"VƏTƏNDAŞLARI VAR-YOXDAN ÇIXARIRLAR" - Ekspertlərdən yeni pensiya qanunu haqda SƏRT AÇIQLAMA

Baxış sayı:
502

“Sosial yardıma ehtiyacı olan insanları aclıq ölümü ilə üz-üzə qoyurlar”

Sərdar Cəlaloğlu: “Pensiya kapitalının 60%-ni dövlət, 40%-ni vətəndaş ödəməlidir”

Natiq Cəfərli: “Fondlara yığılmış vəsait arasında birbaşa asılılıq yaradılmalıdır ”

Bir neçə gün öncə, əmək və əhalinin sosial müdafiəsi nazirinin (ƏƏSMN) müşaviri Mustafa Abbasbəyli pensiya hüququ əldə etmə şərtlərini açıqladı. Bildirdi ki, normal şərtlərdə 25 il sığorta stajı topladıqda minimum pensiya kapitalı 28,800 manatdan minimum əmək haqqının artımı ilə əlaqədar olaraq sentyabrın 1-dən etibarən 36 min manata yüksəlib.

Pensiya məbləğinin hesablanması qaydası  normal şərtlərdə şəxsin topladığı pensiya kapitalının 90%-i 144-ə bölünməklə, gəlirlərinin 25%-i, xüsusi şərtlərdə, yəni dövlət qulluqçularına, hərbiçilərə, hüquq mühafizə orqanları əməkdaşlarına, deputatlara, hakimlərə isə 2 ilin orta əməkhaqqı məbləğinin 50-80%-i miqdarında pensiya müəyyən olunacaq. Vəkillərin, sərbəst mühasiblərin gəlirlərinin 10-15%-i, fərdi sahibkarlar minimum əməkhaqqının 10-25%-i, pay torpaq mülkiyyətçilərinin isə hər hektara görə MƏH-nın 6%-i miqdarında pensiya təyin olunacaq.

“Burada məqsəd vətəndaşları var-yoxdan çıxarmaqdır”

Картинки по запросу Sərdar Cəlaloğlu

Pensiya hüququ əldə etmə şərtləri ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Hürriyyət”ə dedi ki, Azərbaycanda sosial dövlət olmadığına görə, sosial sahədə Azərbaycan hökumətinin atdığı heç bir addım vətəndaşların mənafelərinə uyğun deyil: “Birincisi, insanlar o qədər böyük əməkhaqqı almırlar, 36 mini toplamaq üçün elə adam var ki, bəlkə də ölənə qədər işləsə belə, o fondu yarada bilməz. İkincisi, Sosial Fonda dövlət büdcəsindən bu günkü şərtlər daxilində yardımlar ayırmalıdır, transferlər etməlidir. O deyilən büdcənin 60%-ni dövlət verməlidir, 40%-ni vətəndaş ödəməlidir. Çünki əgər vətəndaş Sosial Fonda bir o qədər pul keçirəcəksə, onda indi yaşamağa imkanı olmayacaq. Sən gənclikdə ac-sussuz qal, qocalandan sonra o pulu neyniyəcəksən? Və yaxud da cavanlığında insan kimi yaşa, qocalanda da pul olmasın, taleyin öhdəsində qal. Ona görə, hökumət tam yanlış addımlar atır. Burada məqsəd vətəndaşları var-yoxdan çıxarmaqdır. Bütünlükdə dövlətin sosial yardımına ehtiyacı olan insanları aclıq ölümü ilə üz-üzə qoymaqdır. Ona görə, mən hesab edirəm ki, tamam yanlış bir addımdır, dərhal bu qanun dəyişilməlidir. Pensiya fondu istənilən qədər qaldırıla bilər, amma bunun böyük bir hissəsi neftdən gələn gəlirlərdən ödənilməlidir. Çünki neft xalqın malı olmağına baxmayaraq, bu günə qədər xalqa bir şey çatmayıb, heç olmasa təqaüdçülərə Neft Fondundan müəyyən yardımlar etmək olar və lazımdır”.

“Bu, qanun qarşısında bərabərlik prinsipinin kobud surətdə pozulmasıdır”

Dövlət qulluqçularına, hərbiçilərə, hüquq mühafizə orqanları əməkdaşlarına, deputatlara, hakimlərə isə 2 ilin orta əməkhaqqı məbləğinin 50-80%-i miqdarında pensiya müəyyən olunmasına gəlincə, S. Cəlaloğlu vurğuladı ki, bu, qanun qarşısında bərabərlik prinsipinin kobud surətdə pozulmasıdır: “Nəyə görə ayrı-ayrı sosial qruplar ayrı-ayrı qaydalarda dövlət tərəfindən sosial təminat altına alınmalıdır? Bu, tamamilə yanlışdır. Bu, həm də əməkhaqqının artırılması ilə bağlı yanlış bir siyasətdir. Prezident götürüb sərəncam verir, müəyyən qrup insanların əməkhaqqı artırılır. Bu, Azərbaycanda sadəcə olaraq hakimiyyətin müdafiəsində olan insanları maraqlandırmaq, onları şirnikdirmək üçün atılan addımlardır. Bunun başqa heç bir mənası yoxdur”.

“Dövlət bu sahədə nəzarəti əldən buraxmaq istəmir”

Картинки по запросу Natiq Cəfərli

REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli isə hesab edir ki, pensiya islahatlarında yeni mərhələnin açılmasına, yeni qaydaların qəbul edilməsinə ehtiyac var: “Əgər pensiya kapitalı ilə bağlı qərarlar bu qədər sərtləşirsə, bu zaman özəl pensiya fondlarının yaranmasına imkan və şərait yaradılmalıdır. Yəni seçim imkanı olmalıdır ki, insanlar tək bir Dövlət Sosial Müdafiə Fondu ilə yox, müxtəlif şirkətlər, banklar, yaxud milyardlarla vəsaitləri olan dayanıqlı beynəlxalq təqaüd fondları ilə müqavilə bağlasın. Yəni vətəndaşların seçim imkanı olsun və bilsin ki, ödənilən vəsaitin 10, 20, 30 ildən sonra hansı formadasa onlara xeyri olacaq. Bu gün Azərbaycan vətəndaşları o yığım kapitalına inanmır. Ona görə də bu məbləğin hər dəfə artırılması pensiya yaşına çatan insanların o məbləğə çatması imkanlarını məhdudlaşdırır. Bu da təqaüdlərin çox aşağı səviyyədə olmasına səbəb olur. Əslində, normalda dövlət ancaq minimum təqaüdlə, yəni işləməyən, işləmək imkanları olmayan, əngəlli insanlarla bağlı qaydaları özü müəyyənləşdirməlidir və onların gündəlik güzəranını təmin edəcək səviyyədə təqaüd minimumunu müəyyən etməlidir. Çalışan insanların isə müstəqil şəkildə seçim imkanları olmalıdır ki, müxtəlif fondlarla müxtəlif şərtlərlə müqavilə bağlasınlar və sonda bu müqavilənin xeyrini görsünlər. Bütün qonşu ölkələrdə bu sistemə keçirilir. Azərbaycanda isə bu, təbii inhisarçılıq halına gəlib, yəni dövlət bu sahədə nəzarəti əldən buraxmaq istəmir və həm də şərtləri getdikcə daha çox sərtləşdirir və sərt şərtlər çərçivəsində insanların təqaüdə çıxarkən minimum kapitalı doldurması şərtləri ağırlaşdırılır. Bu da çox az insana nəsib olur ki, iş həyatında o minimum səviyyəni doldursun və normal təqaüd alsın. Ona görə də bu gün Azərbaycanda 1 milyon 300 min təqaüdçünün təqribən 800 mindən bir az çoxu minimum təqaüd və yaxud minimum təqaüdə yaxın səviyyədə təqaüd alır. Bu, sistemin özü özlüyündə doğru çalışmadığının əyani göstəricisidir”.

“Belə ciddi nəzərə çarpacaq ayrıceçkiliyin qoyulması doğru deyil”

Cəfərli dövlət qulluqçularına, hərbiçilərə, hüquq mühafizə orqanları əməkdaşlarına, deputatlara, hakimlərə 2 ilin orta əməkhaqqı məbləğinin 50-80%-i miqdarında pensiya müəyyən olunması ilə bağlı da fikirlərini bölüşdü: “Bu, tamamilə ədalət prinsipinin pozulmasıdır. Fərqi yoxdur insan harada çalışır, öz əməyi, biliyi, bacarığı ilə dövlətə xeyir verirsə, vergisini ödəyirsə, istər iqtisadi, istər ictimai, istərsə də iş həyatında iştirak edirsə, onlara belə ciddi nəzərə çarpacaq ayrıceçkiliyin qoyulması doğru deyil. Əgər dövlət qulluqçuları ilə bağlı xüsusi qərar çıxarılacaqsa, bu zaman dövlət qulluqçularının özünün kateqoriyasının müəyyən edilməsi qaydalarına da yenidən baxmaq lazımdır. Məsələn, bir çox ölkələrdə büdcədən maliyyələşən istənilən qurumda çalışanlara artıq dövlət qulluqçucu statusu verilir. Bir çox Avropa ölkələrində belədir. Yaxşı, belədirsə, niyə müəllimlərə, həkimlərə bu, şamil edilmir? Hansı ki, onların təqaüdlərinin yüksəlməsinə ciddi ehtiyacı var. Onlar aşağı maaşlar alırlar və təqaüdə çıxanda da çox aşağı təqaüd alırlar. Ona görə də insanların bu tipli ayrıseçkiliyə məruz qalması özü kökündən yanlışdır. Amma əgər dövlətin imkanı varsa, dövlət qulluğu ilə bağlı məsələyə yenidən baxıb, özü ayrıca bir təqaüd növü təyin edə bilər. Amma kommersiya fəaliyyəti ilə məşğul olan və özəl şirkətlərdə çalışanlara diskriminativ yanaşmağın özü doğru deyil. Bu qədər böyük fərq olması onlara qarşı haqsızlığın üzə çıxmasına səbəb olur. Məsələn, mən kommersiya şirkətində çalışıramsa və mənim əməyim nəticəsində əlavə dəyər yaradılır, dövlət büdcəsinə vəsait daxil olur. Mənə nəyə görə heç bir əlavə dəyər yaratmayan, qazanc gətirməyən, dövlət büdcəsindən daim maliyyələşən dövlət qulluçusu ilə belə ciddi fərq qoyulmalıdır? Əksinə mənə böyük hörmət, olunmalıdır ki, mənim əməyim nəticəsində dövlət büdcəsinə əlavə vəsait daxil olur. Başqa dövlət qulluqçularının heç bir əlavə dəyər yaratmadığı sahələrdə onlara daha böyük üstünlük verilməsi açığı heç bir məntiqə sığmır”.

“Sosial Müdafiə Fonduna köçürmələrin bir qaydada aparılması daha məntiqlidir”

Cəfərli vəkillərin, sərbəst mühasiblərin  gəlirlərindən 10-15%, fərdi sahibkarlardan isə minimum əməkhaqqın 10-25%-i miqdarında penisiya toplanması qaydasına da etirazını bildirdi: “Əslində, belə şkalaların təyin olunması həmişə müəyyən əyintilər, hətta korrupsiya faktlarına, rüşvətə yol açan bir məsələdir. Əgər bu dərəcələnmənin müəyyənləşdirilməsi hər hansı bir məmurdan asılı olacaqsa, bu qədər fərqin olması bu zaman müxtəlif yollarla, yəni müraciət, ərizə formaları ilə tez-tez dəyişkənlik müşahidə olunacaq. Burada vahid tarif cədvəli olmalıdır ki, insanların həm başı qarışmasın, həm də ədalətsizlik mühiti olmasın. Fərqi nədir ki, insan hansı işlə məşğul olur? İnsanın hansı işlə məşğul olub pul qazanmasından asılı olmayaraq, Sosial Müdafiə Fonduna köçürmələrin bir qaydada aparılması daha məntiqlidir”.

“İnsanlar Sosial Müdafiə Fonduna ödənişləri itirilmiş vəsait, əlavə vergi yükü kimi görürlər”

N.Cəfərli onu da vurğuladı ki, bu gün iş adamları, sahibkarlar da Sosial Müdafiə Fonduna ödənişləri itirilmiş vəsait sayırlar: “Ən böyük problemlərdən biri də budur. İnsan inanmır ki, bu gün özəl sahibkardır, ödənişlər edir və 20-25 ildən sonra təqaüdə çıxanda böyük məbləğdə təqaüd alacaq. Yəni gələcəyini planlaşdıra bilmir. Ona görə də özünü yük kimi görür. Əslində, dediyim kimi, özəl fondlarla müqavilə olsaydı, belə olmazdı. Rusiyanın, Türkiyənin özündə belə özəl fondlar vətəndaşa bir qrafik təqdim edir və o qrafikə uyğun olaraq sən özün seçim edirsən ki, 10, 20, 30 ildən sonra yığılmış kapitalı hansı formada əldə edəcəksən və bu kapitalın nəsildən-nəslə keçmə, bağışlama və yaxud kiməsə vərəsəlik hüququ tanınması qanunla da təsbit olunur. Bizdə bununla da bağlı ciddi problemlər var. Yığım fonduna toplanan vəsaitin vərəsəlik hüququnda istifadə eləmək demək olar ki, mümkün deyil. Düzdür, qanun bunu qadağan etmir, amma istifadə o qədər çətindir ki, bir çox insanlar umumiyyətlə, bu yola baş vurmurlar. Ona görə də insanların təşviq edilməsinə, onların özlərinin marağının yaranmasına səbəb olmalıdır. Məsələn, mən özəl sahibkaram, ayda 5 min qazanıramsa, mənim özümüm seçimim olmalıdır. Əgər mən bilsəm ki, ayda 500, 1000 manat ödəməyə imkanım var və mən təqaüdə çıxanda ayda 5-6 min manat təqaüd alacam, onda bunu özəl fondlarla müqavilə bağlayıb, edəcəm. Əgər yox, mən az, 1000 manat qazanıramsa və onun 50 manatını ödəməyə hazıramsa, düşünəcəm ki, təqaüdə çıxanda da az məbləğdə vəsait alacam. Yəni təqaüdə çıxmaqla, fondlara yığılmış vəsait arasında birbaşa asılılıq yaradılmalıdır. Bu gün bu asılılıq yaranmayıb deyə, insanların marağı da yoxdur ki, Sosial Müdafiə fonduna ödənişləri könül rahatlığı ilə həyata keçirsinlər. Bütün insanlar bunu itirilmiş vəsait, əlavə vergi yükü kimi görürlər”.

Şamo EMİN, Hurriyyet.org