Ziyarətgaha gedib yoxa çıxanlar - Səbəbləri AÇIQLANDI

Baxış sayı:
538

Müxtəlif ölkələrdə yerləşən dini ziyarətgahlara gedənlərimiz çox olur. İraq, İran kimi ölkələrdə olan bu ziyarətgahlara özünü turizm şirkəti kimi qələmə verənlərlə yanaşı, qonşu “xala”, “əmi”lərdən də aparanlar çox olur. Çox hallarda da təşkilatçılığın aşağı səviyyədə olması həmin insanların problemlərlə üzləşməsinə gətirib çıxarır. Günlərlə sərhəddə qalanlar, hətta yoxa çıxanlar da olur. Bu günlərdə Kərbalada azərbaycanlı axundun yoxa çıxması problemi bir daha ortaya qoyur. Bəs bu qəbildən olan problemlərin yaranmaması üçün nə etmək olar?
Mövzu ilə bağlı Lent.az -ın sualını cavablandıran “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənli bu sahənin qanunla tənzimlənməsini vacib hesab edir: “Həcc ziyarətini yalnız Qafqaz Müsəlmanları İdarəsi (QMİ) təşkil edir və proses mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Digər ziyarətgahlara isə bu gün istənilən turist şirkəti insanları apara bilir. Təbii ki, belə şəraitdə təsadüfi, qərəzli, mənfəət qazanmaq üçün hər yola əl atan insanlar da bu sahəyə nüfuz edir. Ona görə də bir qədər özbaşınalıq olur. Saxta viza problemi ortaya çıxır. Bəzən insanlar sərhəddə günlərlə gözləməli olurlar. Ona görə də düşünürəm ki, bu sahənin tənzimlənməsində müəyyən qanunvericiliyə ehtiyac var. Ziyarətə gedənlərin hüquqları qorunmalıdır. Ziyarətin normal təşkil olunması üçün hər bir şərait yaradılmalıdır. Məsələnin təşkilati və dini tərəfi yüksək səviyyədə təşkil olunmalıdır. Dini ziyarətgahlar olduğundan dini məlumatlar da verilməlidir və bunlar qanunvericiliklə tənzimlənməlidir”.
Ş.Həsənli qeyd edib ki, insanların etimadından sui-istifadə etmək, onları aldatmaq, ziyarətlərin təşkil olunması zamanı elementar şəraitin yaradılmamasına hansısa bir qurum nəzarət etməlidir: “İnsanlar ziyarətgahlara getdiklərində problem yaşayanda hara müraciət edəcəklərini bilməlidirlər”.
Deputat Fazil Mustafa isə bildirib ki, İslamda müqəddəs yer anlayışı yoxdur: “Bir Kəbə var ki, ora da Həccə ziyarətinə gedirlər. Qalan müqəddəslik yerlərini ayrı-ayrı qruplar, şəxslər, dini icmalar öz mülahizələrinə görə müəyyənləşdiriblər. Sağlam düşüncəli insanlar hansısa bir yeri ziyarət edəndə, birinci bu ziyarətin hansı tələbdən irəli gəldiyini araşdırmalıdır. “Quran”da bu cür ziyarət varmı? Həcc ziyarətinin özü də “Quran”da məcburi göstərilmir, imkanı çatanların getməsi tövsiyə olunur. Ona görə də kiməsə inanaraq ziyarətə gedən və problemlərlə üzləşən insanlara nəsə deməyin mənası yoxdur”.
Azərbaycan cəmiyyətində cahil həyatı yaşayan insanların olduğunu deyən deputat bu məsələnin qanunvericiliklə tənzimlənməsinə ehtiyac olmadığını deyir: “Psixi mülahizəsinə görə ziyarətgaha gedəcəyi halda Allah qatında daha da ucalacağını düşünən insana necə təsir edə bilərik? Bu fərdi məsələdir. Fərdi şəkildə istər aldanarlar, istərsə də aldadarlar. Bunu qanunvericilik səviyyəsində həll etmək doğru deyil. Turizm şirkəti hara aparmağından asılı olmayaraq, gedən turist ilə müqavilə bağlayır. Öhdəliyi yerinə yetirmirsə, bu artıq Mülki Məcəllə ilə vətəndaşın hüquqlarının pozulması deməkdir. Buna görə də məsuliyyət daşıyırlar. Yəni bu məsələləri ayrıca kateqoriya şəklində götürmək doğru deyil. Biz aldanmamaları üçün maarifləndirici iş apara bilərik”.