfim var” bloku isə 5,23 faiz səs toplayıb.

Beləcə, Azərbaycanda da maraqla izlənilən bu seçkinin nəticəsində Paşinyan öz hakimiyyətini qoruyub saxladı.

Muxalifet.az Ermənistandakı növbədənkənar seçkinin nəticələri və bundan sonrakı gözləntilərlə bağlı politoloq Zərdüşt Əlizadənin Azpolitika.info-ya müsahibəsini oxucularına təqdim edir:

- Zərdüşt bəy, Ermənistanda 44 günlük müharibə və məğlubiyyətdən sonra yaranan daxili gərginlik fonunda iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası qalib gəldi. Siz bu nəticəni necə qiymətləndirirsiniz və gözləntiləriniz nədir?

- Rusiya media orqanları və politoloqlarının Robert Koçaryana verdiyi geniş dəstək göz önündə idi. Bəlli idi ki, Rusiya bu seçkilərdə Koçaryana üstünlük verir. Ancaq dərindən düşünəndə Rusiyanın Ermənistan üzərində nəzarət mexanizmi o qədər güclü və səmərəlidir ki, hakimiyyətdə kimin olmasının onun üçün fərqi yoxdur. Ölkə ayaqlarından və əllərindən zəncirlənib.

Açığını deyim ki, mən də seçkidə kimin qalib gələcəyindən əmin deyildim. Bir tərəfdən bilirdim ki, Ermənistanın hakim zümrəsi əsasən rüşvətxor, cinayətlərə bulaşan və erməni xalqının taleyinə biganə yanaşan ünsürlərdən ibarətdir. Bunların da lideri Koçaryandır. Digər tərəfdən erməni hakim zümrəsi Rusiyaya üz tutub və ondan çox şey umur. Lakin erməni xalqının əksəriyyətinin keçmiş prezidentlərdən o qədər zəhləsi gedir ki, imkan düşəndə mütləq onlara qarşı çıxır. Hətta hamının fikrincə, böyük günahlar işlədən və ağır məğlubiyyətə səbəb olan Nikol Paşinyan belə keçmiş erməni prezidentləri ilə müqayisədə xalqın gözündə məqbul namizəd sayılır. Buna baxmayaraq, Paşinyanın qələbə çalacağına əmin deyildim. Bəzi sorğular da bunu göstərirdi. Amma ümid edirdim ki, erməni xalqı öz köklü mənafelərini dərk edəcək və Paşinyana səs verəcək.

Görünür, erməni xalqı müharibələrdən, ölümlərdən və sarsıntılardan bezib, ona görə daha ağlabatan siyasət təklif edən Paşinyana dəstək verdi. Əlbəttə, əvvəlki dövrlə müqayisədə Paşinyana sakit işləməyə imkan verməyəcəklər. Daşnaklar parlamentə qayıdıb və onların Koçaryan kimi liderləri də var. Amma siyasi döyüşlərdə onlar Paşinyana çətin ki, rəqib olsunlar. Çünki Paşinyan açıq siyasi mübarizədən çəkinmir və kimsə ona təsir edəndə, buna cavab olaraq, maksimum dərəcədə həyasızlıq edir. Üstəlik, sabiqləri ittiham etmək üçün onun əlində çoxlu dəlil-sübutlar var. Fikrimcə, Paşinyan baş nazir vəzifəsində əyləşib mövqelərini gücləndirsə, birinci işi buraxdığı səhvləri təkrar etməmək olacaq.

Hazırda Ermənistanın bir dövlət kimi qarşısında duran vəzifə və məqsəd məhkəmə sistemini dəyişməkdir. Məhkəmə sistemi rüşvətxor, həyasız və Rusiyaya bağlı ünsürlərdən ibarətdir. Məhz bu məhkəmə sistemi Rusiyanın dəstəyi ilə Koçaryana qarşı addımları mülayimləşdirdi. Üstəlik, o caniyə qarşı irəli sürülən ittihamın maddəsi ümumiyyətlə cinayət məcəlləsindən çıxarıldı. Odur ki, Paşinyan Ermənistanın gələcəyinə yaxşı təminat qurmaq üçün məhkəmə sistemini dəyişməlidir. Bundan sonra Paşinyan əhalinin ondan gözlədiyi daha dərin islahatlara başlaya bilər.

- Sizcə, seçkini udaraq, parlamentə azı 71 deputatla girən və konstitusiya çoxluğuna sahib olan Paşinyanın bundan sonra Rusiya ilə münasibətləri necə olacaq?

- Seçim yoxdur. Əhali elə proqramlaşdırılmayıb ki, Rusiyadan qopa bilsin. Birincisi, “müasir Ermənistan nədir” sualına cavab tapaq. Bu Ermənistan Rusiyanın layihəsidir. Rusiya zamanında Yaxın Şərqdən erməniləri toplayaraq özünün işğal etdiyi ərazilərdə yerləşdirib və onlara dövlət yaradıb, sənaye, elm və təhsil müəssisələri qurub. Bu mənada Rusiya olmasaydı, Ermənistan adlı dövlət də olmayacaqdı.

İkincisi, 1960-cı illərdən başlayaraq, Rusiyanın xüsusi xidmət orqanları, alimləri, casusları və s. erməni məfkurəsinin formalaşması üzərində ciddi işləyib. Yəni xəstə erməni məfkurəsi, erməni tarixi və erməni ideologiyası yaradılıb. Bu, erməni xalqı üzərində nəzarət baxımından ən güclü mexanizmdir. Üstəlik, Qarabağ münaqişəsi.

10 noyabr bəyannaməsinin əsas məqsədlərindən biri də Dağlıq Qarabağı sübyekt kimi saxlamaq idi. Bunun tanınıb-tanınmaması vacib deyil, əsas odur siyasi oyunun bir halqası kimi Dağlıq Qarabağ ruslara imkan verir ki, Azərbaycan və Ermənistana təzyiq edə bilsin, onları nəzarətdə saxlasın və s. Həm də bu oyunda iştirak faktı ilə Avropa və ABŞ-ı da şirnikləndirsin. Belə şəraitdə də erməni xalqının beyni “Qarabağ”, “böyük Ermənistan” kimi əsassız fikirlərlə zəhərlənib.

Bəli, indi onlar bir qədər oyanıblar, xeyli sayda erməni peyda olub ki, açıq şəkildə belə xəstə təxəyyüldən xilas olmağın zamanının çatdığını deyirlər. Azərbaycan və Türkiyə ilə insani münasibətlərin qurulmasının vacibliyini bildirirlər. Ancaq milli radikallar buna imkan vermir. Onlar ağıllı və savadlı insanlarla müqayisədə daha fəaldırlar. Onlar milli müstəsnalığın tərəfdarlarıdır və bu xəstə ideyaları müdafiə edirlər. Odur ki, Rusiyanın Ermənistana təsir etmək üçün fərdi, siyasi, iqtisadi və mənəvi alətləri çox güclüdür. Paşinyan sözsüz ki, addım-addım Ermənistanı Rusiyadan qoparıb Qərbə yaxınlaşdırmağa çalışacaq. Ancaq bu da mürəkkəb və incə əməliyyatdır. Və əgər Ermənistan Qərb xəttini götürsə, ilk yaxınlaşacağı ölkə Türkiyə olacaq.

- Revanşistlərin və millətçilərin lideri statusunda olan Koçaryan parlamentə 29 deputatla gedəcək və üstəlik, ona 280 minə qədər seçici səs verib. Bu da Ermənistan üçün kiçik elektorat sayıla bilməz. Bu baxımdan revanşistlərin perspektivinə necə yanaşırsınız?

- Ciddi rəqəmdir. Bu rəqəm göstərir ki, erməni xalqı içərisində Rusiya hərbçilərinin paltarlarına, çəkməsinə, rus şillə və təpiyinə həsrət olan, habelə müstəqillik və haqq-ədalət təsəvvürü olmayan xeyli sayda insan var. Xeyli sayda erməni məmuru var ki, onlar Ermənistan prezidentinin qatil və oğru olmasını adi hal sayırlar. Bu, erməni cəmiyyətinin əslində şərq məfkurəsinin əsiri olduğunu göstərməklə yanaşı, demokratiya, insan haqları, şərəf və ləyaqət, vətəndaş azadlığı kimi fikirlərə qarşı olan rəqəmdir. Bunlar həmin insanlardır ki, erməni xalqının gələcəyini düşünmürlər.

Koçaryana səs verənlər keçmiş siyasətin davam etdirilməsini istəyənlərdir. Yəni, Azərbaycan və Türkiyə ilə düşmənçilik və Rusiyadan asılılığın artmasını istəyirlər. Əlbəttə ki, bu, ciddi rəqəmdir. Ancaq yenə də seçicilərin əksəriyyəti keçmiş və səmərəsiz xətti rədd edərək Paşinyana səs verdi.

Əslində, Robert Koçaryanın seçki dövrü səsləndirdiyi fikirlərin səfehliyi şübhə yaratmırdı. Hiyləgərliklə deyirdi ki, Hadrut və Şuşanı qaytaracağam, amma müharibə yolu ilə yox. Guya diplomatik yolla edəcək. Hansı tilsimlə o, İlham Əliyevi buna razı sala bilər? Mümkün olan şey deyildi. Deməli, erməni xalqına açıq yalan danışırdı. Belə bəyanatlarla özünün səviyyəsiz və yalançı olduğunu göstərirdi. Çox istəyirdi hakimiyyətə qayıtsın. Rusiya da ona söz vermişdi, ancaq alınmadı. Erməni xalqı göstərdi ki, müəyyən mənada öz xeyrini anlayır. İstəmədi ki, yenidən bəlaya düşsün, başına fəlakətlər gətirən adamın hakimiyyətə yolunu açsın. Amma dediyiniz kimi, 29 deputat və 280 minə qədər seçici ciddi rəqəmdir və buna diqqətsiz yanaşmaq olmaz.

- Nikol Paşinyan erməni xalqından hakimiyyətini davam etdirmək üçün “dəmir mandat” aldı. Bundan sonra ondan Qarabağ, Zəngəzur dəhlizi, regionda kommunikasiyaların açılması kimi istiqamətlərdə addımlar gözləmək olarmı?

- Paşinyan çalışacaq ki, ilk əvvəl Ermənistanı iqtisadi asılılıqdan xilas etsin. İndi Ermənistan iqtisadi-sosial baxımdan uçurumun kənarındadır. Onun komandasında olan İqtisadiyyat naziri açıq demişdi ki, yollar açılmasa, bazarlara çıxış yolu olmasa, bizi ağır iqtisadi böhran gözləyir. Paşinyan çalışacaq ki, Zəngəzur məsələsini həll etsin, ikitərəfli münasibətlər üçün addımlar atsın. Bunu indi və birbaşa etməyəcək. Yeni baş nazir kimi mövqelərini bərkidəcək. Yeni Nazirlər Kabinetini formalaşdıracaq, parlamentdən dəstək alacaq və bundan sonra xalqın adı ilə erməni xalqına xeyirli olan siyasi addımlar atmağa başlayacaq. O cümlədən iqtisadiyyatın dirçəldilməsi, korrupsiyaya qarşı əməli mübarizə, Azərbaycanla münasibətlərin yaxşılaşdırılması, Türkiyə ilə açılım və s. Və bütün bu addımlar kontekstində Rusiyaya sədaqət nümayişi sərgiləyəcək. Əminəm ki, ordunun bərpası, onun qurulması və qisas almaq cəhdləri olmayacaq. Ermənistanın orduya xərcləmək üçün növbəti milyardları yoxdur. Bu milyardlar sənayenin, iqtisadiyyatın, kənd təsərrüfatının qurulmasına, əhalinin güzəranın yaxşılaşdırılmasına getməlidir.

- Sizcə, Rusiya Ermənistanda keçirilən seçkidən razı qaldımı?

- Prinsipcə, razı qalmadı, ancaq öz adamının hakimiyyətə gəlişi üçün də əlindən gələni etdi. Koçaryana imkan verdi ki, açıq mətnlə Putinin dostu olduğunu desin. Nəzərə alaq ki, Rusiyada “mən Putinin dostuyam” deyən adamları dərhal cəzalandırırlar. Putin hamıdan yüksəkdədir, heç kimin dostu ola bilməz. Ona əyilən, qarşısında təzim edən insanlar ola bilər, amma onun dostu ola bilmək icazə ilədir. Əslində, Lavrov da, Şoyqu da və digərləri də onun dostudur, amma onların arasında “mən Putinin dostuyam” deyən yoxdur. Bir neçə nəfər “biz Putinlə dostuq” demişdi və o saat da cəzalandırılmış, hakim zümrədən kənara atılmışdı. Bax, Koçaryana belə söz deməyə imkan verdilər. Açıq şəkildə rus mediası Koçaryanın xeyrinə işlədi. Hətta feyk xəbərlər yaydılar ki, Koçaryan qələbənin bir addımlığındadır. Amma seçki göstərdi ki, belə şey yoxdur. Rəqəmlər həqiqəti əks etdirir və bu, Koçaryanın hakimiyyətə qayıtmasına imkan yaratmır.

- Seçkidə iştirak edən əsas qüvvələr indiyə qədər seçkinin nəticələrini tanıdıqlarına dair bəyanat yaymayıblar. Bu, mümkün qarşıdurmanın anonsu ola bilərmi?

- Fərq o qədər böyükdür ki, onların bu nəticələrə qarşı çıxacağını ehtimal etmirəm. Əlbəttə, onlar Moskvadan təlimat alsalar ki, başlayın etiraza, bu halda ortaya çıxa bilərlər. Ancaq Rusiya onlara belə təlimatı o zaman verə bilər ki, paralel olaraq, erməni ordusuna da çevriliş etmək əmrini versin. Bu çevriliş isə Ermənistan üçün növbəti məğlubiyyət olacaq, həm də gələcək üçün problemlər yaradacaq. İndi Rusiyanın imkanı yoxdur ki, Ermənistanı saxlasın. Rusiya ümid edir ki, Ermənistanı həm də Qərb dolandıracaq. Qərb isə çevriliş yolu ilə hakimiyyətə gələn hökuməti heç vaxt dəstəkləməz. Bu mənada güman edirəm ki, İrəvandakı ABŞ və İngiltərə səfirlikləri dolayı yolla Serjiklə Robikə çatdırıblar ki, özünüzü yaxşı aparın, əks halda sizi qəbul etməyəcəyik. Ümid edirəm ki, onlar aranı qarışdırmaq haqqında düşünməyəcək.

- Zərdüşt bəy, Ermənistanda son seçkilər daha bir vacib məqamı ortaya çıxarıb. Bu da onunla bağlıdır ki, erməni seçicilərin 50 faizi seçkilərə gəlməyib. Sizcə, bu, ciddi rəqəm deyilmi və günün birində Paşinyanın əleyhinə yönəlməyəcəkmi?

- Mən rəqəmlər üzərində düşünməyi və təhlil etməyi bacarıram. Əvvəla, 50 faiz göstəricisinə diqqət etmişəm, eləcə də oturub erməni kanallarına baxmışam. Görmüşəm ki, əhalinin seçki fəallığı yüksəkdir. Ancaq niyə seçkidə iştirak rəqəmi aşağıdır? Bu rəqəmin aşağı olması Ermənistanın rəsmi statistikasının yalan olması ilə izah oluna bilər. Demək istəyirəm ki, Ermənistanda o qədər sakin və seçici yoxdur. Olanların da 70-80 faizi seçkiyə gəlib. Qalanları isə gələ bilməzdi. Çünki bir hissəsi xarici ölkələrdədir. Rəsmi olaraq Ermənistan vətəndaşları olsalar da, Rusiyada, Ukraynada, ABŞ-da və Avropada yaşayırlar. Ermənistan onlar üçün vətən olub, lakin qaçaraq başlarını bu dəlixanadan xilas ediblər. Yəni Ermənistanda bu qədər seçici yoxdur. İki milyon 600 min seçici hardandır? Özləri deyirlər ki, 2,9 milyon əhalimiz var. Bunun da 2,6 milyonu seçicidir. Uşaqların da sayı 250-300 mindir. Bu, hansı məntiqə sığır? Başqa sözlə, Ermənistanda 2 milyondan az əhali yaşayır, onların da 80 faizə qədəri seçkidə səs veriblər. Göstəriblər ki, indiki ağır, alçaldıcı vəziyyəti istəmirlər. Paşinyana da səs veriblər ki, bu vəziyyətdən xilas olsunlar. Bu qədər sadə.

Rasim Əliyev