AZƏRBAYCANA QARŞI BÖYÜK OYUN! – Rusiya-İran-Ermənistan “üçlüyü” Gürcüstanı da ölkəmizə qarşı xain planda yer almağa həvəsləndirirlər...

Baxış sayı:
617

Sentyabrın ortalarında Tacikistanda keçirilməsi planlaşdırılan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində İranın üzvlüyə qəbulu prosedurasında başlanacaq. Tehran bu təşkilatda 2005-ci ildə müşahidəçi statusu əldə etmişdi, 2008-ci ildə isə bura tamhüquqlu üzv olaraq qəbul olmaq üçün müraciət etmişdi. Nəhayət, 15 ildən sonra İran Çinin patronajı olduğu təşkilata Pekinin ən yaxın müttəfiqi qismində qatılmaq üzrədir.

Qafqaz.media xəbər verir ki, ŞƏT çərçivəsində Ermənistan da “dialoq üzrə tərəfdaş” statusuna malikdir. Amma şübhəsiz ki, Tehran ŞƏT-in “tamhüquqlu üzvü” statusunun əldə edilməsi məqsədilə növbəti səviyyəyə keçmək üçün çalışacaq. ŞƏT-in üzv ölkələrin qarşısında qoyduğu rəsmi öhdəliklər kimi Avrasiya məkanında sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın və tərəfdaşlığın, elmi və mədəni münasibətlərin inkişafı bəyan olunub. Çinin böyümə tempini göz önündə tutsaq, Pekinin ŞƏT-in perspektivini Avropa Birliyi tipli siyasi-iqtisadi birliyə çevirməsinə çalışacağı aydınıdr.

2021-ci il sentyabrın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstana səfərində iqtisadi projelərlə bağlı 2 əsas məqam diqqəti cəlb etdi:

Birincisi, Paşinyanın “Ermənistanın Rusiya və İranla dəmir yolu əlaqəsi qurması son dərəcə vacibdir. Bu məsələnin üçtərəfli formatda (Ermənistan, Rusiya, Azərbaycan) həlli üçün kommunikasiyaların açılması məsələsi müzakirə olunur. Bakının Naxçıvanla da əlaqə qurmaq istədiyini anlayaraq, konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq”, - açıqlaması idi ki, bu da ictimaiyyətə İrəvanın nəhayət, kommunikasiyaların hərtərəfli açılmasına müsbət yanaşması siqnalını ötürmək məqsədi daşıyırdı.

İkinci və Ermənistanla tərəfdaşları üçün daha önəmli mesaj “Həm İran, həm də Gürcüstanla müzakirə olunan məsələlərin gündəliyində regional kommunikasiyaların inkişafı mövzusu ciddi rol oynayır və bu kontekstdə Şimal-Cənub layihəsinə önəm verirəm”, - açıqlaması idi. Hansı ki, İrəvanla müttəfiqləri üçün də əsas önəm daşıyan bu sözlər idi.

İndi gələk bu açıqlamaların necə anlaşılmalı olduğuna. Əvvəlcə onu deyək ki, ötən həftə Rusiya XİN başçısı Sergey Lavrovun Paşinyanın səfəri öncəsi “qəfildən” Gürcüstana isti mesajlar ünvanlaması təsadüf ola bilməz. Zamanda bir az daha irəli getsək, erməni baş nazir N.Paşinyanın yay tətili üçün Soçini seçməsi də sıradan seçim deyildi. Rusiyadakı erməni lobbisinin çoxdan “dövlətüstü” quruma çevrildiyi hamıya məlumdur və Soçi “Rusiya Ermənistanı”nın “paytaxt”ını təmsil edir. Paşinyanın da yay tətili adı altında Soçiyə - “Rusiya Ermənistanının paytaxtı”na erməni qəbilədaşları ilə “erməniliyin planları məsləhətləşmələrinə” qatılmaq üçün getməsi daha ağlabatan variantdır.

Qayıdaq Lavrovun “qəfildən qabaran Gürcüstan sevgisinə”. İlk öncə Lavrov, "Gürcüstana gəlincə, praktiki olaraq heç bir əlaqəmiz yoxdur. Lakin onlar, mahiyyətcə Tiflisin təşəbbüsü ilə dağıdıldı", - sözləri ilə Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin olmadığından "peşmançılıq duyduğunu" ifadə etdi. 2008-ci il avqust müharibəsindən və Gürcüstanın Abxaziya ilə Tsxinvali bölgəsinin Rusiya tərəfindən işğalından sonra nə baş verdiyinin, eləcə də Rusiya-Gürcüstan münasibətlərinin pisləşməsinin səbəbinin məhz bu işğal olduğunun üstündən diplomatik şəkildə keçdi. Lavrov onu da dedi ki, Moskva dəfələrlə Gürcüstanla diplomatik əlaqələri bərpa etməyə hazır olduğunu bildirib. Ancaq hansı şərtlərlə - Lavrov əvvəllər də Gürcüstanın "mövcud reallıqları tanımalı" olduğunu və Abxaziya ilə Tsxinvali bölgəsindən əl çəkməli olduğunu söyləmişdi. Bundan başqa, Sergey Lavrov Gürcüstanla vizasız rejimi bərpa etmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya və Gürcüstanın qarşılıqlı maraq dairələri var. Moskva Tiflisin əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. "Turist axını var, xalqımız Gürcüstana getməyi sevir, mən özüm bu ölkəni çox sevirəm", Lavrov dedi.

Burada bir məqamı vurğulamaq yerinə düşər ki, “vizasız gediş-gəliş rejimi”nə Gürcüstanla-Rusiya arasında maneənin qaldırılmasından çox, Moskvanın Tiflisi  öz orbitinə salmasının nüansı kimi də baxmaq olar. Yaxud da ilk pillə kimi...

Lavrovun Gürcüstana daha çox pislik etmək üçün göstərdiyi cəhdlər ilə onun "sevgi" mesajları “qara ironiya”dır və bir-birinə daban-dabana ziddir. Lavrov Rusiyadakı erməni lobbisinin rəhbəri kimi əlindən gələni edir ki, gürcü qaçqınlar Abxaziya və Tsxinvaliyə qayıtmasınlar. Üstəlik, Cənubi Qafqazdakı “separatçı rıçaqları”nın əlləriylə terrorçu meylləri dəstəkləyir. Onlardan biri Moskva dövlət institutunun politologiya kafedrasının professoru Andranik Miqranyandır. Lavrov erməni lobbisinin rəhbəri olaraq həmin A.Miqranyanı Abxaziyaya minimum 300 min erməni köçürməsi üçün təlimatlandırır. Yəni Abxaziyanı de-fakto “erməni yurdu”na çevirir. Maraqlıdır, Lavrov Gürcüstana sevgisini onu parçalayaraqmı ifadə edir?

Paşinyanın Soçi gündəliyinin davamı kimi reallaşdırdığı Tiflis səfərinin məqsədi, Tiflisi Ermənistandan keçməklə "alternativ dəhliz"ə şirnikləndirməklə, Gürcüstanın Azərbaycan və Türkiyə ilə hazırda çalışan nəqliyyat tərəfdaşlığını məhv etməkdir. Əlavə bonus kimi isə Moskva-Tiflis münasibətlərin yumşaldılması çıxış edir. Əlbəttə, Gürcüstanın Abxaziyanı, həm də Tsxinvalini qaytarmaqdan “vaz keçməsi” şərti ilə.

Burada İrəvanın əsas siyasi qazancı Tiflisi “Fars körfəzi-Qara dəniz” koridorunun geosiyasi-geoiqtisadi perspektivinə, realizasiyasına razı salaraq, Zəngəzur dəhlizinin gələcəyinin olmamasına inandırmaqdlr. Gürcüstanı Zəngəzur dəhlizinin reallaşacağı təqdirdə, tranzit potensialını itirməklə yola gətirmək, Tiflisi Azərbaycan-Türkiyə tandemində iştirakdan daşındırmağa cəhd olunur.

Erməniçilik bu gedişlə “bir daşla bir çox quş” vurur. Həm Çin-İran ittifaqına bu iki ölkənin himayəsini alaraq dəstəkənməyi, həm Gürcüstanı Azərbaycan-Türkiyə müstəvisindən qoparmaq, yaxın gələcəkdə yəqin ki, Borçalıda yaşayan soydaşlarımıza qarşı kimlərisə provokasiyaya itələmək, beləliklə Tiflisi yalnızlaşdırmaq, Zəngəzur koridoru planını xüsusilə İranın səyləri ilə “suya düşürmək”. Bir halda ki, Paşinyan İran-Çin-Ermənistan beyin fırtınasının məhsulu olan Fars körfəzi-Qara dəniz dəhlizi planını ilə Zəngəzur dəhlizinin işə düşməsini əngəl kimi çıxarır, o zaman düşünə bilərik ki, Bakı ilə Ankaraya verilən pozitiv mesajların ardında nə məqsəd dayanır? Vaxt qazanmaq, Bakı ilə Ankaranı oyalamaq, vaxtı uzada-uzada, kommunikasiyaların açılacağı vədlərini davamlı verə-verə əl altdan Tiflisi fars-erməni dəhlizinə inandırmaqla Azərbaycanala Türkiyəni fakt qarşısında qoymaq.     

Erməni tərəfinin bonusları siyahısında Gürcüstanda limanların, “qədim erməni yurdu”na çevrilməsi tamamlanmaq üzrə olan Abxaziyanın sərhəddindəki Anaklia limanının tikintisi, yenidən qurulması, modernləşməsi üçün investisiya vədi də var. Əlbəttə, bunun altında Rusiya XİN rəhbəri Lavrovun ideyası yatır. Belə ki, hələ 2020-ci ilin 12 yanvarında Gürcüstanın Çin tərəfindən gerçəkləşdirilən Anaklia limanı projesini ləğv etməsi haqda mediada xəbərlər yayınlanmışdı. Çox güman ki, bu qərar ABŞ-ın istəyi ilə verilmişdi. Bu projenin tamamlanması Tiflisin Çin nüfuzuna girməsi, Vaşinqtonun da bundan məmnun olmaması anlamına gələrdi. Əslində, bu proje üzdə Çinlə müttəfiq olan Moskvanın da maraqlarına cavab vermir, çünki o Güney Qafqaz və Gürcüstanı yüksələn Çin-Yeni İpək Yolu yox, Avrasiya İqtisadi Birliyinin yayılma sahəsi kimi görür. Amma iş burasındadır ki, S.Lavrov Rusiya XİN rəhbəri olmaqla yanaşı, hətta ondan daha çox Rusiya erməniliyinin rəhbəridir. Hadisələrə də bu gözdən baxır, prosesləri də bu kontekstən idarə edir.  

İkinci Qarabağ müharibəsindən sonra oradan İrəvana gedən erməni axını üzünü çoxdan Abxaziyaya çevirmişdir, gürcü qaçqınlarının evlərini, mənzillərini və torpaqlarını məskunlaşdırmaqdadır. Hazırda burada abxazların özlərindən qat-qat çox erməni var və təbii ki, erməni millətçiləri gürcü qaçqınların evlərinə qayıtmasından danışmaq belə istəmirlər.

İran-Ermənistan-Gürcüstan (Anaklia) dəhlizi Abxaziyanın işğaldan çıxarılmaması və onu Gürcüstanın tam itirməsi demək olacaq. Ermənistan isə nəinki Qara dənizə, həm də indiki erməni Abxaziyasına, ardınca isə Rusiya Ermənistanına-Krasnodar, Soçiyə qədər uzanan birbaşa tranzit əldə edəcək. Hələlik de-yure olmasa da, de-fakto “Böyük Ermənistan” planının mühüm qismi tamamlanmış olacaq. İran da “istəkli böyük Ermənistanına” qonşu olacaq. Şəxsən Lavrov ermənilərin təmsilçisi olaraq.

Təbii ki, Ermənistanın İran-Ermənistan-Gürcüstan-Avropa dəhlizi üçün öz pulu yoxdur. Çin onun üçün ideal "sponsor" olar. Erməni lobbisinin Çin və İranı Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin həyata keçirilməsinə cəlb etməyə çalışdığı barədə məlumatlar var. Ermənistan bu layihənin fəal dirijoru oldu və Çinin belə bir dəhliz üçün pul ayıracağına ümid edir. Unutmamalıyıq ki, Fransanın da Qafqazda möhkəmlənmək arzusu var. Fransanın İranla fəal əlaqələri var, hətta Ermənistanla da münasibətlərin səviyyəsi hərbi-siyasi ittifaqla müqayisə edilə bilər. Yadda saxlamaq lazımdır ki, Çin artıq İranın bölgədəki əsas hərbi-siyasi müttəfiqi oldu. Yeri gəlmişkən, burada mütləq qeyd etmək vacibdir ki, Azərbaycanın Astara-Rəşt dəmiryolu üçün İrana verdiyi 500 milyon maliyyəni Tehranın çıxış yolu kimi Ermənistan-İran dəmir yolunun salnmasına sərf etməsini də gözləmək olar. Bu, Azərbaycana edilmiş “böyük fırıldaq” olar... İran edərmi? Əlbəttə, edər! Azərbaycanın Qarabağı işğaldan azd etməsinə cürbəcür badalaq vuran, istəkli ermənilərinə gah silah, gah yanacaq yollayan İran nələr etməz....