QARABAĞDA ATƏŞKƏS NİYƏ POZULUR? - Paşinyan Moskvanın Qarabağ planlarında aktiv rol oynamağa razılaşıb

Baxış sayı:
448

Son iki həftədə Qarabağda atəşkəs üçüncü dəfə pozulub. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Bundan əvvəl Ağdam və Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub, bir hərbçimiz ağır yaralanıb. Bu hadisəyə nə Rusiya, nə də Ermənistan hər hansı reaksiya verməyib.

Dünən həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb.

Erməni mənbələri iddia edir ki, Naxçıvanla sərhədində atışma zamanı erməni hərbçisi ölüb.

Qeyd edək ki, sonuncu hadisələr Prezident Administrasiyasının Şuşaya xarici diplomatların Şuşaya təşkil etdiyi səfərdən bir neçə gün sonraya təsadüf edib. Bu səfər Ermənistanı narahat edib, Xarici İşlər Nazirliyi Azərbaycana nota ünvanlayıb.

Azərbaycan XİN isə bəyan edib ki, ölkənin beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz.

 

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı açıqlama da əvvəlkilərdən fərqlənir. Belə ki, yayılan mətndə “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazi” ifadəsindən istifadə edilib. Eyni zamanda Nazirlik atəşin həmin qüvvələrin məsuliyyət zonasında yerləşən qanunusz erməni silahlı birləşmələri tərəfindən açılmasını xüsusi ilə vurğulayıb. Bəyanat informasiya xarakteri daşımaqla yanaşı Rusiyaya ünvanlanıb və Moskvanın bölgədəki fəaliyyətindən açıq narazılıq ifadə edilib.

Açıq mətlə ifadə olunub ki, Rusiyanın bölgədəki sülhməramlı missiyası müvəqqətidir və onun öz funksiyasını yerinə yetirməməsi getdikcə Bakıda inamsızlığı gücləndirir.

Bəs Rusiya bölgədə atəşkəsin kövrək olduğunu nümayiş etdirməkdə niyə maraqlıdır? Məntiqlə Kreml özünü dünyaya bölgədə sabitləşdirici qüvvə kimi təqdim etməlidir. O zaman yeni müharibə riski ab-havası yaratmaq onun hansı çıxarlarına uyğundur?

Bu sualın cavabını axtarmaq üçün Ermənistanda növbədənkənar seçkilərdən sonra intensivləşən Paşinyan-Putin əlaqələrinə diqqət etmək lazımdır.

Eyni zamanda Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladıqları birgə Bəyənnamənin də bu məsələdə xüsusi rolu var.

Əvvəla, açıq görünür ki, Paşinyan Putinin tələbələri ilə tam razılaşıb. Müşahidəçilər əmindirlər ki, o Moskva qarşısında ciddi öhdəliklər götürməsəydi, seçkilərin qalibi ola bilməzdi. Daha doğrusu Kreml buna imkan verməzdi. Hər halda seçkidən sonra Ermənistanda Rusiyapərəst müxalifətin nəticələrlə razılaşıb kütləvi iğtişaşlardan qaçması bu ehtimalı artırır.

İkincisi, seçkidən dərhal sonra Azərbaycanla sərhəddə Rusiya hərbçilərinin yerləşdirilməsi istiqamətində addımlar atılmağa, sərhəd mühafizəsinin Rusiya Sərhəd Xidmətinin nəzarətinə veriləcəyinə dair fikirlər səsləndirilməyə başladı. Hələlik bu reallaşmasa da, Ermənistanın Azərbaycanla sərhədinə rus hərbçilərini yerləşdirəcəyi istisna deyil.

 

 

Üçüncüsü, Paşinyan seçkidən sonra ilk səfərini Moskvaya edərək Putinlə geniş müzakirələr apardı. O Moskvadan qayıtdıqdan dərhal sonra Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan İrəvana gəldi və Paşinyanla görüşdü. Bu görüşdə Ermənistanın seprataçılara itisadi yardımı müzakirə olundu.

Eyni zamanda Qarabağın yaşayan ermənilərə statusu əldə edilməsi məsələsinin yenidən beynəlxalq birliyin gündəmində saxlamağın vacibliyi vurğulanıb və sair.

Yəni, bütün bu hadisələrdən o nəticə çıxır ki, Paşinyan Rusiyanın Qarabağ planlarında aktiv rol oynamağa razılaşıb. Bu həm separatçıların siyasi, mənəvi, iqtisadi baxımdan dəstəklənməsi, həm də bölgədəki silahlı birləşmələrdən Azərbaycana qarşı istifadə olunmasını əhatə edir.

Bunun nəticəsidir ki, Ermənistan xarici diplomatların Şuşaya səfərinə etiraz etməyə cürəti çatır, üstəlik şəhərədki mövqelərimizi atəşə tutur. Bu, dolayısıyla Rusiyanın mövqeyidir və ermənilərin dili ilə Azərbaycana çatdırılır.

Bu hadisəyə paralel olaraq, Rusiya Dövlət Duması spikerinin Azərbaycanın KTMT-yə tərəfdaş üzv olmaq üçün müraciət etdiyi barədə bəyanatını yada salmaq lazımdır. İddia olunur ki, Pakistan və Azərbaycan hərbi ittifaqda məşvərətçi səslə müşahidəçi olmaq istəyir.

Rəsmi Bakı bunu nə təsdiq, nə də təkzib etsə də, hazırda bu məsələnin Bakının gündəmində olmadığı şübhə doğurmur.

 

 

Hər halda Azərbaycan Prezidenti İlham Əliyev dünən-iyulun 13-də Qoşulmama Hərəkatı XİN rəhbərlərinin onlayn toplantısında çıxş edərkən verdiyi mesajlar belə söyləməyə əsas verir:

“…Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu…

…sizi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək”.

Bu mesajlar Azərbaycanın hər hansı hərbi bloklara qoşulamayacağını ehtiva edir və Rusiyanın Bakını özünün inteqrasiya layihələrinə qoşmaq niyyətinə cavab sayıla bilər.

 

 

Hadisələri şərh edən politoloq Rauf Mirəqdirov hesab edir ki, Rusiya regiona kənar qüvvələrin daxil olmasının qarşısını almaq üçün Rusiya ən azı orta perspektivdə Qarabağ münaqişəsini yarımaktiv şəraitdə saxlamağa çalışacaq: “Əsas məqsəd odur ki, hər iki dövlət Rusiyadan asılı olsun. Paralel olaraq, başqa qlobal oyuncuların dövriyyəyə girib, münaqişənin həllinə meyl etməsinə imkan verməyəcək. Bu, yaxın gələcək üçün mühüm vəzifədir. İkincisi, daha uzaq perspektivdə hər iki ölkəni özünün inteqrasiya layihələrinə cəlb etmək niyyəti var. Beləliklə, məqsəd Rusiya imperiyasını mümkün qədər köhnə sərhədlərdə bərpa etməkdir”.

Poltoloq Elxan Şahinoğlu isə atəşkəsin pozulmasının səbəblərini şərh edərkən xatırladıb ki, Qarabağdakı əli silahlı erməni separatçıları əvvəlcə Ağdama doğru atəş açdılar: “Ona görə ki, bizə “yenidənqurma işlərinizə mane olacağıq” demək istədilər. İndi isə xarici ölkə səfirlərinin Şuşaya səfərinə pulemyot və avtomatlardan atəş açmaqla “cavab” verdilər”.

Ekspert vurğulayıb ki, erməni separatçılarının sağa-sola atəş açmaları Qarabağdakı Rusiya hərbçilərini narahat etmir, özləri şərait yaradırlar və Moskva Bakının izahat tələblərini qulaqardına vurur: “Burası aydındır. Biz bu vəziyyətdə nə etməliyik? Əsas sual budur”.

 

 

Elxan Şahinoğlunun sözlərinə görə, təxribatların qarşısını almaq və münaqişəyə birdəfəlik son qoymaq üçün Azərbaycan hərbçiləri ilkin mərhələdə Şuşanın kəndlərinə və Xocalıya daxil olmalı, Qarabağdakı erməni separatçıları tərksilah etməlidir.

Ekspert Qarabağın tamamı Azərbaycan Konstitusiyasına və qanunlarına tabe olması üçün Laçın dəhlizi başda olmaqla Ermənistanla sərhəd tam nəzarət altına alınmasının zəruri olduğunun vurğulayır./azpolitika