​“Qazilərə nə zaman mənzil veriləcək, yoxsa gözlədirlər ki, son mənzilə yola salsınlar?!”

Baxış sayı:
823

“Açıqlanan məlumata görə, 31 dekabr 2018-ci il tarixinə Dövlət Neft Fondu (DNF) tərəfindən maliyyələşdirilməsi davam edən “Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması” layihəsinə 2001-2018-ci illər ərzində ümumilikdə 2 302,7 milyon manat vəsait ayrılmış və bu vəsait hesabına 33 781 ailə üçün fərdi evlərdən ibarət 71 qəsəbə, habelə hündürmərtəbəli binalardan ibarət 17 məhəllə və sosial-infrastruktur obyektləri tikilmişdir. DNF-nin 2019-cu il üçün büdcəsində bu məqsədlə 200 milyon manat nəzərdə tutulub”.
Bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.
“Beləliklə də 2001-ci ildən indiyə qədər mənzil tikintisinə 2,5 milyard manatdan çox vəsait xərcləyən ölkənin bütövlüyü uğrunda müharibədə bədəninin bir hissəsini itirən Qarabağ qazilərinə mənzil vermək olmazdımı? Cəmiyyət indiyə qədər yalnız onlara deyil, hətta şəhid ailələrinə qarşı biganə münasibətə nə qədər şahidlik edəcək. Biz zamanlar şəhid ailəsinə ayrılan pullar ünvanına çatdırılmayanda da eyni münasibətin şahidi olduq, sonradan vətəndaş fəallığı sayəsində bu problem həll olundu. Hesab edirəm ki, biz toplum olaraq Qarabağ qaziləri üçün torpaq ayrılmasına və onlara ev tikilməsi üçün DNF-dən vəsait ayrılmasına nail olmalıyıq”,-deyə iqtisadçı vurğulayıb.
Q. İbadoğlu qeyd edib ki, Binəqədi rayonunda 248, Nəsimi rayonunda 144, Yasamal rayonunda 165, Qaradağ rayonunda 74, Nizamı rayonunda 159, Nərimanov rayonunda 270, Səbail rayonunda isə 127 nəfər Qarabağ müharibəsi əlili, şəhid ailəsi və digər imtiyazlı qruplar mənzil növbəsi gözləyir, onların arasında ən gəncinin 50 yaşı vardır, əksəriyyəti 60 yaşa çatıb: “Görəsən, onlara nə zaman mənzil veriləcək, yoxsa gözlədirlər ki, son mənzilə yola salsınlar?!”