Rusiyalı hakerə ABŞ-dan ittihamlar

Baxış sayı:
432

İsraildən ABŞ-a ekstradisiya edilən rusiyalı Aleksey Burkov ittiham olunduğu Virciniya ştatındakı federal məhkəmə qarşısına çıxarılıb.

ABŞ Ədliyyə Nazirliyinin saytında verilən məlumata görə, 29 yaşlı Burkov dələduzluq, şəxsi məlumatların oğurlanması, pulların yuyulması və kompüter sistemlərinə hücumlar, habelə bu cinayətlərin törədilməsi üçün konspirasiyada ittiham olunur.

Burkovun qanunsuz haker hücumları ilə məşğul olduğu, ABŞ vətəndaşının bank kartı məlumatlarını oğurladığı və sonra bu məlumatları satdığı iddia edilir. Müstəntiqlərin bildirdiyinə görə, Burkovun rəhbərlik etdiyi Cardplanet veb saytı vasitəsi ilə 20 milyon dollar dəyərində 150 mindən çox kart satılıb. Burkovun qapalı bir haker forumuna rəhbərlik etdiyi iddia edilir.
İddiaları rədd edən Burkovu 80 ilə qədər həbs cəzası gözləyir.

Cümə günü Burkov barəsində həbs qətimkan tədbiri seçilməlidir.

Tümen və Sankt-Peterburqda yaşayan bu proqramçı ABŞ-ın tələbi ilə 2015-ci ilin dekabrında Təl-Əviv hava limanında nəzarət altına alınıb.
Noyabrın 10-da İsrail Ali Məhkəməsi Burkovun ABŞ-a ekstradisiya qərarından şikayətini rədd edib. Bu qərar Rusiyanın etirazlarına baxmayaraq qəbul edildi.

Moskva daha əvvəl Burkovanın vətənlərinə qaytarılmasını istəyib.
Rusiya hakimiyyəti Burkova oktyabrın əvvəlində Rusiyada narkotik maddə saxlama və qaçaqmalçılığa görə 7 il yarım həbs cəzasına məhkum edilən israilli Naama Issaharla dəyişdirməyi təklif etmişdidi.
O, Moskvadan İsrailə gedərkən ələ keçirilib. Moskva hava limanında axtarış zamanı Naama Issaharın çantasından təxminən 10 qram narkotik maddə aşkar edilmişdi. İssahar narkotik maddə saxladığını etiraf etsə də, qaçaqmalçılıq ittihamlarını qəti şəkildə rədd edib. İsrail mediası onun Burkov qarşılığında girov götürüldüyünü iddia edib.

Oktyabr ayında İsrail Prezidenti Reuven Rivlin rusiyalı həmkarı Vladimir Putindən Naama Issaharın əfv edilməsini istəyib. Baş nazir Benyamin Netanyahu da eyni tələblə çıxış edib.
Bloomberg mənbələrinə görə, Rusiya prezidenti Vladimir Putin Knesset seçkilərindən sonra hökumətin taleyi bəlli olmayan Netanyahuya "hədiyyə" etmək istəməyib və İsraildə sabit bir kabinet qurulana qədər İssaharı azad etməkdən imtina edib.
Noyabrın 13-də Rusiyanın ABŞ-dakı səfirliyi Vaşinqtona rəsmi etiraz notası yollayıb.

Moskva ABŞ-ı dünyada Rusiya vətəndaşlarının "ovun"a çıxmaqda ittiham edib.