“Son dəyişmələr Azərbaycanda iki məqsədə xidmət edir..." - QUBAD İBADOĞLU

Baxış sayı:
1816

Azərbaycan hökumətində kadr dəyişiklikləri müşahidəçilər və şərhçilərin diqqət mərkəzində qalır. Bu həftə Prezident İlham Əliyevin sərəncamı ilə Ramiz Mehdiyev prezident administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. Bu və digər addımlar bəzi müşahidəçilər tərəfindən Azərbaycanda islahatların aparılmasına işarə kimi qiymətləndirilsə də, başqaları bu dəyişiklliklərə skeptik yanaşır. İqtisadçı ekspert, ABŞ-in Rutgers universitetinin professoru Qubad İbadoğlu "Amerikanın Səsi"nə müsahibəsində son təyinatları şərh edib.
“Son dəyişmələr Azərbaycanda iki məqsədə xidmət edir. Yəni bu rəsmi prizmadan verilən məlumatlara əsasən belə bir qənaətə gəlmək mümkündür. Biri ondan ibarətdir ki, Azərbaycanın ali idarəetməsində təmsil olunan yaşlı nəslin nümayəndələrini gənc nəslin nümayəndələri ilə əvəz etmək siyasəti həyata keçirilir. Ona görə də Prezident Administrasiyasının rəhbəri, eyni zamanda baş nazirin iki müavini belə çıxır ki, öz ərizəsi ilə təqaüdə göndərilib. Digər bir məqsəd iqtisadiyyat sahəsindəki mövcud problemlərlə əlaqədardır. Hal-hazırda Azərbaycan Prezidentinin açıqlamalarına görə, iqtisadiyyatdakı artım tempi qənaətbəxş hesab edilə bilməz, çünki iqtisadiyyatda artım tempi son illər demək olar ki, yavaşıyıb və eyni zamanda, iqtisadiyyatın maliyyə potensialından büdcə vasitəsi ilə daha çox bəhrələnmək imkanları nəzərdə tutulur və bu baxımdan da gizli iqtisadiyyatın leqallaşdırılması, korrupsiya ilə mübarizə, inhisarçılığa qarşı mübarizə məsələləri də gündəmi zəbt edən əsas müzakirə mövzularına çevrilib” – deyə, Qubad İbadoğlu bildirib.
İqtisadçı ekspertin fikrincə, son yerdəyişmələr və təyinatlar hazırda Azərbaycanda yeni komandanın formalaşdırıldığını deməyə əsas verir. “2018-ci ilin prezident seçkilərindən sonra təyinat almış yeni komandanın üzvlərinin həm mövqeyinin genişləndirilməsi, gücləndirilməsi, həm də onların sıralarının genişləndirilməsi prosesi artıq başlayıb”.
Bununla belə Qubad İbadoğlu ölkədə yeni kadr siyasətinin `əməldə` aparıldığını demək üçün əsas olmadığını bildirib. “Qeyd etmək istəyirəm ki, hələ yeni nəfəs, yeni sifət görsənmir. Bəlkə bundan sonra ola bilər ki, boşalmış dövlət vəfizələrinə yeni təyinatlar arasında biz gəncləri görəcəyik. Məsələ bundan ibarətdir ki, indiki halda, yəni vergilər naziri iqtisadiyyat naziri funksiyasını davam etdirir və İqtisadiyyat Nazirliyinin strukturu genişləndirilib. Amma yenə də təyinat alan əvvəlki vəzifə tutan vergilər nazirindən ibarətdir. Digər bir tərəfdən aparılan bu dəyişikliklər onu deməyə əsas verir ki, Azərbaycanda hələ ki görsənən ondan ibarətdir ki, hakimiyyətin özünün `kadr bankı` heç də geniş deyil və bu `kadr bankı`nda qeyd olunduğu kimi, müasir tələblərə cavab verən gəncləri biz görə bilmirik.”
İqtisadçı ekspert Azərbaycanda sktruktur dəyişiklikləri ilə bağlı konseptual yanaşmanın olmadığını deyib. “Hal-hazırda bu məsələyə hər hansı bir konsepsiyadan hakimiyyətin münasibətini görmürəm. Sadəcə olaraq baş verənlər yerdəyişmələrdən ibarətdir, əvvəlki kadrların yeni vəfizələrə təyinatlarından ibarətdir və bəzilərinin bu, son nəticədə hökmran mövqeyini, hakimiyyət mövqeyini gücləndirir, digərlərini isə zəiflətməyə gətirib çıxarır”.
Qubad İbadoğlu İqtisadiyyat Nazirliyində struktur dəyişikliklərinin ölkənin iqtisadi problemlərin həllinə təsir göstərə biləcəyini gözləmədiyini bildirib. “İqtisadiyyat Nazirliyi ilə Vergilər Nazirliyinin birləşdirilməsi və Azərbaycanda belə `super nazirliyin, hakimiyyət içərisində hakimiyyətin` formalaşdırılmasının tərəfində deyildim və hesab edirəm ki, ölkədə İqtisadiyyat Nazirliyi də, Vergilər Xidməti də ayrıca fəaliyyət göstərsə daha effektiv olardı. Çünki İqtisadiyyat Nazirliynin əsas fokusu biznesə, biznes üçün əlverişli şəraitin formalaşdırılmasına və bütövlükdə götürəndə, biznes mühitinin yaxşılaşdırılmasına yönəldilməli idi. Vergilər isə ölkədə gizli məşğulluğun leqallaşdırılması, biznesin kölgədən çıxarılması, bütövlükdə gizli iqtisadiyyatın həm də miqyaslarının kiçildilməsi və Azərbaycanın maliyyə potensialından daha yaxşı istifadə edib, qeyri-neft sektorundan daxilomaların, dövlət büdcəsinə ödəmələrin artırılmasına xidmət edə bilərdi. İndiki halda hesab etmirəm ki, bu birləşmə hər iki məqsədin daha yaxşı şəkildə həyata keçirilməsinə imkan verəcək və bu iki məqsəddən ən azı birinin biz zəifləməsini bir daha müşahidə etmək məcburiyyətindəyik. Və xüsusilə də ən böyük çətinliklər gizli iqtisadiyyatın leqallaşdırılması, inhisarçılıqla mübarizə istiqamətində gözlənilir.”