"Artsax" dəfn olunur: Araik Rusiyada özünə sığınacaq axtarır

Baxış sayı:
499

Ermənistan əhalisi Xankəndi və ətraf bölgədən ermənilərin ölkəyə gəlişinə etiraz edirlər; İndi bölgədəki ermənilər üçün ən sərfəli variant Azərbaycan vətəndaşı statusunu qazanmaqdır...

Muxalifet.az-ın musavat.com-a istinadla məlumartına görə, Cənubi Qafqazda olduqca hərəkətli bir dövr yaşanır. Bu regionda 30 il davam etmiş geopolitik durğunluq artıq keçmişdə qalıb. Və hazırda yalnız region xalqlarının deyil, ümumiyyətlə, bölgənin gələcək taleyini müəyyən edəcək proseslər başlayıb.

Cənubi Qafqazın inkişaf perspektivləri qarşısında duran "erməni faktoru" öz əhəmiyyətini itirmək üzrədir. Regionda yeni reallıqlar və geopolitik çağırışlar Cənubi Qafqazda strateji maraqları olan nəhəng dövlətlərin öz siyasi kurslarına dəyişiklik etməsinə yol açıb. Və bu, "erməni faktoru"nun istifadə müddətinin sona çatmasına səbəb olub.

Ermənistanın böyük ümidlər bəslədiyi Rusiya öz regional siyasətində bu faktorun iştirakından imtina etmiş kimi görünür. ABŞ və Fransa rəsmi İrəvana yalnız vədlər verməklə məşğuldur. Bundan artığına isə nə Ağ Evin, nə də rəsmi Parisin gücü çatmır. Və yaxın vaxtlarda bu iki həmsədr ölkənin Cənubi Qafqaz üzrə siyasəti kurs formalaşdırılmasına ehtiyac duymayacaqları qətiyyən istisna deyil.

Məsələ ondadır ki, Rusiya və Türkiyə bu regionda əsas oyunçu statusunu öz öhdələrinə götürüblər. Hər iki dövlət bu regiona hansısa başqa ölkənin müdaxiləsini ortaq şəkildə bloklamaq niyyətində olduqlarını qətiyyən gizlətmirlər. Və bu, Ermənistanın geopolitik blokadasını daha da dərinləşdirir.

Digər tərəfdən, Cənubi Qafqazın lider dövləti statusunu özü üçün təmin edən Azərbaycan regionda əsas siyasi iradə sahibidir. Rusiya da daxil olmaqla, bu regionda maraqları olan istənilən dövlət rəsmi Bakı ilə yaxşı münasibətlər qurmağa məcburdur. Və belə geopolitik düzən Ermənistanı Azərbaycandan asılı vəziyyətə salır.

Məsələ ondadır ki, Cənubi Qafqazın gələcək geopolitik düzəni məhz rəsmi Bakının dəstəklədiyi münasibətlər sistemi ilə müəyyən edilir. Rəsmi Bakı isə Türkiyə ilə ortaq olaraq, "3+3" formatında israrlı mövqe tutur. Və bu format Rusiyanın da geopolitik maraqlarına uyğun olduğundan Kreml də həmin modeli dəstəkləyir.

Maraqlıdır ki, Kreml Azərbaycan-İran gərginliyinə məhz Rusiyanın mənafeyi üzərindən yanaşdı. Məlum oldu ki, Azərbaycanın toxunulmazlığı Rusiya üçün də prioritet məsələdir. Ona görə də, rəsmi Tehrana "həddini bil, qırmızı cizgiləri keçmə" mesajı verildi.

Hətta Kreml Azərbaycan və Türkiyənin ortaq təklifi olan "3+3" formatına qoşulmağı məsləhət gördü və bu modelin mümkün qədər tez bir zamanda işə salınmasına üstünlük verdiyini vurğuladı. Və Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa prosesinə qoşulmağa hazır olduğunu açıq mətnlə bəyan etməklə, gələcək geopolitik prioritetlərini qətiləşdirdi.

Bütün bunlar rəsmi İrəvanın regionda "erməni faktoru"nun artıq öz əhəmiyyətini itirdiyini anlaması üçün tamamilə yetərlidir. Son baş verən olaylar Paşinyan hakimiyyətinin bu reallıqla barışmaq üzrə olduğunu biruzə verməkdədir. Hər halda, rəsmi İrəvan bəzi məsələlərə münasibətdə daha əvvəlki kimi israrlı davrana bilməyəcəyinin fərqindədir.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan cəmiyyətində də yeni geopolitik situasiyanın rəsmi İrəvanı seytnota saldığını anlayanlar olmamış deyil. İtirilən hər günün Ermənistan dövlətçiliyini təhlükə altına saldığını artıq daha aydın dərk etməyə başlayıblar. Və bunu ən təhqiramiz tonda etiraf etməklə yanaşı, yaranmış vəziyyətə görə Paşinyan hakimiyyətini suçlayırlar.

Müxalif mövqeli erməni siyasətçi Aşotyan ermənilərin artıq xalq deyil, sadəcə, bioloji varlıq olduğunu vurğulayıb: "Ermənilərin artıq dövləti yoxdur. Bu, mübahisə edilməyəcək faktdır". Bir erməni siyasətçinin bu cümlələr qura bilməsi ümidsizliyin səviyyəsini göstərir. Çünki onun fikrincə, Ermənistan BMT-nin dövlətlər siyahısında Argentina və Avstraliya arasında əlifba üzrə yer alan siyasi anlaşılmazlıqdan başqa bir şey deyil.

Erməni siyasətçi öz fikrini dövlətin millətlər tərəfindən yaradıldığını vurğulamaqla, izah etməyə çalışır: "Erməni milləti artıq yoxdur, deməli, Ermənistan dövləti də mövcudluğunu dayandırıb. Bunun əvəzində Ermənistan adlı ərazidə bioloji varlıq kimi yaşayan erməni əhalisi var".

Təbii ki, ermənilər öz uydurma dövlətlərinin durumunu hamıdan daha yaxşı bilirlər. Belə pessimist əhval-ruhiyyə Ermənistanın dövlət olaraq, yox olma mərhələsinə girdiyini göstərir. Və bu baxımdan, indi rəsmi İrəvanın qarşısında duran əsas vəzifənin məhz Ermənistanı qorumaqdan uzağa gedə bilməyəcəyi qətiyyən şübhə doğurmur.

Belə anlaşılır ki, indi Paşinyan hakimiyyətinin "Artsax" hoqqabazlığını davam etdirmək şansı demək olar, qalmayıb. Yəni, bu hoqqabazlıq artıq sona çatmaq üzrədir. Xüsusilə də, rəsmi İrəvan bu mövzuda bütün təsir mexanizmlərini itirmiş durumdadır.

Məsələ ondadır ki, son vaxtlara qədər rəsmi İrəvan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə yaşayan ermənilərə yalnız İranın sayəsində dəstək verirdi. Belə ki, İran şirkətləri bu bölgəyə gündəlik ehtiyac mallarını daşımaqla, ermənilərin orada duruş gətirməsini təmin edirdi. Ancaq rəsmi Bakının son addımları erməni separatizminin son "qala"sını da uçurtmaq üzrədir. Və artıq İranın Xankəndi ermənilərinə dəstək yolu kəsilib.

Digər tərəfdən, rəsmi İrəvanın ümidlərinin əksinə olaraq, İran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq məcburiyyətində qalıb. Rəsmi Tehran İran şirkətlərinə Xankəndi və ətraf bölgədə fəaliyyəti qadağan edib. Və bu bölgənin tam blokadası anlamına gəlir.

Düzdür, Rusiya bölgəyə müəyyən yüklər daşıyır. Ancaq Kreml bu bölgədə yaşayan ermənilərin bütün ehtiyaclarını təkbaşına öz öhdəsinə götürmək niyyətindən də uzaqdır. Üstəlik, bu, rəsmi Bakının sərt etirazlarına səbəb olduğundan Azərbaycan-Rusiya münasibətlərini də gərginləşdirə bilər. Halbuki, Kreml hazırda regionda əsas strateji tərəfdaşı olan Azərbaycan ilə problemlər yaşamaqda qətiyyən maraqlı deyil.

Deməli, indi bölgədəki ermənilər yalnız Ermənistanın ümidinə qalmış kimi görünürlər. Ancaq burada da ən azı iki problem mövcuddur. Birincisi, rəsmi İrəvan indi Ermənistanın ehtiyaclarını ödəyə bilmirsə, həmin bölgədəki ermənilərə necə yardım göstərə bilər? Üstəlik, Ermənistan cəmiyyətində də buna qarşı üstüörtülü bir müqavimət mövcuddur. İkincisi, hətta rəsmi İrəvanın imkanı olsaydı belə, Azərbaycan öz ərazisinə Ermənistanın müdaxilə etməsinə şans tanımazdı.

Göründüyü kimi, vəziyyət kifayət qədər ciddidir. Yəni, Xankəndi və ətraf bölgədə erməni separatizmi artıq yolun sona gəlib. Rəsmi Bakı bölgədəki erməni terror dəstələrinin tərksilah prosesinə nail olmaq üzrədir. Paşinyan hakimiyyəti isə Ermənistanın gələcək taleyini düşünərək, buna müqavimət göstərmək niyyətində deyil. Üstəlik, belə imkanlara da sahib deyil.

Bəzi məlumatlara görə, yaxın vaxtlarda Xankəndi və ətraf bölgədəki erməni terrorçuların tərksilah edilməsi ilə yanaşı, Ermənistan pasportu ilə Rusiyada artıq özünə sığınacaq axtarmağa başlamış Araik Arutyunyanın bütün separatçı dəstəsi də ərazini tərk edəcək. Bununla da 30 ilə yaxın davam etmiş "Artsax" hoqqabazlığı da birdəfəlik sona çatmış olacaq. Və müşahidələr göstərir ki, bu önəmli proses olduqca sürətlə cərəyan edir.

Bütün bunlar o deməkdir ki, indi Xankəndi və ətraf bölgədə yaşayan ermənilər ən qısa zamanda iki seçimdən birinə üstünlük verməli olacaqlar. Birinci seçim odur ki, bölgəni tərk edib, Ermənistana üz tutacaqlar. Halbuki bu seçimin onlar üçün ən yaxşı variant olduğunu düşünmək bir qədər çətindir. Çünki onları Ermənistanda sevmirlər.

Əksinə, Ermənistanda yerli əhali Azərbaycandan gələn ermənilərı onlara yanaşır, yuxarıdan aşağı baxır. Vaxtilə Bakıdan Ermənistana köçmüş Vartan Karamyanın dedikləri də bunu təsdiqləyir: "Ermənistanda mənim ailəm doğmalar içərisində yad idi. Tez-tez bizə sataşırdılar, təhqir edirdilər, hətta dava-dalaş da baş verirdi. Nəticədə anladıq ki, yerli ermənilərlə heç vaxt anlaşa və yanaşı yaşaya bilməyəcəyik".

Göründüyü kimi, Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin Ermənistana üz tutmaları onlar üçün qətiyyən uğurlu variant deyil. Ona görə də, onların mütləq əksəriyyətinin Rusiya və digər xarici ölkələrə sığınmağa üstünlük verəcəkləri daha inandırıcı görünür. Halbuki, bunun üçün də müəyyən qədər maliyyə vəsaiti lazım olacaq.

Ancaq ermənilər üçün daha sərfəli və perspektivli variant da mövcuddur. Belə ki, onlar Xankəndi və ətraf bölgədə yaşamaqda davam da edə bilərlər. Sadəcə, bu variantda onlar Azərbaycan vətəndaşlığını qəbul edib, bizim ölkənin pasportlarını almalı olacaqlar. Bu halda, onlar Azərbaycan cəmiyyətinə sürətlə inteqrasiya olunub, ölkəmizdə vətəndaşların sahib olduqları bütün hüquqlardan yararlana biləcəklər. Onların gündəlik yaşayış və sosial-iqtisadi problemləri isə Azərbaycan dövləti tərəfindən həll ediləcək.

Üçüncü variant isə yoxdur. Daha doğrusu, Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin hazırda istifadə etdikləri üçüncü variantın dövrü sona çatmaq üzrədir. Çünki, "Artsax" artıq yoxdur və daha heç vaxt da olmayacaq.