Xabarovskdakı aksiyalar anti-Putin mitinqlərinə çevrilir - “Xalq belə yaşamaqdan yorulub!” / VİDEO

Baxış sayı:
1893

Artıq xeyli müddətdir Xabarovskda davam edən etiraz aksiyaları yaratdığı səs-küyə, effektə görə Rusiyanın Uzaq Şərq regionunun hüdudlarını aşıb.

Azpolitika.info xəbər verir ki, artıq bu aksiyalarda səsləndirilən şüarlar təkcə regionun deyil, bütövlükdə Rusiyanın problemlərini əhatə edir.

Xatırladaq ki, hər şey Xabarovskun Vladimir Jirinovskinin partiyasından seçilmiş qubernatoru Serqey Furqalın həbsindən sonra başlayıb. İyulun 11-dən başlayan etiraz aksiyalarının ilkin şüarları qubernatorun azad edilməsi tələblərilə bağlı idi. Maraqlıdır ki, bundan sonra hər həftənin şənbə günləri Xabarovskun mərkəzində baş verən izdihamlı etirazlar hansısa müxalif partiya tərəfindən təşkil olunmayıb. Əhali özü spontan şəkildə küçələrə çıxaraq, hakimiyyətin törətdiyi əməllərə etirazını nümayiş etdirir.

Qeyd edək ki, Serqey Furqal 2018-ci ildə qubernator seçilib. Nə qədər qəribə olsa da, həmin vaxt Kreml bu seçkiləri total şəkildə saxtalaşdıraraq, öz namizədinin qalib gəlməsinə nail olmamışdı. Furqalın gözlənilməz qələbəsi isə prezident Vladimir Putinin siyasətinə və Kremldəki əsas partiya olan Vahid Rusiyaya meydan oxumaq kimi görüldü. Bu səbəbdən hələ qubernatorluğunun ilk vaxtlarından Fuqralın Kremlin çaldığı tütəyə oynamayacağı təqdirdə ciddi problemlər yaşayacağını bildirirdilər. Lakin Furqal Moskvanın oyuncağı olmaqdan imtina etdi və nəticə də göz qabağındadır.

Qubernator bu ayın əvvəli 2004 və 2005-ci illərdə baş verən bir neçə qətl hadisələri ilə əlaqədar ittihamlarla həbs olunub. O, Moskvaya aparılıb və orada barəsində iki ay həbs qətimkan tədbiri seçilib. Artıq sabiq qubernator olan Furqal ittihamları rədd edib. Ancaq Moskva Rusiyada hamının bildiyi kimi, siyasi səbəblərlə bağlı olan bu cinayət işini sona çatdırmaq və Furqalı uzun müddətli həbsə göndərmək niyyətindədir.

Rusiyanın İstintaq Komitəsi bildirib ki, Furqal siyasi karyerası başlamadan öncə bir neçə biznesmenin qətlində əli olmaqda şübhəli bilinir. Lakin etirazçılar ona qarşı qaldırılan iddiaların siyasi motivli olduğuna inanır. Onlar istintaqın və məhkəmənin Moskvada deyil, Xabarovskda, özü də açıq şəkildə keçirilməsini tələb edirlər. Lakin rəsmi Moskva hələ ki, baş verənləri görməzdən gəlməyə çalışır.

Jirinovski isə ikibaşlı mövqe tutmaqdadır. O, bir tərəfdən nümayişçilərin haqlı olduğunu, onların qarşısında baş əydiyini deyir, digər tərəfdən isə aksiyaların dayandırılmasını məqsədəuyğun sayır. Təbii ki, qalmaqallı partiya sədri hadisələrin bu məcrada davamını gözləmirdi. Və o, başa düşür ki, hazırda göstərəcəyi hər hansı aktivlik Putinin qəzəbinə tuş gəlməsinə, deməli həm də indiyə qədər qazandığı nə varsa, hamısının əldən çıxmasına səbəb ola bilər.

Xabarovskdan verilən məlumatlar və görüntülər isə onu deməyə əsas verir ki, ötən şənbə günü keçirilən son aksiya bu ay başlayan nümayişlərin ən böyüyü olub. Bu isə o deməkdir ki, etirazçıların sayı Kremlin gözlədiyinin əksinə olaraq artır, səsləndirilən şüarlar isə kəskinləşir. Belə ki, insanlar artıq Putinin özünün hakimiyyətdən getməsini tələb edirlər. Rusiyanın “Dojd” telekanalına danışan nümayişçilərdən biri deyib ki, hakimiyyət xalqın qarşısına çıxmalı və onun rəyilə hesablaşmalıdır: “Xalq belə yaşamaqdan yorulub! Hakimiyyət xalqı eşitmək istəmir”.

 

 

 

Aksiya iştirakçıları Furqalı müdafiə etməkdən daha çox mərkəzi hakimiyyətin onların seçiminə hörmətlə yanaşmasını tələb edir. İnsanlar bildirirlər ki, Furqal pis ya yaxşı olmasından asılı olmayaraq, onların seçimidir və buna hörmət edilməlidir, qubernator saxta ittihamla həbs olunmamalıdır. Onlar hər şeyin başında Putinin idarəçilik sisteminin durduğunu anlayırlar və onu xalqdan uzaq düşməkdə günahlandırırlar. Aksiyaçılardan biri “Dojd”-a açıqlamasında deyir: “Biz istəyirik ki, bizi eşitsinlər, xalqla hakimiyyət arasında normal sivil dialoq olsun. Mən onu (Putini-red.) əlbəttə ki, başa düşürəm. 20 il hakimiyyətdə olmaq və hər səhər sənə “sən çarsan” deyilməsi... təbii ki, dünyanı dərk etmək onun üçün qeyri-adekvat hal alıb. Ondan xahiş edirik ki, göydən yerə ensin, yoxsa biz onu sərt şəkildə aşağı endirmək istəmirik...” 

Siyasi şərhçilər isə hesab edirlər ki, son mitinqin olduqca izdihamlı keçməsi, orada 80 minə yaxın nümayişçinin iştirakı və artıq “Putinə istefa” şüarlarının sıx-sıx səsləndirilməsi Kreml üçün ciddi siqnal olmalıdır. Bununla yanaşı Putinin Furqalın əvəzinə Xabarovska göndərdiyi Mixail Deqtyarov əhali tərəfindən az qala nifrətlə qarşılanıb. Əhali onu aksiyaçıların qarşısına çıxmağa dəvət edib. Lakin qubernator vəzifəsini icra edən Deqtyarov bundan imtina edib və bildirib ki, regionun problemlərini öyrənməklə məşğuldur. Mitinqdə iştirak etməyə vaxtı yoxdur. Hətta bildirib ki, mitinqçilərə boş vaxtlarının çoxluğuna görə həsəd aparır...

Müşahidəçilər Putinin Xabarovskda baş verənlərə belə etinasız yanaşmasını, bu regionun Moskvadan 6000 kilometr uzaqda olması, S.Furqalın isə ümumilikdə Rusiya çapında bir siyasətçi olmaması ilə əlaqələndirirlər. Digər tərəfdən Furqalın keçmişində doğrudan da “ilişməyə” əsas verən kifayət qədər məqamlar tapmaq mümkündür. Lakin şərhçilər bunun arxayınçılığa əsas vermədiyini bildirirlər. Çünki etirazların digər regionlara yayılmayacağına heç kim 100 faizlik zəmanət verə bilməz.

Digər yandan bu aksiyalar Putinin xarizmasını zədələyən forma alıb. Çünki aksiyalarda onun 20 illik hakimiyyətinin xalqı bezdirdiyinə dair açıq-aşkar şüarlar səsləndirilməkdədir. Əhalinin Putinə gerçək münasibətini görmək üçünsə, təqdim edilən videodakı izdihama və səsləndirilən fikirlərə diqqət yetirmək kifayətdir...

C.Məmmədov