“PUTİNİN YALNIZ İKİ VARİNATI QALIB…” – “Ruslar çox nadir hallarda qəzəblənirlər və onda…”

Baxış sayı:
1920

“Neftin qiymətinin çöküşündən hamıdan çox Rusiya itirir”

Karl Marks vaxtilə yazırdı: ”Tarix iki dəfə təkrarlanır: birinci dəfə faciə, ikinci dəfə isə məzhəkə şəklində”. SSRİ-nin dağılması faciə deyildi və bu gün Rusiyada baş verən hadisələr də məzhəkə sayıla bilməz. Ancaq bütün bunlara baxmayaraq, hər halda Sovet İttifaqının parçalanmsı bəşər tarixinin müəyyənləşdirici anlarından biri oldu.

Xammaldan asılı vəziyyətə düşən Rusiya həmişə kövrək və zəif qalacaq. Çünki xammalın qiyməti dəyişkəndir və bu faktor böyük sənaye ölkələrinin iqtisadi dayanıqlığıyla ölçülür. Elə bu səbəbdən də enerji resursu ixraç edən ölkələr həmişə davamlı şəkildə sərmayə kapitalı əldə edə bilməzlər.

Vaxt var idi ki, Rusiya enerji daşıyıcılarının satışı sayəsində Avropanı həyəcana salmağı bacarırdı. Lakin indi dünyada enerji daşıyıcıları kifayət qədərdir. Rusiyalıların bu yaxınlarda səudiyyəlilərlə saziş bağlması neftin qiymətinin qalxmasına təsir göstərmədi. Koronavirus pandemiyası üzündən dünya iqtisadiyyatı daralaraq, enerji daşıyıcılarına olan tələbatın azalmasını qaçılmaz edib.

OPEK-in qiymətləri yüksəltmək cəhdləri hələlik fayda vermir. 1970-ci illərdə neftə olan təlabat kəskin artdığından OPEK vəziyyəti idarə edə bilirdi.O zaman ərəblərin Avropaya neft satışına embarqo qoyması SSRİ və İran kimi ölkələrə müasir iqtisadiyyat qurmağa imkan vermişdi.

Uzun müddət ərzində böyük neft ixracatçıları elə zənn ediblər ki, onların bazara möhtəşəm təsir imkanları var və buna müvafiq şəkildə də daimi gəlirlərlə təmin olunacaqlar. Bir tərəfdən enerji daşıyıcılarının yüksək qiymətləri sayəsində mənfəət əldə edən ölkələr yeni neft və qaz mənbələrinin axtarışına başladılar, digər tərəfdən isə istehlakçılar enerjidən səmərəli istifadə etməyə çalışdılar. 1980-ci illərdə qiymətlər kəskin düşməyə başladı. Bir çox səbəblərə görə Sovet İttifaqı öz mövqeyini itirdi. Bu səbəblər içərisnində sistemin səmərəsizliyi və korrupsiya xüsusi yer tutub.

Sovet İttifaqı üçün 1980-ci illərdə hər şey köklü şəkildə dəyişdi.

Birincisi – Müdafiə büdcəsi xeyli artırılmışdı, çünki Moskva Amerikayla silahlanma yarışına girərək, əfsanəvi “ulduz müharibələri” təşəbbüsünə qarşı öz hərbi proqramını hazırlayırdı.

İkincisi – Enerji daşıyıcılarının qiyməti düşmüşdü. SSRİ hərbi xərclərlə neft qiymətlərinin çöküşü arasında sıxıldı və nəticədə Sovet İttifaqının bünövrəsi sarsıldı.

1991-ci ildə SSRİ-nin dağılmasından sonra Rusiyanın qarşısında əzəli məsələ dayanmışdı. Onlar müasir Potyomkin kəndləri yox, müasir iqtisadiyyat qurmalıydılar. SSRİ-nin süqutundan sonrakı on il ərzində Rusiyada xaos hökm sürüb. Belə ki, investisiya bankirləri və maliyyə oliqarxları özəlləşdirmə şüarı adı altında ölkə sərvətlərini mənimsəməyə girişdilər.

Oliqarxlarla yaxın bağları olan keçmiş DTK polkovniki Vladimir Putin prezident postuna yiyələndikdən sonra ölkədə modernləşmə həyata keçirməliydi. Putin hakimiyyətə gələndən sonra enerji daşıyıcılarının qiyməti kifayət qədər yüksəlmişdi və nəzəri baxımdan müasir iqtisadiyyatın qurulması üçün tələb olunan investisya kapitalı yaratmaq mümkünüydü.

Amma investisiya kapitalının təhlükəsizliyinin təmin edilməsi və onun yaxşı gəlir qazandırması üçün həmin vəsaitlər xaricə daşındı. Getdikcə Putinin hakimiyyəti möhkəmləndi və ölkə iqtisadiyyatına sərmayə qoymağa imkan yarandı. Hakimiyyətə gəlməsində oliqarxlara borclu olan Putin lazım olanı etmədi.

Müəyən vaxtdan sonra enerji resurslarının qiyməti yenidən aşağı düşdü və hətta sənayeyə qoyulan çox kiçik həcmli investisiyalar da dayandı. Son illər isə sərmayə qoyuluşu tam durub.

Hal-hazırda Rusiyanın qarşısında duran məsələ yeni nəsil hipersəs raketlərinin yaradılması və ya qabaqcıl texnologiyalara sərmayə yatırılması yox, ölkənin kollapsa düşməsinə imkan verməməkdir. Ölkə büdcəsi Rusiya Federasiyasının subyektləri arasında bölünür və onlar buradan müəllimlərə, həkimlərə, yanğınsöndürənlərə və digər işçilərə məvacib verirlər. Lakin enerji daşıyıcılarının qiyməti düşdüyünə görə, Rusiya büdcəsi daralır və belə olan təqdirdə təbii ki, regionların iqtisadiyyatı da zəifləyəcək.

Enerji daşıyıcılarının qiymətinin düşməsinə qarşı nə Rusiya, nə də üçüncü dünya ölkələri praktiki olaraq, heç nə edə bilməzlər.

Putin güclü lider olmasına baxmayaraq, onun yalnız iki perspektiv fəaliyyət varinatı qalıb: Stalin metodlarından istifadə edərək, ölkənin boğazından yapışmaq, ya da ki, nəsə başqa bir iş görmək.

Həmin “başqa bir iş” problemlərin mövcud həlli yolu sayıla bilməz. Çünki enerji resusrlarının qiymətinin aşağı düşməsi ölkənin həyatı üçün çox təsirli olacaq. Rusiyadan Almaniyaya təbii qaz nəqlini təmin edəcək ”Şimal axını-2”-nin tikintisi kimi ideyalar artıq köhnəlib. Pandemiya və neftin qiymətinin düşməsi fonunda bu barədə fikirləşmək mənasız görünür.

Rus xalqı dözümlüdür və onlar çox nadir hallarda qəzəblənirlər. Amma hansısa anda onlar hövsələdən çıxırlar və üsyana qalxırlar(1917-ci ildə, İkinci Dünya Müharibəsində Hitler Almaniyasına qarşı və ya 1991-ci ildəki kimi) və onda onlar yenilməz sayılan şeyləri dağıtmağı bacarırlar.

Neftin indiki qiyməti Rusiyanın yalnız həyatda qalmasını təmin edəcək səviyyədədir. Rusların xəstəlik və yoxsulluğa necə dözəcəklərini təsəvvür etmək isə çətindir. Deməli, görünür, Karl Marks səhv edib. Belə ki, tarix məzhəkədən başlayıb, faiciə kimi təkrarlana bilər.

(“MarketWatch”-ABŞ)

Tərcümə: “AzPolitika.info”