“RAMİZ MEHDİYEVİN ORDA OTURMAĞA HAQQI YOXDUR…” – “Hamı yaxşıdır, Əbülfəs Qarayev pis” yanaşması doğru deyil…”

Baxış sayı:
700

“Mədəniyyət Nazirliyi Azərbaycanda ən zəif, döyülüb-söyülən və dilənçi nazirlikdir…”

Mədəniyyət Nazirliyində üzə çıxarılan və hazırda istintaqı aparılan korrupsiya faktları, eləcə də Azərbaycan mədəniyyətinin bugünkü durumu, kino sənayesinin vəziyyəti və digər məsələlərlə bağlı suallarımıza Azərbaycanın Xalq artisti, aktyor və rejissor Şeyx Əbdül Mahmudov cavab verib.

Onunla müsahibəni təqdim edirik:

– Əbdül bəy, Mədəniyyət Nazirliyindəki korrupsiya qalmaqalı ölkədə böyük rezonans doğurub. Bir mədəniyyət xadimi olaraq, bu baş verənləri necə qiymətləndirirsiniz?

– Mənim bu məsələ ilə bağlı qəti mövqeyim var. Əvvəla, söhbət Qara Qarayev nəslindən gedir. Əbülfəs Qarayev 100 illərdir ki, Azərbaycanı tanıdan böyük bir nəslin nümayəndəsidir. İkincisi, Əbülfəs Qarayev 18 il nazir işləyib. Onun Mədəniyyət naziri kimi hansı qüsuru var? Təkcə ötən il “Nəsimi İli”ni o səviyyədə keçirməsinin özü çox təqdirəlayiq haldır. Siz də bilirsiniz ki, Əbülfəs Qarayevlə müqayisədə əsl dövləti cinayət edən nazirlər, icra başçıları var. Onlar öz kefindədir. Saxlanılan icra başçılarından tapılan bandrollarla pullar göstərildi. O pulların taleyinin necə olduğu da bilinmədi. Bunu da qoyaq bir kənara.

Hazırda Mədəniyyət Nazirliyi ilə bağlı istintaq gedir. İstintaq gedirsə, deməli, kimin cinayətkar olub-olmadığı hələlik qəti deyil. Onu da qeyd edim ki, Mədəniyyət Nazirliyinin tərkibində pul qazanmaq üçün bu şöbələri yaradan şəxslər yuxarı vəzifələrdə oturublar. Mən ad çəkmək istəmirəm…

Ötən gün yubileyimlə əlaqədar İçərişəhərdə çəkiliş edirdik. Məni və dövlət televiziyasının əməkdaşlarını 3 manat almadan İçərişəhərə buraxmadılar. Hələ İçərişəhərdən çıxanda da dedilər 3 manat verməlisiniz. Kimdir bunu edən, bu pullar yığılıb hara gedir, bunun Mədəniyyət Nazirliyinə aidiyyatı varmı? Belə çıxır ki, İçərişəhərə pulla girənda hava, asvalt xarab olmur, pulsuz girəndə xarab olur? Bu, nə məntiqdir? Əgər dövlət televiziyası, burada doğulan Xalq artisti ora pulsuz gedə bilmirsə, bu nə deməkdir? Bəyəm Mədəniyyət Nazirliyinin bu məsələni həll etməyə gücü çatır ki? Heç buna görə Əbülfəsin fikrini öyrənən də olmayıb. Bir daha xatırladım ki, hər hansı bir şəxs haqqında məhkəmə qərarı olmadan ona cinayətkar demək, onu ləkələmək olmaz.

– Amma nəzərə alın ki, Mədəniyyət Nazirliyində baş verənlərlə bağlı ciddi narazılıqlar var və orada baş verənləri insanlar özləri gördülər…

– Baxın, Əbülfəs Qarayevin yoldaşı böyük Tofiq Kazımovun qızıdır. Azərbaycan teatr mədəniyyəti tarixinin böyük mərhələsinin övladıdır. Babası Azərbaycan klassik poeziyasının nəhənglərindən olan Səməd Mənsurdur. Bu tərəfdən Qara Qarayev, o tərəfdən Tofiq Kazımov və Səməd Mənsur. İndi bunların uşaqları cinayətkar oldu?! Bu, nə dərəcədə ədalətlidir? Bu boyda cinayət edənləri aparıb oturdublar Azərbaycan Milli Elmlər Akademiyasında, bundan danışan yoxdur. Əvəzində düşüblər Əbülfəs Qarayev və xanımının üzərinə. Bura Bakıdır, o adamlar da bakılıdır, Bakı ziyalılarıdır. Əbülfəs indiyə qədər kimə güllə atıb, kimin gözünü vurub çıxarıb ki?

– Siz akademik Ramiz Mehdiyevi nəzərdə tutursunuz?

Bəli, onu deyirəm. O zaman Mehdiyevin Şah İsmayıl əsəri haqqında danışmışdım, az qaldı məni düşmən elan etsinlər. Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olmağa ixtiyarı yoxdur.

– Niyə?

– Çünki gərək əvvəl bütün baş verən hadisələrə, məsələlərə aydınlıq gətirilsin, bilinsin ki, kim-kimdir. Ondan sonra qərar verilsin. Bəyəm AMEA cərimə batalyonudur? Mən Ramiz Mehdiyevi tanımıram, salam-kəlamım da olmayıb. Əməllərini də hamı bilir. Bunları qoyduq bir kənara.

Mədəniyyət Nazirliyi Azərbaycanda ən zəif, imkansız, döyülüb-söyülən və üzr istəyirəm, dilənçi nazirlikdir. Baxın, klublar itin günündə, mədəniyyət evləri də o gündə. Kinoteatrlar da həmçinin. Şəhərin mərkəzində 2-3 kinoteatrı özəlləşdirdilər, çoxu oldu kafe-restoran. Şəhərin küçələri hamısı kafe, restoran, bardır, hırraxanadır. Xaricilər kef edir. Bunların hamısı varsa, onda eyibimizə kor olaq. Və heç olmasa, Qara Qarayevin, Səməd Mənsurun, Tofiq Kazımovun nəvələrinə sataşmayaq. Ən azı ona görə ki, sataşanda baxaq görək bizim buna mənəvi haqqımız çatırmı?

– Ramiz Mehdiyevi tənqid etmənizə səbəb nədir? Və sanki onu tənqid etməklə, Əbülfəs Qarayevi haqlı çıxarmaq istəyirsiniz…

– Əgər o, doğrudan da vətənpərvər, milli ruhlu insandırsa, özü vəziyyəti ölçüb-biçməlidir. O mənada ki, yaşının bu vaxtında, bu qədər adına sözlər, tənqidlər deyilir. Cənab Prezident özü də qeyd edib ki, zamanında ona səhv məlumatlar veriblər…

Təsəvvür edin ki, 83 yaşlı bir adam oturub AMEA-nın başında. Hansı ki, bu gün dünyanın taleyi məhz ideoloji mübarizədən keçir. Bu mübarizənin bir tərəfində media, digər tərəfində də elm durur. Deməli, AMEA-nın başında təmiz, milli ruhlu, vətənpərvər, əl-ayağı təmiz, adına heç bir söz deyilməyən adam durmalıdır. Və bütün elm aləmini səfərbər etməlidir. AMEA-nın nəzdində iyirmiyə qədər institut var. Ramiz Mehdiyev bu yaşında gedib onlarla bir-bir tanış ola, hansı institutun missiyasının nədən ibarət olmasıyla, ştatıyla maraqlana bilməz.

Mən onda Ramiz Mehdiyevi alqışlayar, deyərdim ki, bu kişinin ünvanına deyilənlər böhtandır, Ramiz müəllim çıxıb deyərdi ki, cənab Prezident, çox sağ olun, bacardığımı etmişəm, məni yola salın, gedib nəvələrimlə oynayım, təqaüd dövrümü yaşayım, elmi fəaliyyətimi davam etdirim. Baxın, bunlar heç bir halda heç nədən əl çəkmək istəmirlər. Hansı ki, AMEA strateji qurumdur. Bu mənada bir az vətəndaş, ağsaqqal olmaq, vətən və xalq haqqında düşünmək lazımdır. Prezident humanist adamdır. Yaxşı, Prezident öz mədəniyyətini göstərdi, sən də göstər də, Ramiz müəllim! Bəyəm sən bilmirsən ki, AMEA starteji yerdir?

Bütün bunları nəzərə alaraq, belə düşünürəm ki, “hamı yaxşıdır, Əbülfəs Qarayev pisdir” yanaşması doğru deyil.

– Siz bilirdinizmi ki, Mədəniyyət Nazirliyində müəyyən sxemlər qurub pul qazanırlar?

– Allaha and olsun, hesab etmişəm ki, Mədəniyyət Nazirliyində camaat acından ölür. Yazığım gəlib orada işləyənlərə. Hətta onlarla görüşəndə demişəm ki, niyə nazirlikdə oturmusunuz, gəlin kinostudiyada bir filmə direktorluq edin, bədii rəhbər olun və s. O pul yığılan idarə, şöbə nazirliyin tərkibində ayrıca qurum imiş.

– Sizin məntiqinizdən belə çıxır ki, tanınmış nəsli təmsil edənlərin xüsusi imtiyazları olmalıdır və onların korrupsiya əməllərinə göz yumulmalıdır?…

– Yox. Söhbət ondan getmir. Biz hüquqi, demokratik dövlətdə yaşayırıq. Hüquqi dövlətdə əgər məhkəmənin müvafiq qərarı yoxdursa, heç kimi cinayətkar adlandırmaq olmaz. Bunun özü cinayətdir.

– Əbülfəs Qarayevin özünü də istintaqa çağırırlar…

– Normaldır, çağırılmalıdır. Sorğu-suala hər kəs çağırıla bilər. Kinostudiya ilə bağlı çağırsalar, mən də gedərəm.

– Sizcə, niyə kino ictimaiyyəti hər zaman Əbülfəs Qarayevdən narazı qalıb?

– Bilirsinizmi, cənab Prezident kinoya maliyyə ayırırdı. Dünyanın heç bir ölkəsində dövlət kinoya pul ayırmır, əksinə, kinodan milyonlar qazanır. Bizdə bu, rəhmətlik Heydər Əliyevdən qalma ənənə idi və çox sağ olsun ki, Prezident İlham Əliyev də bunu davam etdirərək, kinoya pul ayırdı. Bu pul Mədəniyyət Nazirliyinə gedir. Mədəniyyət Nazirliyinin isə itə də borcu var. Yəni müxtəlif idarələrə, eləcə də işıq, su, qaz pulu borcu və s. var.

Təbii ki, kinoya ayrılan pul nazirliyin hesabına oturan kimi borc sahibləri pullarını götürürlər və bizə qalır “şax-şaxı”. Yəni qəpik-quruş. Beləcə məcbur oluruq ki, 3-5 minlə işləyək, nəsə edək. Ucuz şorbanın da sözsüz ki, dadı olmur. Allah Heydər Əliyevə qəni-qəni rəhmət etsin, böyük adam idi. O vaxt Şah İsmayılla bağlı kino çəkilişi üçün hazırlıqlara başlayanda bizi yanına dəvət etdi. Dedi, büdcəniz nə qədərdir? Biz də cavab verdik ki, 1 milyon 500 min. Bizə təccüblə baxıb, “Azərbaycan tarixinə belə xidmət edirsiniz” dedi. Sonra bildirdi ki, təcili büdcəni 5 milyon edin, gedin hazırlıq işlərinizi görün, aktyorlarınızı seçin, mən, sizə əlavə maliyyə ayıracağam. O, kinonu bilirdi. Çox yaxşı haldır ki, cənab Prezident İlham Əliyev də bu ənənəni davam etdirir. /AzPolitika.info