Türkiyədə “kazinolar kralı”nı güllələyən Həsən Müzəffərova pul göndərən kimdir... - HƏBSXANA RƏHBƏRLİYİNƏ SORĞU VERİLDİ

Baxış sayı:
4924

Tükiyənin Bursa şəhərində “kazinolar kralı” kimi tanınan və gecə klublarının sahibi olan 55 yaşlı Zeynel Demirin güllələnməsi işi üzrə keçirilən məhkəmədə maraqlı fakt üzə çıxıb. Bəlli olub ki, Demiri güllələyən 22 yaşlı Azərbaycan vətəndaşı Həsən Müzəffərova həbsxanada ehtiyaclarını ödəmək üçün pul göndərilir. Müzəffərovun vəkili pul göndərənin kimliyini araşdırmaq üçün məhkəmədə vəsadət qaldırıb. Belə ki, həmin adamın tapılması qətlin sifarişçisinin üzə çıxarılmasına kömək edə bilər.

Bu səs-küylü cinayət ötən ilin oktyabr ayında Bursanın Osmanqazi rayonunda, Demirtaşpaşa məhəlləsində baş verib. Zeynel Demir sahibi olduğu gecə klubunun qarşısında silahlı hücuma məruz qalıb, aldığı 3 güllə yarasından hadisə yerində keçinib. Hadisədən az sonra ona atəş açan Həsən Müzəffərov , habelə killerə kömək edən Türkiyə vətəndaşı İbrahim Yıldırım həbs olunub.

Zeynel Demir

Videomüşahidə kameralarının görüntülərinə əsasən İbrahim Yıldırım H.Müzəffərovu gecə klubunun yaxınlığına aparıb və orada düşürüb. Lakin o, cinayətdə iştirakını inkar edir. H.Müzəffərov isə ifadəsində deyib ki, Türkiyəyə 7 ildir gəlib.

“İbrahim Yıldırımı 4 ildir tanıyıram, qardaş kimiyik. Hadisə günü İbrahim maşınla gəlib məni götürdü. Maşında heç kim yox idi. Yolüstü Bilalla (hər ikisinin ortaq tanışı) qarşılaşdıq, onu da maşına götürdük. Xahiş elədim ki, məni avtovağazala aparsınlar, çünki Malatyaya getmək istəyirdim. Bilal maşından endi. İbrahim mənə bildidi ki, Zeynel Demirlə düşmənçiliyi var. Məndə silah olduğunu bilirdi. “Zeyneli ayağından yarala” dedi. Hadisə yerinin yaxınlığında maşından düşdüm. Zeynel Demir məkanın önündə durudu, ona tərəf getdim və silahı çıxarıb 4 dəfə atəş açdım. Yerə yıxıldığını görüb qaçdım, xəbərlərdən eşitdim ki, güllələr belindən dəyib. Öldürmək niyyətim yox idi”,-o ifadəsində bildirib.

Lakin istintaqın versiyasına görə Müzəffərov “kazinolar kralını” öldürmək üçün pul alıb. Məhkəmədə onun atası Vahid Müzəffərov da ifadə verib, İbrahimin və ya Bilalın onun oğluna bu qətlə görə pul verməsindən xəbərsiz olduğunu deyib.

H.Müzəffərovun vəkili isə onun müdafiə etdiyi şəxsə həbsxanada ehtiyaclarını ödəmək üçün pul göndərən adamın kimliyini araşdırmağı istəyib. Bildirib ki, Müzəffərov ümumiyyətlə Zeynel Demiri tanımayıb, onu İbrahimin tapşırığı ilə güllələyib. Məhkəmə vəkilin vəsadətini təmin edib və həbsxana rəhbərliyinə Müzəffərova pul göndərənin kimliyini təsbit etmək üçün sorğu göndərib. Proses davam edir./Virtualaz.org