"TOFİQ YAQUBLUNUN HƏBSİ SABOTAJDIR..." - ADP sədrindən şok açıqlama

Baxış sayı:
2137

Bildiyiniz kimi, bugünlərdə Nizami Rayon Məhkəməsinin qərarı ilə Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nəzərinizə çatdıraq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Səttar oğlu Cəbrayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Bildirilir ki, yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu, onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.

"İqtidar daxilində İlham Əliyevin apardığı islahatlar siyasətinə müqavimət göstərən qüvvələr var və onlar Tofiq Yaqublunun həbsində maraqlı olublar"

Məsələnin maraqlı tərəfi ondadır ki, Tofiq Yaqublunun həbsi prezident İlham Əliyevin Novruz Bayramı təbrikində dəqiq ad çəkmədən müxalifətin bir kəsimi haqqında sərt ifadələr işlətməsindən sonraya təsadüf edib. Odur ki, bunun doğrudan da təsadüf olub-olmadığını dəqiqləşdirmək və məsələ ilə bağlı digər suallarımızı cavablandırması üçün Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğluna müraciət etdik. Beləliklə, Tofiq Yaqublunun həbsinə dair "Hürriyyət"ə açıqlama verən Sərdar Cəlaloğlunun sözlərinə görə, həm müxalifətdə, həm də iqtidarda müəyyən qüvvələr var ki, onlar Azərbaycanın düşdüyü dərin böhrandan çıxmasına imkan vermir: "Məhz onlar ölkədə totalitar cəmiyyətin mövcud olmasında maraqlıdırlar. Bunun üçün isə iqtidarla müxalifət arasında münasibətlər kifayət qədər gərgin və düşmənçilik müstəvisində olmalıdır. Bildiyiniz kimi, İlham Əliyev özü müxalifətlə yeni münasibətlər sisteminə keçməklə bağlı çıxış edib. Bundan dərhal sonra isə müxalifətin müəyyən bir kəsimini kəskin şəkildə tənqid etməsi prezidentin öz mövqeyi ilə üst-üstə düşmür. Buradan görünən odur ki, özünün də dediyinə görə, ayrı-ayrı siyasi qüvvələrlə bağlı ona hansısa bir yanlış tövsiyə, məlumatlar verirlər. Və yaxud da ümumiyyətlə, bu yeni siyasətin aparılması ilə bağlı iqtidarın özünün aydın bir yol xəritəsi yoxdur. Ona görə də bu cür ziddiyyətli hadisələr müşahidə olunur. Yəni bir tərəfdən iqtidar müxalifət liderləri ilə görüşür, partiyaların problemləriylə maraqlanır, ölkədə iqtidar-müxalifət münasibətlərinin yeni müstəvidə qurulması istiqamətdə axtarışlar aparılır, digər tərəfdən isə yenə də son 30 ildə yaşanan hadisələr təkrarlanır, ayrı-ayrı müxalif siyasi partiyalara, eləcə də iqtidarla demokratik mübarizə aparan adamlara qarşı qeyri-qanuni hərəkətlər müşahidə olunur".
 
ADP sədrinin fikrincə, iqtidar özü də etiraf edir ki, daxildə İlham Əliyevin apardığı islahatlar siyasətinə müqavimət göstərən müəyyən qüvvələr var: "Çox güman ki, həmin qüvvələr də Tofiq Yaqublunun həbsində maraqlı olublar. Qeyd edim ki, hadisə haqqında mənə iki müxtəlif məlumat daxil olmuşdu. Birinci məlumatda onun həbsi ilə bağlı təfərrüatı bilmədən Müsavat TV-də çıxış edib onu müdafiə etmişəm, Tofiq Yaqublunun həbsini İlham Əliyevin müxalifətlə yeni bir siyasət aparmaq kursuna zidd davranış kimi dəyərləndirmişəm, mövqeyimi açıq şəkildə ortaya qoymuşam. Lakin bundan sonra mətbuatda oxumuşam ki, Tofiq Yaqublu qəza törətdiyi şəxsə qarşı hansısa bir hərəkətlər edib. Eləcə də partiya sədrlərindən biri bu barədə mənə məlumat verdi ki, hadisə elə doğrudan da belə olub. Beləcə, mən də artıq aldığım məlumata görə, mövqeyimi belə ifadə etmişəm ki, əgər doğrudan da belə bir hadisə olubsa, biz onun hərəkətlərini müdafiə edə bilmərik. Amma Tofiq Yaqublunun azadlıqdan məhrum edilməsi əsassızdır. Birincisi, yeri gəldi-gəlmədi həbs qətimkan tədbirinin keçirilməsinin yolverilməzliyi ilə bağlı Ali Məhkəmənin və Avropa Şurasının qərarı var. Bundan başqa, bu gün Azərbaycan prezidenti koronavirus təhlükəsi səbəbindən həbsxanada olan 200 məhbusun vaxtından qabaq azad edilməsiylə bağlı sərəncam verir, bu tərəfdən isə ciddi bir əsas olmadan, vaxtilə siyasi məhbus kimi tanınmış şəxs barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilir. Bu isə ortada çox ciddi ziddiyyət və konfliktin olduğunu göstərir. Düşünürəm ki, biz mövqeyimizi konkret şəkildə ortaya qoymalıyıq. Çünki çox da ciddi bir cinayət olmadığı yerdə və vətəndaşın istintaqdan yayınma halları olmadığı bir vaxtda, nəinki siyasətçilərə, hətta adi vətəndaşlara qarşı həbs qətimkan tədbirinin seçilməsi tamamilə yanlışdır, hüquqa ziddir".
 
"Azərbaycanda adamları həbs qətimkan tədbiri adı altında cəzalandırırlar və Tofiq Yaqublunun hadisəsi bununla bağlıdır"

 
Sərdar Cəlaloğlu qeyd etdi ki, həbs qətimkan tədbiri hər hansı bir günahı olmadan vətəndaş haqqında şübhələr əsasında qəbul edilmiş ilkin tədbirdir, yəni bu, cəza deyil: "Azərbaycanda isə bu tədbiri cəza şəklinə salıblar. Yəni adamları məhz həbs qətimkan tədbiri adı altında cəzalandırırlar. Tofiq Yaqublunun da hadisəsi məhz bununla bağlıdır. Hətta əgər o, həmin adama qarşı hər hansı bir zorakılıq edibsə belə, onun ən ağır cəzası müəyyən bir cərimə ola bilər. 3 aylıq həbs qətimkan tədbiri isə artıq ağır cəzadır. Çünki onun hərəkəti ilə ona qarşı edilən əməl arasında o qədər kəskin fərq var ki, bu da bu məsələdə qərəzin, müəyyən bir sifarişin olduğunu göstərir. Bununla bağlı partiyamız bəyanat da qəbul edib və Tofiq Yaqublunun azad olunması ilə bağlı hakimiyyət orqanlarına müraciət etmişik. Onu da qeyd edim ki, bu məsələdə digər ciddi səhv Tofiq Yaqublunun mənsub olduğu təşkilatın hadisə ilə bağlı vaxtında operativ, hərtərəfli məlumat yaymaması, bununla əlaqədar müxalifət partiyalarına informasiya verməməsidir. Biz bu hadisə haqda yalnız mətbuatdan məlumat əldə etmişik və bir də partiya sədrlərindən biri mənə bu barədə məlumat verib. Halbuki Tofiq Yaqublunun dostları hadisə ilə bağlı operativ şəkildə məlumat yaymalı idilər. Biz də həmin məlumat əsasında düzgün mövqe nümayiş etdirməliydik. Çox təəssüf ki, özləri bunu etməyiblər, biz də mətbuatda gedən məlumat əsasında müəyyən mövqe bildirmişik. Bundan sonra isə müəyyən bir trollar dəstəsi, müəyyən bir qrupun nəzarətində olan insanlar sosial şəbəkələrdə mənə qarşı ləyaqətsiz kampaniyaya başlayıb. Bu da onu göstərir ki, hökumət Tofiq Yaqubluya qarşı nə qədər qərəzlidirsə, elə müxalifət də düşərgənin digər qüvvələrinə qarşı eyni cür qərəzlidir. Çünki bizim burda heç bir məqsədimiz olmayıb. Mən sadəcə olaraq, Tofiq Yaqublunun azad olunması ilə bağlı mümkün qədər hər cür addım atmağa çalışmışam, addımlar da atmışam. Bundan sonra da rəsmi və qeyri-rəsmi kanallar vasitəsiylə onun azad olunmasına çalışacam. Lakin məni ittiham edən adamlar əməlləriylə qərəzli olduqlarının, Azərbaycanda normal siyasi mühitin yaradılmasında maraqlı olmadıqlarını ortaya qoydular".
 
ADP sədri hesab edir ki, ölkə başçısı İlham Əliyevin bayram təbrikinin ardınca Tofiq Yaqublunun həbs edilməsi Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin yeni bir səviyyəyə çıxarılmasına qarşı sabotajdır: "Hətta bu, prezidentin özünün iradəsiylə bağlı olsa belə, onun yaxın köməkçiləri bu hadisənin iqtidar-müxalifət münasibətlərinin tənzimlənməsində problem yaradacağını bildirməliydilər. Eyni zamanda, həbs qətimkan tədbiri ilə bağlı Ali Məhkəmənin pleniumunu, Avropa Şurasının qərarlarını xatırlatmalıydılar və Tofiq Yaqublunun hərəkətində həbs qətimkan tədbirinin seçilməsinin heç də vacib olmadığını bilavasitə prezidentə çatdırmalı idilər. Təəssüf ki, görünür, bəzi adamlar Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin yeni müstəviyə keçməsində maraqlı deyillər, prezidenti təcrid edib onu əvvəlki illərdə olduğu kimi özlərinin təsir dairəsində saxlamaq istəyirlər. Beləliklə də ölkəni müstəqillik və suverenlik yolundan saxlamaq, totalitar rejimi saxlamaq və bütün dünyadan təcrid etmək siyasətini davam etdirmək istəyirlər".
 
Vazeh BƏHRAMOĞLU