SAXTA ŞİRKƏTLƏR YÜZ MİLYONLUQ TENDERLƏRİ NECƏ “UDUR?” – "Hesaba gələn pul nağdlaşdırılır və bölünür"

Baxış sayı:
1373

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehsal Bazarlarına Nəzarət Dövlət Xidməti-nin saytında tenderlərlə bağlı məlumatlar bir xeyli diqqət çəkir. Məsələn bəlli olur ki, qaliblər arasında ötən ilin dekabrında yaradılan və kapitalı cəmi 10 manat olan təşkilat da var.

Dövlət Xidmətindən isə “Turan” İnformasiya Agentliyinə mövzu ilə bağlı bunları bildiriblər: “ Şəffaflığı təmin etmək üçün 2018-ci ildə «Dövlət satınalmaları haqqında» Qanuna edilən dəyişikliyə əsasən, satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə nəzərdə tutulub”.

Qurumdan bildirildiyinə görə, bu səbəblə «Dövlət satınalmalarının vahid elektron portalı» yaradılıb: “Açıq tenderin elektron satınalma vasitəsi ilə həyata keçirilməsi dövlət satınalmaları sahəsində şəffaflığın və düzgün rəqabətliliyin daha da artırılması, mikro, kiçik və orta sahibkarlığın inkişafına, onlar üçün əlverişli biznes şəraitinin, həmçinin dövlət vəsaitlərinin qənaətlə, düzgün istifadə olunmasına imkan yaradır».

 

Xidmətdən qeyd edilib ki, bundan əlavə şəffaflığın və rəqabətliyin artırılması üçün bütün tenderlərin elektron qaydada tender.gov.az vasitəsilə keçirilməsi təmin ediləcək: «Burada əsas məqsəd satınalmalarda alan və satan tərəflərin arasında ünsiyyəti minimuma endirməkdir. Bunun üçün bütün satınalma proseduru avtomatlaşdırılır və dövlət portalı olan tender.gov.az vasitəsilə həyata keçiriləcək».

Dövlət Xidmətindən əlavə olunub ki, satınalan təşkilatların tenderlərin nəticəsi haqqında təqdim etdikləri yekun protokollar təhlil olunur:«Təhlil prosesi daima aparılır, nəzarətimizdədir. Qiymətin qanunvericiliyə uyğun hesablanmaması, qiymətlərin süni şəkildə şişirdilməsi, satınalan şirkətlə iddiaçı arasında sövdələşmə kimi hallar baş verərsə dərhal tədbirlər görülür»

İqtisadçı Hafiz Babalı “Azadlıq” radiosuna bildirib ki, əvvəllər ekspertlər də tenderlərin və dövlət satınalmaların elektron qaydada keçirilməsinə çağırıb: «Dünya Bankı da böyük vəsait ayırmışdı ki, Azərbaycanda dövlət satınalmaların və tenderlərin keçirilməsi elektron formatda təşkil olunsun. Lakin nəticədə biz nə ilə qarşılaşdıq? Nəticə ondan ibarət oldu ki, elektron satınalmalar bizi bu vaxta qədər olan satınalmalara şükür etdirdi».

Ekspert qeyd edib ki, saxta tenderlər artıq elektron formata keçib: «Əvvəllər biz görürdük ki, saxta və proksi şirkətlər qapı dalında görüşürlər, bu gün isə onlar elektron sistemlərinə keçib, ciddi şirkətlər isə əvvəlki kimi kənardadır».

 

 

«Vəsaitlərin səmərəsiz yerə istifadəsi və dolayısı ilə də saxta şirkətlərin vasitəsilə kiminsə qanunsuz varlanması baş verir. Burada proses belədir. Hesaba gələn pul nağdlaşdırılır və bölünür. Şirkətlər isə iş görülmədiyinə, «otkat» verdiklərinə görə dövlət büdcəsinə vergi borcu yaranır. Nəticədə dövlət itirir. Bu məsələyə dövlət nəzarəti qaydasında deyil » - deyə, Hafiz Babalı bildirib.

İqtisadçının sözlərinə görə, Azərbaycanda ildə saxta tenderlər və dövlət satınalmalar vasitəsilə büdcədən külli miqdarda pul mənimsənilir: "Söhbət yüz milyonlardan gedir. Düşünürəm ki, müsabiqəli yolla dövlət satınalmalarının keçirilməsində istifadə olunan vəsaitlərin ən azı 10 faizi ciblərə gedir".

Xatırladaq ki, 2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasınn rəyinin xülasəsində qeyd edilib ki, həmin il dövlət vəsaitləri hesabına ümumilikdə 5,7 mlrd. manat məbləğində satınalma müqavilələri bağlanılıb.  Həmin məbləğin 11457 sayda müsabiqə ilə əhatə olunduğu göstərilib.

2020-ci ildə Maliyyə Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin büdcə təşkilatlarında apardığı yoxlamalarda ümumilikdə 89,24 milyon artıq və əsassız ödənişlər aşkarladığını açıqlanıb. Həmin məbləğdən 37,535 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslərin hesabına bərpasının təmin edildiyi bildirilib.