Türkiyənin dəstəklədiyi müxaliflər strateji əhəmiyyətli qəsəbəni tutdu - RUSİYANIN BOMBARDMANLARI KÖMƏK ETMƏDİ

Baxış sayı:
406

Türkiyə ordusunun dəstəklədiyi suriyalı üsyançılar Suriyanın şimalındakı  strateji əhəmiyyətli  Serakib  şəhərini yenidən ələ keçiriblər. Bu, Suriya ordusunun Rusiyanın dəstəyi ilə gerçəkləşdirdiyi hücum əməliyyatında ciddi geriləmə sayılır.

Üç həftə qabaq silahlı müxalifət iki böyük magistral yolun kəsişməsində yerləşən şəhəri itirmişdi. Son döyüşlərdə bir milyonadək suriyalı evindən didərgin düşüb.

“Serakib şəhəri Əsədin dəstələrindən tamamilə azad olunub”, – Türkiyənin dəstəklədiyi üsyançı fraksiyalar koalisiyasının – Milli Azadlıq Cəbhəsinin sözçüsü Naji Mustafa deyib.

Dekabrdan bəri Suriya Prezidenti Əsəd qüvvələri Rusiyanın dəstəyi, iranlı döyüşçülərin yardımıyla Suriyanın şimal-qərbində irəliləməkdədir. Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatının bu gün – fevralın 27-də bildirdiyinə görə, hökumət qüvvələri İdlib vilayətinin cənubuna nəzarəti tam ələ alıb. Təşkilat bildirir ki, son üç gündə hökumət qüvvələri İdlibin cənubunda və ona bitişik Hama vilayətində 60-dək şəhər və kəndi tutublar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Suriya qüvvələrinin ərazidən çıxması üçün fevralın sonunadək vaxt qoyub. Türkiyə sözügedən ərazidə Rusiya ilə razılaşma əsasında bufer zona yaratdığını bildirir. Ərdogan deyib ki, əks halda Türkiyə Suriya hökumət qüvvələrini ərazidən çıxaracaq.

Serakib şəhəri Suriyanın şimalı ilə cənubunu birləşdirən M4 və M5 şosse yollarının üzərində yerləşir./Virtualaz.org