Rusiya və Türkiyə arasında fikir ayrılığı – “Türkiyə Qarabağda əlavə müaşhidə məntəqəsi qurmaq istəyir”

Baxış sayı:
583

Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi ilə bağlı Türkiyə ilə Rusiya arasında fikir ayrılıqları yaranıb. Ziddiyyətlər Türkiyə tərəfinin vahid koordinasiya mərkəzindən asılı olmayan bir müşahidə məntəqəsi açmaq istəyi ilə əlaqədardır.

Bu məlumatı "Reuters" Agentliyi adını açıqlamadığı bir mənbəyə istinadən yayıb.

Xatırladaq ki, 11 noyabrda Rusiya və Türkiyə müdafiə nazirlikləri Qarabağda atəşkəsə riayət olunmasını izləyəcək ortaq bir monitorinq mərkəzinin yaradılması haqqında memorandum imzalayıblar. Qurumun Azərbaycan ərazisində yerləşəcəyi nəzərdə tutulub. Eyni zamanda, Rusiya sülhməramlıları bölgədə 23 müşahidə postu yerləşdirib.

"Reuters"-in məlumatına görə, Türkiyə ilə Rusiya arasındakı ortaq monitorinq missiyasının parametrləri barədə danışıqlar davam edir. Lakin Ankara ortaq izləmə mərkəzindən asılı olmayaraq öz müşahidə məntəqəsinin yaradılmasında israrlıdır. “Rusiya, Türkiyənin vahid mərkəzdən asılı olmayaraq bölgədə müşahidə məntəqəsi yerləşdirməsinə ehtiyac olmadığını düşünür. Lakin bu, Türkiyə üçün əsasdır”- deyə agentlik Türkiyə tərəfindən ola həmsöhbətindən sitat gətirib.

Mənbə bu mövzuda danışıqların Moskvada davam edəcəyini və Türkiyənin uzlaşma ilə həll olunacağına ümid etdiyini qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici işlər naziri Sergey Lavrov demişdi ki, türk sülhməramlıları yalnız Azərbaycan ərazisində baş verənləri izləyəcək və Dağlıq Qarabağa getməyəcək./azpolitika