ABŞ SAAKAŞVİLİNİN GÜRCÜSTANA DÖNÜŞÜNƏ ZƏMANƏT VERİB! – Səfir Kelli Denqan “Gürcü arzusu”na xəbərdarlıq etdi…

Baxış sayı:
646

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəyə qayıdışının seçkilərin axşamı günü baş tutacağını anons etsə də, onun dönüşü gözlənildiyindən 1 gün tez baş tutdu. Gürcüstana gəlişi barədə sabiq prezident özünün Facebook səhifəsindən paylaşım etdi. Ardınca isə "videosübut" olaraq Batumidən - ictimai nəqliyyatdan kadrlarını da paylaşdı.

Hazırda onun harada olduğu barədə məlumat olmasa da, seçkilər bitənə qədər ona qarşı ümumi vəziyyətin kəskinləşməsi gözlənilmir. Çünki seçkilərdə asayişin qorunması əhəmiyyətli məsələdir. Hazırkı "Gürcü arzusu" hakimiyyəti də seçkinin şəffaf, yüksək standartlara uyğun keçirilməsini təmin etmək vədlərini dəfələrlə səsləndirmişdi. Ölkənin baş naziri İrakli Qaribaşvili hökumətin maksimal dərəcədə azad, şəffaf və rəqabətyönmülü seçkilərin keçirilməsinə görə məsuliyyəti üzərinə götürdüyünü, heç bir sualın qalmayacağı vədlərini bəyan etmişdi.

Saakaşvilinin Facebook səhifəsindəki şərhlərdə xalqlar dostluğu özünü biruzə verməkdədir. Onun ukraynalı izləyiciləri Saakaşvlinin videoxəbərdə gürcü dilində nə danışdığını soruşur, gürcülər isə tərcümə edirlər. Gürcülərin şərhləri isə bu yöndədir: "Cənab prezident deyir ki, Batumidədir. O, hamını seçkilərdə iştirak etməyə çağırır və Vahid Milli Hərəkat Partiyası kiminsə xoşuna gəlmirsə, öz səsini İvanişviliyə yox, hansısa kiçik partiyaya verməyi tövsiyyə edir". Əlbəttə, tərcümə olunmuş ifadələr daha çoxdur, amma siyasi hissəsi bu ifadələrdə əks olunur.

Beləliklə, Saakaşvilinin gəlişinin məqsədi kimi seçkilərdə insanların aktiv iştirakına töhfə vermək, seçiciləri buna ruhlandırmaq əsas yer alır. Prinsipcə, onun Gürcüstana qayıdacağını bildirməsinin əsas məqsədi də seçkilərin "Gürcü arzusu" partiyasının xeyrinə sonuclanmamasına cəhddir və məntiqlə gəliş seçki bitəndən sonra yox, seçki başlanan saatlarda baş tutmalı idi. Çünki seçkiləri izləmk üçün Avropadan xeyli sayda müşahidəçi kontingenti ölkəyə gəlib. Belə ki, Avropa Parlamenti, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresindən beynəlxalq müşahidəçilərdən ibarət heyətlər, habelə ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) və ABŞ Milli Demokratiya İnstitutunun nümayəndələri (NDI) hazırda Tiflisdədir.

Nümayəndə heyətinin rəhbəri Maykl Qaler (Almaniya), Avropa Parlamentinin deputatları Miriam Lexman (Slovakiya), Marina Kaljurand (Estoniya), Katalin Cech (Macarıstan), Marketa Qreqorova (Çexiya), Jordi Sole, Anna Fotyqa (Polşa) də daxil olmaqla, yeddi millət vəkili seçkiləri müşahidə edəcək. 15 ölkədən 18 müşahidəçidən ibarət Avropa Şurası nümayəndə heyətinə David Erai (İsveçrə) başçılıq edir. Seçki günü nümayəndə heyəti 9 komanda paylayacaq. Səsvermədən sonra - 3 oktyabr saat 15: 00-da, nümayəndə heyəti Avropa Parlamenti və ATƏT/DTİHB müşahidəçiləri ilə mətbuat konfransı keçirəcək. Göründüyü kimi, seçki ab-havası çox qaynardır.

Saakaşvilnin Gürcüstana dönüş mesajından bir gün öncə isə baş nazir İrakli Qaribaşvili, "Körpə hələ dünyaya gəlməyib, amma ona artıq ad qoyulub. Bu adam gəlirsə, gəlsin. Gəlsə, biz onu həbs edəcəyik, buna kim müdaxilə edərsə, o da tutulacaq, sizə başqa nə deyə bilərəm", - deyə cavab verdi.

Qaribaşvili jurnalistlərə verdiyi müsahibədə "Saakaşvilini 100 000 qəzəbli insan qarşılayacaq" ifadəsinə isə belə aydınlıq gətirdi ki, o, heç bir vətəndaş qarşıdurması elan etməyib və keçmiş prezidenti həbs etmək üçün ən azı 10 təcrübəli polis kifayət edər: “Saakaşvilinin 100 min insana ehtiyacı yoxdur, ən azı 10 polisə, onu saxlayacaq təcrübəli insanlara ehtiyacımız var. Dövlət asayişi təmin etməyə tam hazırdır ki, qanunun icrasına heç bir maneə olmasın və biz bütün bunları sülh yolu ilə edəcəyik”.

İlk baxışdan belə təəssürat yaranır ki, Saakaşvilinin rus müxalifətçi Navalnının taleyini yaşamaması üçün ABŞ hökumətinin "səssiz" zəmanəti mövcuddur. Amma ABŞ-ın sabiq Gürcüstan səfiri Vilyam Kortni Saakaşvilnin qayıtmasına dair Tvitter paylaşımında bu variantı istisna edir. 

Əlbəttə, keçmiş səfirin etinasız açıqlamalarına rəğmən, ABŞ-ın hazırkı səfiri Kelli Denqan bu tövrün əksini nümayiş etdirir. "Hər seçki əvvəlkilərdən daha yaxşı olduqlarını göstərməlidir. Bu, ölkənin demokratik inkişafa sadiqliyinin əlaməti olacaq ”, - deyə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, nə seçkiqabağı dövrdə, nə də ümumiyyətlə təhdid və təcavüzə yer yoxdur. Şübhəsiz, bu xəbərdarlığa bənzər ifadələr Saakaşvilinin həbsini demək olar ki, hər gün anons edən hökumətə ünvanlıdır.

“Hədə-qorxu və təcavüz hadisələrindən narahatlığımızı bildirdik. Dedik və indi də təkrar edirik ki, bu cür faktlar, eləcə də nifrət dolu sözlər, artıq qütbləşmiş cəmiyyətin parçalanmasına daha çox kömək edir. Mətbuata və vətəndaş cəmiyyətinə hücumlar da qəbuledilməzdir, çünki jurnalistlər və media sakit mühitdə öz fəaliyyətini həyata keçirə bilməli, vətəndaşlara məlumat verməlidir ki, onlar seçkilər zamanı məlumatlı seçim etsinlər. Ona görə, bu, ölkənin demokratik inkişafının çox vacib bir hissəsidir. Hər seçki əvvəlkilərdən daha yaxşı olduğunu göstərməlidir. Bu, ölkənin demokratik inkişafa sadiqliyinin əlaməti olacaq. Ümid edirəm ki, bu seçkilərdə də belə olacaq”, - deyə Kelly Deqnan ABŞ-ın "gözünün seçkilər vasitəsilə “Gürcü arzusu" hökumətinin üstündə olacağı mesajını verir. Onun sözlərinə görə, Gürcüstandakı yerli seçkiləri ABŞ səfirliyindən 100 müşahidəçi izləyəcək.

Bu arada isə, nə qədər təəccüblü olsa da, Gürcüstanın DİN orqanları Saakşavilinin ölkə sərhəddini keçmədiyini və giriş etmədiyini bəyan edir...

Fransa Prezidenti Emanuel Makron da öz növbəsində, Gürcüstan səlahiyyətlilərini 2 oktyabrda keçiriləcək yerli seçkilərin demokratik dəyərlərə, AB normalarına və standartlarına uyğun olmasını təmin etmək üçün "mümkün olan hər şeyi etməyə" çağırdı. Prezident Salome Zurabişvilinin 26-28 sentyabrda Parisə ziyarəti baş tutdu və 1921-ci ildə Gürcüstan Demokratik Respublikasının Fransa tərəfindən tanınmasının 100 illiyi mərasiminə qatıldı. Sentyabrın 28-də Fransız Respublikasının prezidentinin rəsmi saytında prezident Makron ilə prezident Salome Zurabişvilinin məşhur Zəfər Tağında görüşünə dair kommyunike dərc olundu.

Sentyabrın 29 -da Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşdən sonra yayılan mətbuat açıqlamasında isə prezident Makronun qeyd etdiyi kimi, Fransa "Gürcüstan xalqının istəklərinə və AB maraqlarına zidd olan Gürcüstanın demokratik təsisatlarını pozmaq cəhdlərinə qarşı xüsusilə ayıq olacaq" ifadələri yer alır. Prezident Makron, “Fransa Gürcüstanda əsas hüquqların, yəni mətbuat azadlığının dərinləşdirilməsi, demokratik və məhkəmə institutlarının ən yüksək Avropa standartlarına uyğun olaraq gücləndirilməsi ilə bağlı öhdəliklərini bir daha təsdiqləyir", - ifadələri ilə prezident Salome Zurabişvilnin simasında bu ölkədə "söz sahibi olmaq" statusundan ABŞ-ın xeyrinə "vaz keçməyəcəyi"ni bir daha açıqlamış oldu. Parisin ABŞ-a qarşı Gürcüstanda nüfuz savaşında dirənəcəyinə Makronun, "Fransa tarixinin ən çətin anlarında" Gürcüstana dəstək verən ölkə kimi, sabitliyi qorumaq və demokratiyanı gücləndirməkdə ona dəstək verməyə davam edəcək" ifadələri də işarə edir. Makron Fransanın Gürcüstanı tanımasının 100 illiyinə həsr olunmuş mərasimin iki ölkə arasındakı münasibətlərin əhəmiyyətini və Fransanın son bir əsrdə Gürcüstanın azadlığını, ərazi suverenliyini və müstəqilliyini qorumaqda oynadığı xüsusi rolu vurğuladığını da qeyd etdi. 

Kutaisi şəhərinin mer postuna Vahid Milli Hərəkat Partiyasından namizəd Xatiya Dekanoidze Saakaşvilinin həqiqətən də Gürcüstanda olduğunu bildirir. O, açıqlamasında hamını sabah seçkilərə və "Gürcü arzusu"nun əleyhinə səs verməyə çağırıb. Eləcə də Ukraynanın İslahat Şurasının ofis rəhbəri Mariya Barabaş xəbər verib ki, Saaakaşvili 3 gün əvvəl ofisin əsas menecerlərini toplayıb və vidalaşıb. Barabaş "Paltranyus" telekompaniyasına, "Mixail Saakaşvilinin ofis rəhbəri kimi təsdiq edə bilərəm ki, o, Gürcüstandadır. İndi Gürcüstanda çox vacib məqamıdr və o, indi ölkədə olmalıdır. Saakaşvili nə vaxt qayıdacağını bildirməyib", - deyə açıqlama verib.

Həmçinin, Vahid Milli Hərəkat Partiyasından Tina Bokuçava da Saakaşvilinin Gürcüstanda olduğunu təsdiqləyib. Bokuçava həmçinin Saakaşvilinin tezliklə publika içində görünəcəyini də bildirib.

Belə təəssürat yaranır ki, ABŞ tərəfindən M. Sakaşviliyə Gürcüstana qayıtması üçün zəmanət və dəstək verilib. Onun həbsi isə, ABŞ-ın hakimiyyətə qarşı təzyiqlərini artıra bilər, necə ki, səfir Kelli Denqan artıq bu barədə xəbərdarlıq edib. Həmçinin, ölkədə seçki dönəmində sərt hərəkətlər etirazlara gətirib çıxara bilər.

Sonda isə onu qeyd edək ki, M.Saakaşvilinin növbəti dəfə hakimiyyətə gəlməsi Gürcüstanda ABŞ-ın mövqelərini gücləndirəcək və Fransa-Rusiya tandeminə son qoyacaq. Əlbəttə, Baş nazirin vəd etdiyi kimi ölkədə demokratik seçkilər keçiriləcəksə, müxalifətin qalib gəlməsi mümkün olacaq. Sorğular zamanı əsas baryer olan 43%-i keçə bilmədiyi söylənən "Gürcü arzusu" hakimiyyəti siyasi səhnəni tərk edə bilər ki, Saakaşvilinin geri dönüşü də seçki aktivliyini, ABŞ-ın da seçki yoluyla hökumətə təzyiq etməsilə bu alına bilər./Qafqaz.media