RAMİZ MEHDİYEV HAQQINDA SENSASİON İDDİALAR - Ona tabe olmayan, prezidentə arxalanan məmurları, deputatları və iş adamlarını belə sıradan çıxarırmış...

Baxış sayı:
15514

2003-cü ilin sonlarında prezident Heydər Əliyevin ağır vəziyyətdə ABŞ-ın məşhur “Klivlend” klinikasına aparılması və sağalma ehtimalının çox aşağı olması hakimiyyət daxilində ciddi parçalanma yaratmışdı. Belə ki, Rusiyaya məxsus “5-ci kolon”un üzvləri mövcud boşluqdan istifadə edərək, hakimiyyəti ələ keçirməyə çalışırdılar. Bu qruplaşmanın üzvləri Heydər Əliyevin hələ sağlığında çox incə detallarınadək hazırladığı “varis planı”na qarşı çıxaraq, hakimiyyətin “onların haqqı” olduğunu düşünürdülər. Çünki Kreml də onlara bu “haqqı” tanımışdı. Lakin həmin vaxt Türkiyə və ABŞ-ın proseslərə müdaxiləsi, o cümlədən daxildə İlham Əliyevin tərəfdarlarının böyük revanş götürməsi “5-ci kolon”un hakimiyyət arzusunu gözündə qoydu.

Mehdiyev hakimiyyəti güc yolu ilə ələ keçirmək istəyirdi…

Ötən yazılarımızın birində də vurğuladığımız kimi, hələ 2003-cü ilin avqustunda – İlham Əliyev baş nazir postuna təsdiqlənən günün öncəsi (3 avqust – müəl.) “5-ci kolon”un “xaç atası” olan Ramiz Mehdiyevin Bakının mərkəzindəki evinin ətrafına minə yaxın silahlı şəxs toplaşmışdı. Həmin vaxt Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev və daxili işlər naziri Ramil Usubovun rəhbərlik etdiyi bu şəbəkə (Keçmiş baş prokuror Eldar Həsənov və “fövqəlnazir” Kəmaləddin Heydərovun da bu qruplaşmanın rəhbər şəxslərindən olduqları iddia edilir – müəl.) hakimiyyətin İlham Əliyevə ötürülməsinin qarşısını almaq niyyətində idi. Ona görə ki, İlham Əliyev baş nazir postuna sahib olarsa, faktiki olaraq hakimiyyət onun nəzarətinə keçəcəkdi. Çünki hələ H.Əliyevin sağlığında – 24 avqust 2002-ci ildə keçirilən referendum seçkiləri zamanı Konstitusiyaya edilən dəyişikliyə əsasən, prezident bu və ya digər səbəbdən öz vəzifəsini icra edə bilmədikdə, onun səlahiyyətləri baş nazirə keçirdi. Şübhəsiz, bu da H.Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi.
Buna baxmayaraq, Rusiyadan gələn tapşırıq əsasında Mehdiyev-Usubov “cütlüyü”nün rəhbərlik etdiyi hakimiyyətdaxili qruplaşma İlham Əliyevin baş nazir postuna gətirilməsini güc yolu ilə önləmək niyyətində idi. Bu məqsədlə 2003-cü ilin avqutsun 3-də (İ.Əliyev avqustun 4-də baş nazir vəzifəsinə təyin olunub – müəl.) gecə saatlarında Ramiz Mehdiyevin evinin ətrafına toplaşan silahlılar hakimiyyətdaxili çevriliş etmək üçün “boz kardinal”ın əmrini gözləyirdilər. Ancaq R.Mehdiyevin bu məkrli niyyətindən xəbərdar olan İlham Əliyev tərəfdarları bu prosesin qarşısını almağa müyəssər oldular. Belə ki, həmin vaxtı ətrafından böyük idmançılar “ordusu” toplaşan deputat Cəlal Əliyev (İlham Əliyevin əmisi – müəl.) Ramiz Mehdiyevə zəng edərək, qısa müddətdə evinin önündəki silahlılar dağılmayacağı təqdirdə, onun özü qarışıq, hamısının darmadağın ediləcəyini bildirib. Görünür, C.Əliyevin kifayət qədər prinsipial insan olduğunu yaxşı bilən R.Mehdiyev həmin vaxt onun əmrini gözləyən silahlıların dağılmasına göstəriş vermək məcburiyyətində qalıb.

Azərbaycanda hakimiyyət bölgüsü

Çoxlarına da bəlli olduğu kimi, Heydər Əliyev ölüm ayağında olarkən təkcə daxili qüvvələr deyil, ABŞ, Rusiya və Türkiyə kimi böyük güclər də Azərbaycanda hakimiyyətin qansız ötürülməsi üçün bir masa ətrafına toplaşıblar. Bəzi bilgilərə görə, həmin vaxt prezidentliyə namizəd İsa Qəmbərin ətrafında birləşən milli qüvvələrin hakimiyyətə gətirilməsi məqsədəmüvafiq hesab olunmayıb. Azərbaycanda stabilliyin bərpası və enerji daşıyıcılarının təhlükəsizliyi naminə hakimiyyətin İlham Əliyevə ötürülməsinə qərar verilib. Təbii ki, bu zaman əsas söz sahiblərindən biri olan Rusiya öz maraqlarını qorumağa müvəffəq olub.
Belə ki, Kremlin istəyi ilə kadr siyasəti birbaşa Ramiz Mehdiyevə həvalə olunmalı, “5-ci kolon”un digər rəhbər şəxləri toxunulmaz qalmalı və onlar İlham Əliyev komandasında öz mövqelərini qoruyub saxlamalı idilər. Məhz bu anlaşmanın nəticəsi idi ki, 2003-cü ildən 2019-cu ilin sonunadək Ramiz Mehdiyev ölkədə “at oynadır”dı və belə demək olarsa, onun “kəsdiyi başlara” sorğu-sual yox idi.
Ötən ilin sonlarından etibarən ölkədə və regionda siyasi dəngələr dəyişdiyindən, məsələn, Rusiyanın regiondakı yerinə tədricən qardaş Türkiyə sahiblənməyə başladığından, artıq Azərbaycanda da kadr islahatlarına zərurət yaranmışdı. Odur ki, bu prosesdən uğurla yararlanan prezident İlham Əliyev 2019-ci ilin ikinci yarısından etibarən ölkədə “gəncləşdirmə siyasəti”nə başladı və nəticədə Ramiz Mehdiyev də daxil olmaqla Rusiyaya bağlı bir sıra məmurlar öz postlarından uzaqlaşdırıldı, bəziləri isə başqa vəzifələrə təyin olundu.
Bütün bunlar öz yerində, biz 2003-cü ilə qayıdaraq, Rusiyaya bağlı qüvvələrin İlham Əliyev komandasında özlərinə yer etdikdən sonra hansı qanunsuzluqlara imza atdıqlarına aydınlıq gətirək…

Mehdiyevin “ikinci baharı”

Əminliklə deyə bilərik ki, 2003-cü il dekabrın 12-də Heydər Əliyev rəhmətə getdikdən sonra Ramiz Mehdiyev hakimiyyət pilləsində özünün “ikinci baharı”nı yaşamağa başladı. Yəni keçmiş hakimiyyətin dönəmində H.Əliyev bəzi məsələlərdə onun önünü kəsir, sərbəstliyinə mane olurdusa, İ.Əliyev hakimiyyətində o, özünün “boz kardinal” titulunu bir qədər də gücləndirmiş oldu. Hətta, bəzi bilgilərə görə, mətbuatda “boz kardinal” kimi təqdim olunması onun özünə də zövq verirmiş. Çünki Moskvadan güc alan Mehdiyev, faktiki olaraq, özünü hakimiyyətin “şəriksiz sahibi” hesab edirdi. O, istədiyi adamı vəzifəyə qoyur, istədiyini çıxarır, ona tabe olmayan istənilən şəxin “torbasını tikərək” həbsxanaya göndərirdi. Onun zülmə məruz qoyduğu insanlar arasında məmurlarla yanaşı, biznesmenlər, deputatlar və s. şəxslər də vardı. Bunlardan bəzilərinin adlarını da çəkə bilərik. Məsələn, keçmiş deputat Rza İbadov, sabiq müdafiə naziri Səfər Əbiyev, Salyan rayonunun keçmiş icra başçısı Tahir Kərimov, Diaspora Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı, “Azpetrol” şirkətinin rəhbəri Rafiq Əliyev, deputat Nazim Bəydəmirli, “Zülfüqarlı qardaşları” kimi tanınan iş adamları Loğman Zülfüqarlı və Nurəddin Zülfüqarlı, Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi Firudin Nəbiyev, “Quska” ləqəbli sabiq deputat Hüseyn Abdullayev, “AMAY” Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayev və s. Xatırladaq ki, Rza İbadov və Zülfüqarlı qardaşları ölkədən didərgin salınıb, Hüseyn Abdullayev hazırda həbsdədir, A.Abdullayev isə bir neçə il türmə həyatı yaşadıqdan sonra azadlığa buraxıldı.
O ki qaldı yuxarıda adlarını çəkdiyim şəxslərin “vurulma” səbəblərinə, bu haqda az sonra ətraflı məlumat verəcəyik. Hələlik isə onu qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin hazırkı başçısı Eldar Əzizovu da əvvəl Sumqayıt şəhər, sonra isə Səbayel rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsindən Ramiz Mehdiyevin uzaqlaşdırdığı haqda informasiyalar var. Məlumata görə, sonradan prezident İlham Əliyev R.Mehdiyevin ona yalan informasiya verdiyini bilərək, E.Əzizovu daha yüksək vəzifəyə gətirib.
O cümlədən, keçmiş səhiyyə naziri Əli İnsanovun “vurulması”nda da Mehdiyevin xüsusi rolunun olduğu bildirilir. İddia olunur ki, vəzifədə olduğu dönəmdə Əli İnsanovun hər kəsin içərisində Ramiz Mehdiyevi “cırtdan” adlandırması və onun iradəsinə aşkar şəkildə tabe olmaması “boz kardinal”ı çox qəzəbləndirirmiş. Bu səbəbdən, 2005-ci ildə yaranmış fürsətdən istifadə edən R.Mehdiyev onun “quyusunun” daha dərin qazılmasına göstəriş verib. Nəticədə Ə.İnsanov nə az, nə çox düz 12 illik həbsə məhkum edilib…

Mehdiyev icra başçılarından necə haqq toplayırmış…

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bəzi icra başçılarına qarşı həyata keçirdiyi əməliyyatlar zamanı aşkara çıxdı ki, onların hər biri Ramiz Mehdiyevə “haqq” verirmiş. Belə iddialar var ki, icra başçıları saxlanılarkən onların evlərindən və iş otaqlarından çıxan və hazır bağlamalarda olan pullar məhz Mehdiyevə ötürülmək üçün hazırlanıbmış. Üstəlik, R.Mehdiyevin prezidentin ehtiyat fondundan rayonların iqtisadi inkişafı, yolların təmiri və s. məqdsədilə ayrılan vəsaitin də önəmli hissəsinə sahib çıxdığı haqda şok informasiyalar var. Bu haqda növbəti yazımızda geniş məlumat verəcəyik. İndi isə R.Mehdiyevin "qara siyahı"sına düşən bəzi məmurlara qarşı aparılan çirkin kampaniyalar haqda məlumat verək.

Səfər Əbiyevin “vurulma” səbəbləri…

İlk olaraq sabiq müdafiə naziri Səfər Əbiyevin vəzifədən uzaqlaşdırılılması üçün “boz kardinal”ın qurduğu dəhşətli oyunları dəyərli oxucularımızın diqqətinə çatdıraq. Xatırladaq ki, Səfər Əbiyev 2013-cü il oktyabr ayının 22-də vəzifəsindən azad olunub. Daha dəqiq desək, o, 2013-cü ildə baş tutan prezident seçkiləri sonrası İlham Əliyevin formalaşdırdığı yeni komandada yer almadı. Çünki PA rəhbəri Ramiz Mehdiyev uzun müddətdir müdafiə naziri haqqında ölkə başçısına mütəmadi olaraq yanlış informasiyalar verməkdə, onun haqqında cəmiyyətdə mənfi rəy formalaşdırmaqda idi. Məsələn, Milli Orduda baş verən əsgər ölümləri, “dedovşina” halları, korrupsiya, rüşvətxorluq və s. kimi xoşagəlməz hadisələr birbaşa Səfər Əbiyebin adı ilə bağlanır, Mehdiyevin nəzarətində olan media şəbəkəsi Prezident Administrasiyasından gələn tapşırıq əsasında gecə-gündüz müdafiə nazirini ittiham edirdi. Halbuki, ordudakı bir çox neqativ halların Baş qərargah rəisi Nəcməddin Sadıkovun göstərişi və onun yaxın adamları tərəfindən həyata keçirildiyi haqda çoxsaylı faktlar mövcud idi. Buna rəğmən, Müdafiə Nazirliyindəki rusbaşlılar və “5-ci kolon”un üzvləri öz cinayətlərini nazirin adına çıxmaqla, onu cəmiyyətdə və prezidentin yanında gözdən salmağa çalışırdılar.

Müdafiə nazirinə qarşı aksiyaların təşkili

Bütün bunlara paralel olaraq, Bakının mərkəzində ayrı-ayrı vaxtlarda “Əsgər ölümlərinə son!” şüari ilə etiraz aksiyalarının keçirilməsi də məhz PA rəhbərinin tapşırığı və nəzarəti altında baş tuturdu. Hansı ki, bu aksiyaların keçirilməsi üçün illərdir Prezident Administrasiyasından qidalanan bəlli müxalif şəbəkə ilə yanaşı, bəzi iş adamlarına da müvafiq göstərişlər verilirdi. Mehdiyevə xidmət edən müxaliflərin kimliyi artıq hər kəsə bəlli olsa da, Səfər Əbiyevə qarşı keçirilən aksiyanın təşkilində iştirak edən iş adamlarından biri kimi “Sədərək” Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəylinin adını çəkə bilərik. Hansı ki, hər dəfə aksiyadan bir neçə saat əvvəl onun göstərişi ilə çoxsaylı avtobuslar ayrılar və sözügedən ticarət mərkəzində çalışan sahibkarlar və satıcılar bir aylıq “yer pulu”ndan azad olunmağın qarşılığında, Bakının mərkəzinə gətirilərdi. Sonradan onlar əvvəlcədən verilmiş təlimatlara uyğun olaraq müxtəlif hissələrə bölünərək aksiyaçılara qatılar və “Əsgər ölümlərinə son!”, “Müdafiə nazirinə istefa!” şüraları səsləndirərdilər.

ABŞ səfiri ilə görüşün video-lentə alınması…

Əlbəttə, mediada aparılan qarayaxma kampaniyası, şəhərin mərkəzində (Məsələn, “Torqovı” kimi tanınan ərazidə – müəl.) keçirilən aksiyalarla yanaşı, Səfər Əbiyevə Prezident Adminstrasiyasından çoxsaylı siyasi basqılar da olurdu. 2013-cü ilin prezident seçkilərindən az əvvəl müdafiə nazirinin ABŞ səfiri ilə görüşünün video-lentə alınmasını buna misal göstərə bilərik. Hansı ki, bu fakt ictimailəşəndən sonra çoxları bunun S.Əbiyevin şəxsi iradəsi ilə baş tutduğunu düşünsə də, əslində, ABŞ səfiri ilə danışıqların dipolamtik normalara zidd olaraq video-lentə alınması “5-ci kolon” rəhbərliyinin, konkret olaraq Ramiz Mehdiyevin göstərişi ilə reallaşmışdı. Hansı ki, sonradan bu məsələnin efirə ötürülməsi ABŞ-la münasibətlərimizə çox böyük zərbə vurmaqla yanaşı, Səfər Əbiyevin özünü də ruspərəst məmurlar qarşısında müdafiəsiz qoydu.

“5-ci kolon”un silah biznesini ələ alması

Dəyərli oxucularımız sual verə bilər ki, Ramiz Mehdiyev nə üçün Səfər Əbiyevin vəzifədən azad olunmasını istəyirdi. Bu sualı bir cümlə ilə belə cavablandıra bilərik ki, müdafiə nazirinin Rusiyadan üz döndərərək qardaş Türkiyə ilə münasibətlərə önəm verməsi və Azərbaycan ordusunun NATO-ya inteqrasiyası “5-ci kolon”u çox narahat edirdi. Doğrudur, silah alış-verişi S.Əbiyevin nəzarətindən çıxarılaraq, baş nazirin birinci müavini, Kremlin ölkəmizdəki “ən parlaq” simalarından biri olan Yaqub Eyyubovun nəzarətinə verilmişdi. Hansı ki, 2013-cü ilədək Azərbaycan müdafiə nazirinin xaricdən bir patron almaq salahiyyəti belə, yox idi. Bu sahə birbaşa ruspərəst məmurlara həvalə olunduğundan, onlar da istədikləri vaxt Rusiyanın yararsız məhsullarını “yararlı” adı ilə alıb gətirir, sonra isə müxtəlif yollarla məhv edib, izi itirməyə çalışırdılar. Buna misal olaraq, bir faktı qeyd edə bilərik. Təxminən 2012-13-cü illərdə Rusiyadan alınan 30 milyon dollarlıq patron istifadəyə yararsız olduğundan, müdafiə naziri onu öz anbarına qəbul etməmişdi. Sonradan həmin patronları məcburi qaydada Dövlət Sərhəd Xidmətinə (DSX) qəbul etdirmişdilər. Bir müddət sonra isə bu işi ört-basdır etmək üçün DSX-ya məxsus hərbi hissədə yanğın çıxararaq, izi itirməyə nail olmuşdular.

Rusiyadan keyfiyyətsiz silahların alınması

“5-ci kolon” Azərbaycanın silah biznesini öz əlinə götürməklə, həm özləri dövlət büdcəsi hesabına varlanır, həm də Rusiyanın zay, yararsız məhsullarını, müasir tələblərə cavab verməyən silahlarını alaraq, bu ölkəyə milyonlar qazandırırdı. Buna paralel olaraq Avropadan və Türkidəyən daha sərfəli qiymətə və daha müasir silahların alınmasına da mane olurdular. Bu isə Səfər Əbiyevi narahat edirdi. Çünki o, bir müdafiə naziri olaraq Ali baş komandan qarşısında hər an müharibəyə hazır olmaq öhdəliyi götürmüşdü. Lakin nazir yaxşı bilirdi ki, Rusiyanın keyfiyyətsiz silahları ilə müharibə aparmaq mümkün deyil. Odur ki, dəfələrlə Türkiyədən və Avropa ölkələrindən NATO standartlarına cavab verən silahlar almağa cəhd etsə də, hər dəfə Ramiz Mehdiyev tərəfindən prezidentə verilən yanlış informasiyalar əsasında onun qarşısı alınmışdı.

Mehdiyevin Türkiyəyə nifrəti

Onu da əminliklə qeyd edə bilərik ki, Səfər Əbiyevin qardaş Türkiyənin ordu generalları ilə şəxsi və işgüzar əlaqələrinin yüksək səviyyədə olması, nüfuzlu Paşalarla tez-tez görüşməsi R.Mehdiyevi daha çox narahat edirdi. Ona görə ki, kommunist təfəkkürü ilə “yoğrulan” bu adamın içərisində Türkiyəyə qarşı çox böyük nifrət var. Təsadüfi deyil ki, uzun illər Azərbaycanda ən önəmli postlardan birinə sahib olsa da, bir dəfə də Türkiyəyə səfər etməyib, yaxud qardaş ölkədən gələn nümayəndə heyətinin qarşısına çıxmayıb. Buna rəğmən, il ərzində ən azı 2-3 dəfə Rusiyaya rəsmi və qeyri-rəsmi səfərlər edib, Moskvadan gələn qonaqları şəxsən qəbul edib və s.

Tahir Kərimovun “vurulması”

Ramiz Mehdiyevin Türkiyəyə qarşı dərin nifrət bəslədiyi və Azərbaycanın qardaş ölkə ilə əlaqələrinə hər bir vasitə ilə mane olmağa çalışdığı haqda daha bir nümunə gətirə bilərik. Söhbət Salyanın icra başçısı Tahir Kərimovun 2016-cı ildə vəzifədən uzaqlaşdırılmasından gedir. Öncə onu xatırladaq ki, Tahir Kərimov medianın yaddaşında gül çələnginin altından keçərək, “özünü Osmanlı sultanlarına bənzədən icra başçısı” kimi qalıb. Ramiz Mehdiyevin nəzarətində olan mətbu orqanlar həmin vaxt başçının guya, elə bu səbəbdən, yəni “hakimiyyət iddiası olduğu” üçün “vurulduğunu” yazırdı. Əslində isə, həqiqətlər zamanın özündə gizliymiş və bu gün ortaya çıxan faktlar sübut edir ki, Tahir Kərimov məhz Türk və içərisində qardaş Türkiyəyə sevgisi olduğu üçün vəzifədən azad olunub. Sadəcə, həmin vaxt Prezident Administrasiyasından qidalanan jurnalistlər və “5-ci kolon”un sosial şəbəkədəki “trolları” əsl həqiqəti “yuxarı”dan gələn göstəriş əsasında tamamilə fərqli istiqamətdə təqdim ediblər. Hətta Ramiz Mehdiyev bu məsələ ilə bağlı cəmiyyətdə mənfi rəy formalaşdırmaq üçün bəzi siyasilərdən, deputatlardan və partiya sədrlərindən də istifadə edib. Hansı ki, bunlardan biri – Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev özünün mediaya müsahibəsində bu faktı etiraf edir. Gəlin, ilk olaraq H.Hacıyevin fikirləri ilə tanış olaq: “Ramiz Mehdiyev heç vaxt imkan vermirdi ki, Azərbaycan Türkliyə ilə yaxınlaşsın. Məsələn, bir neçə il qabaq Salyan rayonunda Türk əsgərlərinin abidəsi qoyulurdu. Ramiz Mehdiyev o abidəni yığışdıra bilməyəndə başladı Salyan rayonunun keçmiş icra başçısı Tahir Kərimovu şantaj etməyə. Nəticədə o, həmin abidənin sökdürülməsi və yaxud gizlədilməsindən ötrü icra başçısını vəzifədən çıxartdırdı. Sonra türk əsgərinin abidəsi görünməməsi üçün önünə hasar çəkdirdi. Düzdür, o vaxt bizə də deyirdi, biz də Tahir Kərimovun haqqında danışırdıq. Amma sonra araşdırdıq ki, məsələlər elə deyil…
Ramiz Mehdiyev bunu Türkiyə ilə aramızı vurmaq məsədilə etmişdi. Amma Slavyan Universitetində 20 yanvarda Azərbaycan xalqını qanınan qəltan edən adamın – Primakovun ad gününü keçirdi.
Dövlət başçısı görməlidir ki, ətrafındakılar Ramiz Mehdiyevə hansı tellərlə bağlıdır, onun kadrlarının daxildə bir-biri ilə hansı əlaqələri var.
Rayonlara gedən büdcənin 40 faizi Ramiz Mehdiyevə gəlirdi. İcra başçılarını məcbur edirdilər ki, qaytar. Məsələn, Salyan rayonunun keçmiş icra başçısı Tahir müəllimdən soruşun, sizə deyəcək, Ramiz Mehdiyev onu məcbur edirdi ki, rayona ayrılan pulların 40 faizini mənə verməlisən. Verməyəndə, onu işdən çıxartdırmaq üçün şantaj etdirməyə başladı”.

Məlumat üçün bildirək ki, Hafiz Hacıyevin bu müsahibəsi ilə tanış olduqdan sonra, onun dediyi hər bir fikir ətrafında araşdırma aparmağa başladıq. Bu zaman məlum oldu ki, H.Hacıyevin dediyi faktlar Salyanın keçmiş icra başçısı Tahir Kərimovu vəzifədən azad etdirmək üçün R.Mehdiyevin qurduğu oyunun yalnız bir parçasıdır. Bütün bunlar haqda dəyərli oxucularımıza geniş məlumat verəcəyik. Hələlik isə Hafiz Hacıyevin açıqlamasına bir qədər geniş aydınlıq gətirək.
Mötəbər mənbələrdən əldə etdiyimiz bilgilərə görə, 2015-ci ildə Salyanda Türkiyə səfirliyinin vəsaiti hesabına 1918-ci ilin mart qırğınları zamanı şəhid olan Türk general və əsgərlərinin xatirəsinə abidə ucladılması qərara alınır. Bu təşəbbüs Tahir Kərimovdan gəlir və o, həmin abidənin rayonun ən görkəmli yerində ucaldılması haqda göstəriş verir. Həmin yerin seçilməsi zamanı Türkiyə səfirliyinin nümayəndəsi də iştirak edir və qərara alınır ki, abidə rayonun girişindəki dairəvi yolun kənarında qoyulsun. Həmin vaxt bu informasiya PA rəhbəri Ramiz Mehdiyevə çatır. Bu xəbəri eşidər-eşitməz T.Kərimova zəng vuran R.Mehdiyev ondan “nə etmək istədiyini” soruşur. İcra başçısı rayonda Türkiyə ilə qardaşlığımızın simvolu olan abidə qoyulmasına qərar verdiyini açıqlayır. PA rəhbəri bu məsələnin dərhal dayandırılmasını və “Salyanda Türklərə heç bir abidə qoyulmayacağını” bildirir. Ancaq icra başçısı artıq bu məsələnin Türkiyə səfirliyi ilə razılaşdırıldığını və abidənin qoyulmasına sərf olunacaq vəsaitin də ödəndiyini Mehdiyevin diqqətinə çatdırır. Bütün bunlara rəğmən, “boz kardinal” öz fikirlərində israrlı olur.
Bundan sonra, həmin dönəmdə “qılıncının” dalı da, qabağı da kəsən Ramiz Mehdiyevlə üz-üzə durmağın fayda verməyəcəyini düşünən icra başçısı həmin abidənin yol kənarında deyil, indi “Şəhidlər məzarlığı” adlanan ərazidə qoyulmasına qərar verir. Şübhəsiz, bu da, həmin vaxta qədər yaşanan bəzi faktlar (məsələn, rayona ayrılan vəsaitin 40 faizinin geri qaytarılması ilə bağlı yaranmış narazılıq – müəl.) kimi, R.Mehdiyevin qəzəbinə səbəb olur və o, Tahir Kərimovu vəzifədən uzaqlaşdırmağa qərar verir. Bu zaman isə, hər dəfə olduğu kimi, nəzarətində olan media, rayonda ona bağlı olan şəxslər, sosial şəbəkədəki “trollar ordusu”, eləcə də Hafiz Hacıyevin də etiraf etdiyi kimi, ayrı-ayrı siyasilər, deputatlar və s. işə düşür. Üstəlik, R.Mehdiyevin göstərişi ilə Türk general və əsgərlərinin xatirəsinə ucaldılan abidənin önündə hündür hasar da çəkilir. Hətta bu zaman M.Ə.Rəsulzadənin rayonda olan heykəli də hasara salınır.

Salyanda baş tutan qalmaqallı “gül bayramı”

Ramiz Mehdiyevin Salyanın icra başçısına hücum göstərişindən az sonra “5-ci kolon”a xidmət edən şəxslər Tahir Kərimovun əleyhinə kompramat axtarışına çıxırlar. Nəticədə 3 il əvvəl – 2012-ci ildə Salyanda keçirilən “gül bayramı” zamanı icra başçısının məktəblilərin əllərində saxladığı gül çələnginin altından keçməsi onların işinə yarayır. Hansı ki, həmin vaxt Salyan Rayon Təhsil Şöbəsi ilə YAP-ın yerli şöbəsinin sədri Rəşad Cəbrayılovun birgə təşkil etdiyi “gül bayramı” zamanı, bir çox şəxslərlə yanaşı, icra başçısı Tahir Kərimov da gül çələnginin altından keçərək, tədbirə daxil olmuşdu. 3 il sonra bu fotoları üzə çıxaran mehdiyevçilər mətbuatda və sosial şəbəkələrdə belə bir fikir formalaşdırmağa çalışdılar ki, guya, T.Kərimov bununla “özünü Osmanlı sultanlarına bənzədib” və “hakimiyyət iddiasındadır”. Ən maraqlısı isə odur ki, əldə etdiyimiz məlumata görə, bu fotolar YAP-ın yerli şöbəsinin sədri Rəşad Cəbrayılov tərəfindən siyasi mühacirətdə olan Günel Mövludə ötürülüb və sosial şəbəkələrdə də ilk dəfə onun tərəfindən yayılıb. Bundan sonra isə Prezident Administrasiyasından verilən göstəriş əsasında mətbuatda və sosial şəbəkələrdə qarayaxma kampaniyasına start verilib. Hətta özünü “obyektiv və qərəzsiz” kimi təqdim edən ANS  televiziyası belə, bütün bir gününü Tahir Kərimovun müzakirəsinə sərf edib, Mehdiyevə xidmət edən şəxslər bir-bir efirə çıxarılaraq, icra başçısının əleyhinə danışdırılıb.
Etibarlı qaynaqdan əldə etdiyimiz məlumata əsasən, əslində Tahir Kərimovun həmin görüntüləri sözügedən tədbirdən sonra Salyan Rayon İcra Hakimiyyətinin saytında da yerləşdirilib. Lakin həmin fotoları saytdan götürmək mümkün olmayıb. Sonradan rayonda əksər tədbirlərin təşkilatçılarından olan YAP-ın yerli şöbəsinin sədri Rəşad Cəbrayılov məqsədli şəkildə bu şəkilləri sosial şəbəkələrə ötürüb. Hətta onun fotoşəkillərdən başqa, Tahir Kərimovun müxtəlif tədbirlərdəki çıxışlarını da montaj edərək yaydığı haqda faktlar mövcuddur. Hansı ki, həmin görüntülərin bir çoxu nə İcra Hakimiyyətinin saytında, nə də internet portallarında olmayıb, yalnız Rəşad Cəbrayılovun arxivində saxlanılıb.
Əlbəttə, Ramiz Mehdiyevin göstərişi ilə Tahir Kərimova qarşı aparılan qarayaxma kampaniyası təkcə yuxarıda sadalanan faktlarla yekunlaşmır. Növbəti sayımızda bu faktların hər biri, eləcə də Mehdiyevin digər məmurları, deputatları və iş adamlarını “vurmaq” üçün hansı qanunsuz göstərişlər verməsi ilə bağlı oxucularımıza geniş məlumat verəcəyik. Üstəlik, onları da biləcəksiniz ki:
– Prezidentin rayonlara ayırdığı pulların neçə faizi Ramiz Mehdiyevin hesabına yatırmış?
– Hər ay icra başçıları Prezident Administrasiyasının rəhbərinə nə qədər “haqq” göndərirmiş?
– İcra başçısı vəzifəsinə təyin olunmaq istəyənlər üçün rayonlar üzrə hansı qiymətlər müəyyən olunubmuş?
– Ramiz Mehdiyevin göstərişi ilə hansı rayonda və nə məqsədlə prezidentin kartejinin önünə it leşi atılmışdı?
– R.Mehdiyev “qara siyahı”sına düşən məmuru, deputatı və ya iş adamlarını kimlərin və hansı media orqanlarının vasitəsilə “ləkələyir”, sonra onları “vurdurur”muş?

“Hürriyyət”