ABŞ UKRAYNAYA HANSI SİLAHLARI VERMƏLİDİR? – “Ən zəif yeri Hərbi Hava Qüvvələridir”

Baxış sayı:
327

Beynəlxalq mətbuatda Rusiyanın iri miqyaslı hərbi gücünü Ukrayna sərhədləri yaxınlığında toplamasına geniş yer ayrılır. Bütün baş verənlər Rusiyanın Ukraynaya qarşı təcavüzünün heç də bitmədiyinin sübutudur. Döyüşlər 2014-2015-ci illərdə öz zirvə nöqtəsinə çatmışdı. İndi isə münaqişə yenidən qızışır və onun həlli hələ də yoxdur.

Son yeddi il ərzində beynəlxalq ictimaiyyət Ukraynaya əhəmiyyətli dərəcədə dəstək versə də, Rusiyanın Ukrayna əleyhinə həyata keçirdiyi hibrid kampaniyasına son qoyulmayıb. Ukraynanın Qərbdəki tərəfdaşları bəlli səbəblər üzündən Rusiya ilə hərbi qarşıdurmaya getmək istəmirlər və Kremllə qarşıdurmada Ukraynaya hərbi sursat vermək məsələsində ehtiyatlı davranırlar. Amma Rusiyanın növbəti təcavüzünün qarşısını almaq üçün ən səmərəli qabaqlayıcı faktorlardan biri Ukrayna Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi ola bilər.

Hazırda Ukrayna zəif vəziyyətdədir və onun Rusiya təcavüzünün qarşısını almaq potensialı məhddudur. Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) rəhbərliyi bu yaxınlarda etiraf edib ki, 2030-cu ilədək qırıcı təyyarələrin əksəriyyəti döyüş qabiliyyəti baxımından yararsız vəziyyətdə olacaq. Ona görə də Moskva Ukrayna HHQ-nin zəifliyindən istifadə edir və onu havadan hücumla qorxudur. Rusiyanın yeni qırıcılarının əksəriyyəti Ukrayna sərhəddi ətrafındakı aerodromlarda yerləşdirilib.

 

 

Aydındır ki, Ukrayna HHQ təcili yenilənmə tələb edir. Və onun dirçəldilməsilə bağlı ölkə daxilində gedən ictimai debatlarda belə bir konsensus əldə edilib ki, Qərbin Hava Hücumundan Müdafiə vasitələrilə yanaşı, ölkənin müasir “ağıllı” mərmilərlə təchiz olunmuş yeni reaktiv təyyarələrə də ehtiyacı var.

Hazırda Ukrayna Hərbi Hava Qüvvələrinin ən yaxşı resursu tam komplektləşməmiş əlli ədəd “Su-27” qırıcılarından (F-15C analoqu) ibarət briqadadır. Güman edilir ki, onlardan 30-u tam işlək vəziyyətdədr. Digər resurs “Su-24” qırıcı briqadasıdır. Bu, “sovetin F-111-i” sayılır və Rusiyanın Suriyadakı bombardmançı kampaniyasının “işlək atı” hesab olunur. Hazırda ən yaxşı halda ukraynalıların yüzə yaxın bu cür təyyarəsi var. Ukraynanın ən böyük qırıcı resursu isə 80 ədəd “MiQ-29” qırıcılarından (F-16 analoqu) təşkil olunmuş üç natamam qırıcı briqadasıdır.

Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün əsas vasitlər və həmçinin də uzaq məsafədən aşkarlama, havada idarəetmə, havada təyyarələrin yanacaq doldurması, toplanmış məlumatların rəqəmsal şəbəkə terminalında cəmləşdirilməsi, müasir “ağıllı” bombalar, havada buraxılan qanadlı raketlər kimi komponentlər çatışmır. Ən böyük çətinlik uzaqmənzilli “Su-27” və “Su-24” ağır qırıcı təyyarələrinin əvəzlənməsidir. Onları əvəz edəcək yeganə alternativ ABŞ-ın “F-15” təyyarəsidir. Natamam təchiz olunmuş hərbi hissələrə ən azından yüz ədəd bu cür təyyarə gərəkdir. Bundan başqa, Ukrayna HHQ-nin rəhbəri general-polkovnik Sergey Drozdov da “F-15”-lərə ehtiyac olduğunu dilə gətirib.

Ukrayna silahlı qüvvələrinin modernləşdirilməsi real strateji mənada və həmçinin də qurtarmaq bilməyən təbliğat müharibəsində Bayden administrasiyasına Moskvaya ciddi zərbə vurmaq üçün şans verir.

ABŞ-ın 2014-cü ildən başlayaraq Ukraynaya yolladığı silahlar və material-texniki yardımlar faydalı olsa da, bunlar əsasən rəmzi məna daşıyıb. ABŞ “Hammer” avtomobilləri, batareyalar əleyhinə radarlar, gecə görmə avadanlıqları, tank əleyhinə “Javelin” raketləri və “İsland” sinfindən olan sahil mühafizəsi üçün patrul katerləri göndərib. Həmçinin “Mark VI” patrul katerlərinin də göndəriləcəyi planlaşdırılır.

ABŞ-ın Ukrayna Hərbi Hava Qüvvələrinə etdiyi kömək də minimaldır - uçuş heyəti üçün şlemlər və qalxış-eniş zolağında bərpaedici işlər üçün lazım olan avadanlıqlar strateji əhəmiyyət kəsb etmir.

 

 

Amerikalıların 100 ədəd “F-15”, altı-səkkiz ədəd “E-2C-2000 Hawkeye”, səkkiz-on ədəd “Boeing KC-135R” təyyarəsi Ukraynaya kömək olaraq verilə bilər. Bunlarla bərabər Ukrayna ordusunun “ağıllı” bombalar, qanadlı raketlər və onlara uyğun kəşfiyyat avadanlıqlarıyla təchiz edilməsi Moskvaya ciddi siqnal olar və onun Ukraynaya yenidən müdaxiləsinin önünün kəsilməsinə yardım edər.

Ukrayna silahlı güclərinin möhkəmləndirilməsi Bayden administrasiyasının Rusiyanın Şərqi Avropadakı niyyətləri ilə barışmayacağını göstərə bilər. Həm də Ukraynaya ediləcək iri miqyaslı yardımlarla Rusiyaya anlatmaq lazımdır ki, onun davranışları böyük strateji məsrəflərə gətirib çıxaracaq.

“Atlantic Council” – ABŞ

Tərcümə: “AzPolitika.info”