Qarabağ “düyünü”nü kim açacaq - Rusiya, yoxsa Azərbaycan əsgəri?

Baxış sayı:
553

Danışıqlar ətrafında yaranmış pat vəziyyət dəyişməyə məhkumdur; rusiyalı politoloq: “Paşinyan güllələnən baş nazirin taleyini yaşamaqdan qorxur...”

Azərbaycan prezidenti İlham Əliyevin Soçidən, “Valday” forumundan Dağlıq Qarabağla bağlı işğalçı Ermənistana göndərdiyi son ismarışlar, Nikol Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” sərsəmləməsinə “Qarabağ Azərbaycanındır və nida işarəsi!” bəyanatı ilə sərt və tutarlı cavab verməsi, gözlənildiyi kimi, düşmən ölkədə əməlli-başlı çaşqınlıq yaradıb. Təkcə bu fakt ki, İlham Əliyevin forumdakı çıxışını dərc edən İrəvan saytlarından birinin redaksiyasına basqın olub, bir neçə nəfər döyülüb, özlüyündə çox şey deyir.

Bu da sizə indi Paşinyanın Ermənistana gətirdiyi demokratiya, plüralizm, söz azadlığı. “Məxməri inqilab”ın böyük “uğurları”. Başqa kontur-faktlar da var.

*****

“Mən qorxunc Əliyev haqda nağıllar eşitmək istəmirəm. Və ya yüksək tribunalardan ”Ararat bizim dağdır, bizimdir, bizim" (erməni mahnısı - “YM”) ruhunda xarici siyasət mətnləri də eşitmək istəmirəm". “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri İrəvandakı “Matenadaran” İnstitutunun elmi əməkdaşı, tədqiqatçı QayaneAyvazyan prezident İlham Əliyevin Soçidəki çıxış və açıqlamaları ilə bağlı şərhində yazıb.

Ayvazyan daha sonra qeyd edir: “Bizim şanlı erməni mətbuatının və diplomatlarımızın İlham Əliyevin Soçi bəyanatına reaksiyasını oxuyuram. Əliyev Paşinyanın irəli sürdüyü iki ziddiyyətli postulata münasibət bildirib: 1.”Arsax" (dırnaqlar bizimdir - “YM”) - Ermənistandır və nöqtə" və 2. Konfliktin həlli Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqları üçün məqbul olmalıdır. Əliyev isə deyib ki, “Qarabağ Azərbaycanındır və nida işarəsi”. Amma bundan sonrakı hissəni erməni mediası gizlədir və əsasən əvvəlki hissəni yayır - bununla da təhrifə yol verməklə özünə təsəlli verməyə çalışır. Erməni məmurları isə ifadəni qorxunclaşdırmağa cəhd edirlər. Əlbəttə ki, nə deyərsən, o cür də qarşılığını alarsan. Əliyev isə çıxışının ikinci hissəsində, - hansı ki, erməni KİV-ləri ondan əsasən yan keçir, - Ermənistanın baş nazirinə ağıllı bir irad tutub. Deyib ki, Dağlıq Qarabağ xalqı yoxdur, Dağlıq Qarabağın eyni hüquqlara malik azərbaycanlılar və ermənilərdən ibarət əhalisi var. Bu, çox savadlı ifadədir. Mən indi erməni tərəfinin buna reaksiyasını bilmək istərdim. Mən qorxunc Əliyev haqda nağıllar eşitmək və ya yüksək tribunalardan “Ararat bizim dağdır, bizimdir, bizim” ruhunda xarici siyasət mətnləri eşitmək istəmirəm".

karabakh osce ile ilgili görsel sonucu

Göründüyü kimi, erməni yalan maşını Qarabağla bağlı öz xalqını aldatmağa və yalançı eyforiya yaratmağa davam edir. Bu, əlbəttə ki, ən əvvəl işğalçı ölkənin rəhbərlərinin iradəsinə bağlı məsələdir. İlk növbədə onlar erməni xalqına gerçəyi söyləməli, erməni xalqını ədalətli sülhə hazırlamalıdırlar, nəinki Ayvazyanın da qeyd elədiyi kimi, Qarabağ haqda nağıllar danışmalı və mifik hərbi qələbədən dəm vurmalıdırlar.

Təəssüf ki, yeni baş nazir Nikol Paşinyan da bu missiyanı öz üzərinə götürməyə risk eləmədi və “axına qoşuldu”. Hətta Qarabağ məsələsində sələflərindən də artıq radikallığa kökləndi, sələflərinin belə dilə gətirmədiyi, sülh prosesini sıfırlayan sərsəm bəyanatlar verdi. Təbii ki, Azərbaycandan cavabını aldı, özü də artıqlaması ilə. Paralel surətdə konfliktin dinc həll perspektivi qeyri-müəyyən vəziyyətə gəldi, müharibə ehtimalı daha da yüksəldi.

Bu vəziyyəti müsbətə dəyişməyin isə iki yolu görünür: ya Azərbaycan Ordusu, nəhayət, hərəkətə keçməlidir, ya da Ermənistanın ağası Rusiyanın rəhbərliyi erməni başbilənlərini ağla gətirmək üçün qərar verməli, Qarabağ “düyünü”nü açmalıdır. “Valday” forumunda Azərbaycan və Rusiya liderləri arasında reallaşan səmimi görüşlər, Dağlıq Qarabağ mövzusunda müzakirələr, habelə Rusiya prezidenti Putinin öz azərbaycanlı həmkarının Qarabağ həqiqətləri barədə çıxışını maraqla dinləməsi söyləməyə əsas verir ki, əslində Moskva da situasiyanın fərqindədir və nəsə etmək lazım olduğunu anlayır. Ancaq edəcəkmi?   

karabakh osce ile ilgili görsel sonucu

“Rusiyanın Qarabağ məsələsi ilə bağlı mövqeyi prinsipial və dəyişməz qalır: problemin həlli sırf sülh xarakteri daşımalıdır. Rusiya bu münaqişənin həllində inkişafa nail olmaq üçün bütün zəruri səyləri göstərməyə hazırdır”.

Bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev prezident İlham Əliyevin “Valday” forumundakı çıxışını təhlil edərkən və konfliktin həllində Rusiyanın rolundan danışarkən deyib. Savelyev əmindir ki, Ermənistan Azərbaycan ərazisini qeyd-şərtsiz azad etməyə borcludur: “Dağıdılmış və təhqir edilmiş Dağlıq Qarabağ işğaldan azad edilmiş, çiçəklənən Azərbaycan torpağına çevrilməlidir. Görün, 2016-cı ildə azad edilmiş ərazidə nə qədər işlər görülüb! Bu, onu göstərir ki, münaqişə beynəlxalq hüquqa müvafiq surətdə həll ediləndən sonra Dağlıq Qarabağı necə bir inkişaf gözləyir. Şübhəsiz ki, rusiyalılar Dağlıq Qarabağ ətrafındakı vəziyyətə laqeyd qala bilməzlər, çünki ölkəmiz ATƏT-in Minsk Qrupunun həmsədridir”.

Deputata görə,Rusiya sərhədlərindəki münaqişənin eskalasiyasının Cənubu Qafqazda sabitliyə daim təhlükə yaratması Moskvaya qətiyyən lazım deyil. “Bu baxımdan Rusiyanın mövqeyi BMT Təhlükəsizlik Şurasının (TŞ) yanaşmalarından köklü surətdə fərqlənir. Nə qədər qəribə səslənsə də, TŞ öz qərarlarının necə icra olunacağına etinasız yanaşır. Təsadüfi deyil ki, Azərbaycan da, Türkiyə də son vaxtlar BMT-nin işinin yetərincə səmərəli olmaması və bu qurumun yenidən təşkil edilməsinin zəruriliyi barədə məsələ qaldırırlar. İkili standartlar yolverilməzdir! Əgər qərarlar qəbul edilibsə, onlar həyata keçirilməlidir, onların icrası isə dünya birliyinin nəzarətində olmalıdır”, - deyə o qeyd edib.

karabakh osce ile ilgili görsel sonucu

Rusiyalı siyasətçi haqlı olaraq onu da qeyd edir ki, hazırda danışıqlar prosesini mahiyyət etibarilə Ermənistan bloklayıb. “Yerevan sülhyaratma prosesini açıq-aşkar ləngidir. Bunu həm ölkə rəhbərliyin təxribat xarakterli bəyanatları, həm də erməni siyasətçilərinin anlaşılmaz kursu göstərir. Elə təəssürat yaranır ki, onların Qarabağ məsələsinə dair heç bir dəqiq strategiyası yoxdur, əks halda, Ermənistanın hətta özünə ziyan vurmaq, perspektivli iqtisadi layihələrdən kənarda qalmaq hesabına danışıqları çıxılmaz vəziyyətə salmaq inadı nə ilə izah oluna bilər. Artıq hamıya aydındır ki, problemi həll etmək lazımdır. Münaqişə daim durğunluq vəziyyətində qala bilməz”, - deyə o əlavə edib.

*****

“Azərbaycan dünyanın hegemon dövlətlərindən Qarabağ münaqişəsinə yanaşmada obyektvilik gözləyir. Əgər hansısa vektor ikili standartlardan əl çəkərsə, biz o istiqamətə vurğu edə bilərik”. Bunu isə politoloq Zaur Məmmədov deyib.

karabakh osce ile ilgili görsel sonucu

Ekspert Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) mümkün üzvlük məsələsinə də toxunub: "Rusiya bizi KTMT-də görmək istəyirsə, münaqişəyə dair Azərbaycanın maraqlarını nəzərə almalıdır. Belə çıxır kı, KTMT-də “iştirakımız” Moskvanın davranışından asılıdır. Digər yandan, Moskva İrəvana deyil, Bakıya vurğu edərsə, regionda sabitlik yaranmış olar. Çünki regiondakı sabitliyin qarantiyası Moskva-Bakı alyansından asılıdır. Azərbaycan Rusiyanın başçılığı altındakı layihələrə yalnız bir halda girə bilər: Rusiya işğal altındakı torpaqları qaytarmağa kömək edərsə. Bu isə o deməkdir ki, üzvlük reallaşan məsələ deyil".

Politoloqun fikrincə, informasiya siyasəti kontekstində ermənilərin işğalçılıq siyasətini xarici KİV-lərdə yaymağımız vacibdir: "Bu istiqamətdə düşmən diasporun taktikası belədir: ermənilərin rus KİV-lərində ruspərəst, ABŞ KİV-lərində isə amerikapərəst çıxışları həmin ölkələrin daxili auditoriyalarını çaşdırmaq məqsədi daşıyır. Hətta Türkiyədə belə ermənilər türklərin başlarını sığallayaraq öz işləri ilə məşğuldur".

Öz növbəsində rusiyalı politoloq Sergey Markov deyib: “Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin ”Kazan formulu" əsasında nizamlanmasında maraqlıdır. Bu isə o deməkdir ki, Ermənistan Dağlıq Qarabağın ətrafındakı torpaqları geri qaytarır və bunun əvəzində 2 dəhliz əldə edir. Bu rayonlar ətrafında demilitarizasiya həyata keçirilir və blokada şəraiti ləğv olunur".

Bu barədə o, Bakıda keçirdiyi mətbuat konfransında deyib (APA).Rusiyalı politoloqun sözlərinə görə, problem ondadır ki, Ermənistan ətraf rayonları Dağlıq Qarabağın tanınması qarşılığında azad etmək niyyətindədir: “Lakin bunun qarşılığında tanınmaya yox, blokadanın qaldırılmasına nail olsalar, çoxları bu kompromisi yetərli hesab etməyəcək. Paşinyan, sadəcə, bundan qorxur. Ermənistan parlamentində güllələnmə hadisəsi yadınızdadır. Paşinyan həmin taleyi yaşamaq istəmir”.

Markov qeyd edib ki, Ermənistan baş naziri bu məsələdə bütün məsuliyyəti Dağlıq Qarabağın erməni icması ilə bölüşmək istəyir. “Bildiyiniz kimi, Qarabağın azərbaycanlı icması etnik təmizləmə təhlükəsi ilə üz-üzə qaldığı üçün bölgəni tərk etmək məcburiyyətində qalıb. Buna görə də o, siyasi məsuliyyəti öz üzərindən atmaq üçün referendum keçirməlidir. Azərbaycan isə artıq gözləməkdən yorulub. Seçkilər, inqilab, erməni hökumətinin formalaşması və s. Nə qədər gözləmək olar?! Bu zəmində Rusiya diplomatiyası strateji səbir nümayiş etdirən Azərbaycana daha hörmətlə yanaşır”, - deyə rusiyalı ekspert əlavə edib.//musavat