“Siz axı ABŞ yox, Gürcüstansız...” - Ukrayna Saakaşviliyə görə Tiflisin ittihamlarına sərt cavab verdi

Baxış sayı:
1410

Mixail Saakaşviliyə Ukrayna baş nazirinin müavini vəzifəsi təklif olunmasına Gürcüstan hökumətinin reaksiyası Kiyevdə etirazla qarşılanıb.

Prezident partiyası – “Xalqın xidmətçisi”nin parlament fraksiyasının rəhbəri David Araxamiya Savik Şusterin proqramında çıxışında Gürcüstan hökumətinin bəyanatını Ukraynanın suveren işlərinə müdaxilə kimi qiymətləndirib: “Əgər bu təyinatla bizim diplomatik problemlərimiz yaranacaqsa, Gürcüstan üçün daha böyük problem yaranacaq. Siz axı Amerika deyilsiniz, hansı ki belə məqamlarda deyirlər, sizin diplomatik problemləriniz yaranacaq. Siz Gürcüstansınız. Bunu unutmaq lazım deyil.”

David Araxamiya özünün də gürcü olduğunu xatırladaraq Saakaşviliyə Gürcüstanın indiki hökumətinin münasibətini yaxşı başa düşdüyünü söyləyib: “Bu, sadəcə olaraq, təzyiq cəhdidir. Biz suveren dövlətik və heç bir ölkə baş nazirin müavini vəzifəsinə kimi təyin etmək, kimi etməmək haqda bizə nəsə deyə bilməz”.

D. Araxamiya çoxsaylı ukraynalı turistin hər il Gürcüstanı ziyarət etdiyini söyləyərək bu ölkə hökumətinə yüngülvari xəbərdarlıq da edib: “Dəqiqdir ki, kimsə hardasa kimisə hansısa vəzifəyə təyin edirsə, buna görə turistləri itirmək Gürcüstana sərfəli deyil”.

Qeyd edək ki, Gürcüstanın baş naziri Georgi Qaxariya M.Saakaşvilinin Ukraynada dövlət vəzifəsinə təyin olunacağı halda, Kiyevdəki Gürcüstan səfirini geri çağıracaqlarını açıqlayıb.