Zaxarova Azərbaycan-Ermənistan sərhədində baş verənləri lağa qoyub

Baxış sayı:
1610

Rusiya XİN-in qeyri-adekvat davranışları və açıqlamaları ilə tanınan sözçüsü Mariya Zaxarovanın son “feysbuk” paylaşımı ciddi narazılığa və müzakirələrə səbəb olub.

M.Zaxarova son günlər Tovuz istiqamətində Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrə, gərginliyə işarə edərək, yazıb: “Bax, bircə Piter Forumu və Bakıda “Jara” çatışmır. Siz yəqin başa düşürsünüz.”

Bununla əqli və ruhi problemlərinin olduğu nəinki xaricdə, rusiyalıların özlərində də şübhə doğurmayan Zaxarova sərhəddəki toqquşmanı və ümumilikdə Azərbaycanla Ermənistan arasındakı savaşı, gərginliyi lağa qoyub.

Qeyd edək ki, onun dediyi Piter Forumu Sankt-Peterburqda hər il keçirilən iqtisadi forumdur. Ötən il bu foruma Abxaziya və Cənubi Osetiyanın qondarma qurumlarının təmsilçiləri də dəvət olunmuşdu. “Jara” dedikdə isə son illər Bakıda keçirilən musiqi festivalını nəzərdə tutur.

Özündən olsa, incə formada sərhəddə baş verən və hər iki tərəfin itkilər verdiyi hadisəni lağa qoyan Zaxarova əslində bununla növbəti dəfə özünün və təmsil etdiyi qurumun mənəviyyatsızlığını, şeytan, iblis xislətini ortaya qoyub. XİN sözçüsü bununla həm də ümumiyyətlə, tarixən bu münaqişənin yaranmasında, zaman-zaman alovlanmasında müstəsna rolu olan, ermənilərin tərəfini saxlayaraq, onlardan istifadə etməklə regionu qarışdıran, çoxlu sayda günahsız insanın qanının axıdılmasına rəvac verən Rusiya imperiyasının əsl simasını, mənəviyyatsızlığını açmış oldu.

Hər iki münaqişə tərəfinə bu cür yuxarıdan aşağı baxış, münasibət, yekəxana və məsuliyyətsiz yanaşma təbii ki, təkcə onun şəxsi mənəvi keyfiyyətlərindən deyil, həm də təmsil etdiyi imperiya hakimiyyətinin mahiyyətindən irəli gəlir.

Qeyd edək ki, Zaxarovanın bu paylaşımına qısa müddətdə iki minə yaxın şərh yazılıb. Özü də həmin şərhlərin demək olar hamısında bu qeyri-adekvat xanım tənqid atəşinə tutulub. Təkcə azərbaycanlı və erməni istifadəçilər deyil, rusiyalılar da onun bu mənəviyyatsız atmacasını tənqid ediblər. Rusiyalılar Zaxarovanı digər xalqların faciəsinə, probleminə “burun soxmaqdansa”, Rusiyada baş verənlərə diqqət yetirməyə çağırıblar. Və bu kontekstdə son günlər Xabarovskda hakimiyyətə qarşı baş verən kütləvi etiraz aksiyalarını misal göstəriblər./azpolitika.info