"DÖVLƏT ŞİRKƏTLƏRİNİN XƏRCLƏRİ ÇOX ŞİŞİRDİLİR..." - Ekspert hökumətin "vəsaitimiz çatışmır" açıqlamasını gülməli hesab edir

Baxış sayı:
4508

2021-ci ilin yola salınan doqquz ayında Azərbaycan Dövlət Neft Fondunun (ADNF) büdcə gəlirləri 10 mlrd. 444.5 mln., xərcləri isə 7 mlrd. 328.2 mln. manat təşkil edib. Fondun büdcəsində 3 mlrd. manatdan çox profisit (neft bahalaşıb və sairə…) yaranıb.
Bu barədə ADNF-nin məlumatında bəhs edilir. Bildirilir ki, ondan dövlət büdcəsinə 7 mlrd. 309.7 mln. manat vəsait daxil olub. Ötən ilin məlumatına görə isə, Fond həmin dövrü 3 mlrd. 64.5 mln. manat defisitlə başa vurmuşdu.
Rəsmi məlumata görə, profisit Azərbaycan dövlət büdcəsində də yaranıb. 2021-ci ilin yanvar-sentyabr aylarında profisitin həcmi 159.7 mln. manata çatıb. 9 ayda dövlət büdcəsinin gəlirləri 17 mlrd. 871.6 mln. manat, xərcləri isə 17 mlrd. 711.9 mln. manat proqnozlaşdırılıb.
Təbii qaz bahalaşmaya bilərdimi?
 
Hökumət o pulla nə etməli
 
Belə olan halda hökumət artıq vəsaitin taleyini necə həll etməlidir? Ehtiyat artırılmalı, yoxsa həmin vəsait cari problemlərə yönəldilməlidir?
Bəzi ekspertlərə görə, kommunal xidmətlər bahalaşdığından əmək haqlarının artırılmasını gələn ilə saxlamaq olmaz və həmin vəsaitdən istifadə olunmalıdır.
Bu suallara, hələlik, Maliyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma nazirliyin məlumatına görə, bu ilin 9 ayında sosialyönümlü xərclər dövlət büdcəsinin faktiki xərclərinin 43.2 faizini təşkil edib. Nazirlikdən vurğulandığına görə, bu, 7 mlrd. 655.2 mln. manat olmaqla ötən ilin eyni dövrü üzrə həmin xərc əməliyyatlarını 6.7 faiz üstələyib.

"Bu məsələni çox ciddi müzakirə edəcəyik"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə "Turan"a bildirib ki, cavabdeh rəsmi qurumlar kommunal xərclərin artmasını maya dəyərinin bahalaşması və abunəçi sayının çoxalması ilə izah ediblər: "Onlar hər dəfə Tarif Şurasının qarşısında qiymətlərin artımı ilə bağlı məsələ qaldıranda deyirlər ki, hər il dövlət büdcəsindən dotasiya alırdılar, indi dotasiyanı istəmirlər, qoy dövlət onu öz sosial siyasətində istifadə etsin, onlar isə qiymət artımı hesabına öz xərclərini ödəyəcəklər".
 
Deputatın sözlərinə görə, belə olan halda həmin qurumlara dövlət büdcəsindən verilən dotasiyalar aztəminatlı vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilə bilər: "Nəzəriyyədə bu, mümkündür. Digər tərəfdən isə, bu, praktikada nə dərəcədə mümkün olacaq? Düşünürəm ki, biz bu məsələni çox ciddi müzakirə edəcəyik. Əgər həqiqətən də kommunal xidmətlərin maya dəyəri ilə satış qiyməti arasında olan fərq dövlət büdcəsindən ödənilməyəcəksə, onda bunun həlli mümkün olacaq".
 
"Xərclər çox şişirdilir"

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, əmək haqlarının, pensiya və müavinətlərin artırılması üçün Azərbaycanda çox ciddi əsaslar var: "Heç kəs düşünməsin ki, Azərbaycan dövlətinin pulu yoxdur. Neft Fondunda 51 milyard pulumuz var. Bunun idarə olunmasından əlavə milyardlar qazana bilirlər. Vəsaitləri şəffaf idarə etsələr, yaxud da gizlətməsələr, böyük mənbələr elə oradadır".
 
Onun fikrincə, xərclər çox şişirdilir: "Çox böyük mənbələr dövlət şirkətlərinin şişirdilmiş xərclərindədir. Xərclər çox şişirdilir. Şəffaflığı təmin etmək hesabına çox iri maliyyə vəsaitlərinə yiyələnmək mümkündür. Bu mənbələrin hamısı sosial təyinatlı xərcləri maliyyələşdirmək üçün əlavə pul mənbəyidir".
 
"42 faiz bahalaşıb"

O qeyd edib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ölkələrə satdığı neft və qeyri-neft məhsullarının qiyməti 42 faiz qalxıb: "Bu dövrdə ixracın həcmi 12.7 milyard olub. Yəni, yalnız ixrac etdiyimiz məhsulların bahalaşmasından 5.3 milyard manat qazanc götürmüşük".
 
'Premium' benzinlə çörək niyə eyni gündə bahalaşdı?
 
İqtisadçının vurğulamasına görə, xaricdən idxal edilən malların ölkədaxili bazarlarda bahalaşmasından da səkkiz ayda 2.4 mlrd. manat gəlir götürülüb: "Bu iki istiqamət üzrə 7.7 milyard manat təmiz qazanc əldə edilib. Bu vəsait sosial xərclərin maliyyələşdirilməsi üçün çox böyük məbləğ hesab olunur. Ona görə də "vəsaitimiz çatışmır" kimi açıqlamalar gülməlidir".