PUTİN ÖZ QURDUĞU SİSTEMİN GİROVUNA ÇEVRİLİB – O, “dağılmış Titaniki” sonuna qədər taleyin enişində sürükləməyə məhkumdur

Baxış sayı:
648

Rusiya prezidenti rejimi “əbədiləşdirməyə” çalışarkən, özü də istəmədən sosial gözləntiləri təmsil edən yeni bir “perestroyka” meydana gətirdi…

Rusiya prezidenti Vladimir Putin müsahibələrinin birində “Bunu öz təcrübəmdən bilirəm ki, iki il sonra hökumətin bir çox səviyyəsində normal, ritmik iş yerinə, gözlər yeni varisin axtarışına başlayacaq”, deyə vurğulamışdı. Putin bununla özünün Rusiya üçün “əvəzolunmaz lider” olduğunu ortaya qoymağa çalışırdı. Əslində, bu müsahibə həm də onun qaranlıq niyyətlərini işıq üzünə çıxarmışdı. Necə ki, bir neçə gün əvvəl Rusiyada baş tutan referendum seçkisi nəticəsində, o, 20 illik prezident hakimiyyətindən sonra “çar vadisinə” ayaq basdı.

Əslində, Putin bu sözlərlə zərbəni ətrafında toplaşan oliqarxlar elitasından gözlədiyini də etiraf etmişdi. Bu, həm də onun təsdiqi idi ki, yeritdiyi siyasi xətt elitanı da artıq bezdirib və onlar hər an prezidentə qarşı çıxa bilər.

Özünün də dediyi kimi, Putin bunun – Yeltsinin varisi kimi səlahiyyətləri təhvil almanın – nə olduğunu yaxşı bilir. Hətta Yeltsinin ona layiq bildiyini, ölkəni üçürüma yuvarlatmamaq üçün necə getməyin gərəkdiyini görsə də, xalqa bu yaxşılığı etmədi. Əksinə, prezidentliyini çarlığa transfer etmək üçün qələbələri sırasına yenilərini əvəz etməyə çalışdı. Necə ki, Ukrayna qəzəbini Krım ilhaqı ilə söndürmüş, geo-siyasi səhnədə böyük oyunçu olduğunun sübutu kimi Suriya cəbhəsinə atılmışdı, daha sonra bu ölkə ilə heç bir sərhədi və ya bağı olmadan Liviyada mövcudluğunu diktə etdirərək, xalqın millətçilik hissinə oynamağı yaxşı bacardı.

Şübhəsiz, bütün bunlara rəğmən, Yeltsinin rus xalqı üçün etdiyini Putin etmədi. Onun qorxudan doğan tələskənliyinin bəzi məqamlarını rəqiblərinin gözü ilə nəzərdən keçirək.

“Rusiya kimi zəngin resurları olan ölkə kasıblıq içində boğulur. 18,5 milyondan çox rusiyalı kasıblıq həddində yaşayır. Neftin qiymətinin yüksək olduğu illərdə 6 trilyon dollar əldə etmiş ölkə üçün 21-ci əsrdə biabırçı rəqəmdir”, – deyə Mixail Xodorkovski şərh edir. O, daha sonra əlavə edir:

“Nəyə görə dünyanın təbii resurslarla ən zəngin ölkələrindən birində insanlar acınacqlı şəkildə yaşamaq uğrundan mübarizə edirlər? Nəyə görə nə nefti, nə qazı olmayan ölkələr bizdən daha yaxşı yaşayırlar? Bəlkə ona görə ki, bu ölkələrdə heç kimə 20 il hakimiyyəti qəsb edərək hakimiyyətini sürdürən heç bir qeyri-effektiv şəxsə imkan verməyən şəffaf seçkilər, hakimiyyətin rəqabət əsasında dəyişmə sistemi var? Putinin şəxsi hakimyyətinin sürdürülməsini biz əhalinin 15 faizinin yoxsulluq, 50 faizinin isə kasıblıq həddində yaşaması ilə ödəyirik. Biz kiçik iqtisadi templə hərəkət edirik – öz qonşularımız arasında ən kiçik sürətli templə. Yaşlı əhalinin kiçik pensiyaları, həyat əhəmiyyətli dərmanların çatışmazlığı, gəncliyin çox hissəsinin sosial qalxınmasının yoxluğu hesabına”.

Bütün bunlarla yanaşı, son 20 il ərzində özlərini “sözsüz patriot” hesab edən rusların sayı demək olar ki, iki dəfə aşağı düşüb – 84 faizdən 46 faizə. “Levada” sorğu mərkəzinin apardığı sorğuların nəticələrinə görə isə, ölkənin doğru istiqamətdə getdiyini hesab edən rusların sayı 53 %-dən 43% -ə düşüb. Hər şey “irəli gedir”, amma üzüaşağı.

Artıq Putin epoxasının heç bir uğuru yoxdur. Bütün qazanılmış uğurlar keçmişə aiddir. İndiyə qədər Putinin fəxrlə danışdığı Böyük Vətən Müharibəsindən, Qaqarinin kosmosa uçuşundan başqa artıq fəxr ediləsi nailliyyətləri yoxdur. Əlbəttə, bu şərtlərdə Putinin hakimiyyətdən könüllü şəkildə çəkilməsi ona çətin sosial vəziyyətdə yaşayan qəzəbli xalqın kin və nifrətinin partlaması ilə başa gələ bilər. Hazırkı dönəm isə Yeltsinin zamanından fərqlənir və Putin canını rahatlıqla qurtara bilməz. Buna görə də o, “dağılmış Titaniki” sonuna qədər taleyin enişində sürükləməyə məhkumdur. Bu “Titanik”in tamamilə suya qərq olması isə, həm də onun özünün sonu ola bilər…

Bu arada, Avropa Birliyi Ukraynanın şərqindəki vəziyyətlə bağlı Rusiyaya qarşı sanksiyaları daha 6 ay qüvvədə saxladı. Bu barədə AB-nin yayımladığı bəyanatda deyilir (https://www.consilium.europa.eu/en/press/press-releases/2020/06/29/russi...). Qərar Rusiyanın Donbass rayonu ilə sərhəd əraziləri Kiyevin nəzarətinə verməsini nəzərdə tutan Minsk razılaşmalarının yerinə yetirilməsinə dair analizlərdən sonra verilib. Krımın ilhaqına görə tətbiq olunan sanksiyalardan fərqli olaraq, ikinci sanksiya paketi dövlət banklarına və dövlət korporasiyalarına qadağaları nəzərdə tutur. Sanksiyalar səbəbindən Rusiya 50 milyard, AB 240 milyard vəsait itirdi.

Digər bir məqama nəzər salsaq Kremlin Liviyada Türkiyə ilə qüvvələr balası yaratmaq üçün “Vaqner” muzdlu ordusu ilə Haftara dəstək verməsinə şahid oluruq. Amma burada Rusiyanın apardığı əməliyyatlar bu Afrika ölkəsində mövqe qazanmaqdan çox, Suriyadakı kimi, Türkiyənin qarşısını kəsmək məqsədi daşıyır. Hadisələrə geniş baxış bucağından yanaşsaq, Rusiyanın bu cəbhədə Almaniya və Fransa ilə eyni xətt üzrə addımladığını sezə bilərik. Fransa prezidentinin son vaxtlarda NATO-ya Türkiyədən etdiyi şikayətlərin səssizliklə qarşılanmasını nəzərə alsaq, görə bilərik ki, Makronun Türkiyənin “cəzalandırılması” məsələsində üzünü “beyin ölümü keçirdiyini” bəyan etdiyi NATO-dan Rusiyaya çevirməkdən başqa çarəsi qalmayıb. Bir vaxtlar Afrikada müstəmləkəçi olmuş və müstəqilliyini qazanandan sonra da həmin ölkələrdən “müstəmləkə vergisi” alan Fransa nəyin bahasına olursa-olsun Türkiyəni dayandırmağa qərarlı görünür və özünün Türkiyə ilə bacarmayacağını bildiyi üçün, nə qədər qəribə olsa da, Rusiyanın kölgəsinə sığınaraq irəliləmək fikrindədir. Moskva isə bundan razı görünür. Hər halda Türkiyənin Afrikada qalib gəldikdən sonra üzünü Orta Asiya və Azərbaycana çevirəcəyini təxmin edir. Odur ki, Kremlin bütün hədəfləri Türkiyəni zamanında dayandırmağa xidmət edir.

Rusiyanın bütün cəhdlərinə rəğmən Vaşinqtonun müdaxiləsi ilə tikintisi dayandırılan “Şimal axını 2” qaz kəməri ilə enerji təhlükəsizliyini təmin etmək planları quran və ABŞ-ın keyfiyyətsiz neftindən asılılığa düşmək istəməyən Merkel də Türkiyəyə qarşı Rusiya ilə həmrəydir. Qəribə də olsa, Rusiya ilə iki dünya müharibəsində əks cəbhələrdə vuruşan Almaniya indi Putinin imperiya siyasətinə kömək edən dövlət rolunda çıxış edir. Görünür, Berlin sammitində Türkiyə ilə Liviya məsələsində razılığa hələ bilməyən və Ərdoğanın sammitdən yarımçıq getməsi ilə baş tutmayan toplantının intiqamının ən optimal variantı Rusiyanın Türkiyə ilə çarpışdırılmasıdır – Osmanlı  dövründə baş tutan rus-türk müharibələri kimi. Belə anlaşılır ki, Rusiya Türkiyənin qarşısını Afrikada kəsəcək, digərləri isə rahat şəkildə Afrikanın növbəti müstəmləkəçilik dönəmini  başladacaq.

Əlbəttə, əslində Rusiyanın Avrasiyadakı ən əsas rəqibi Çin olsa da, hələ ki, Afrika məsləsində Türkiyənin kənarlaşdırılmasına çalışan ölkələrdən biri də Çindir. Bu isə o deməkdir ki, Pekin Türkiyəyə qarşı Çinlə həmrəydir.

Beləliklə, Rusiya qlobalizmə boyun əyən 3 dövlətin – Almaniya, Fransa və Çinin – Türkiyəyə qarşı vəkalət savaşını aparmaqda görəvlidir. İstisna deyil ki, Putin bu xidmətlərinin sayəsində “çarlığa” əbədi addımlarla getməkdə qərarlıdır. Şünki, əks halda onun bu “hədiyyə”yə qlobal güclərin “xeyir-dua”sı olmadan irəliləyəcəyini düşünmək sadəlövhlük olardı.

Daha bir məqam referendum seçkiləri nəticəsində Rusiya Konstitusiyasında həyata keçirilən düzəlişlə bağlıdır. Hansı ki, bu düzəlişlərdən birində “Rusiya Federasiyası SSRİ-nin ərazilərindəki hüquqi varisidir”, – deyə vurğulanır. Bu müddəa 1991-ci ilin sonunda – Rusiya BMT Təhlükəsizlik Şurasında SSRİ-nin yerini tutan zaman təsbit olundu. Bu bəndə əsasən bəlli olur ki, “Putin Rusiyası özünü Brejnev SSRİ-si ilə eyni səviyyədə “aparıcı dünya gücü hesab edir”. Brejnev vaxtının sənədlərində vətəndaş hüquq və azadlıqları elan edilmiş, eyni zamanda “Sovet xalqı” şəkilndə də ideoloji birlik müəyyən edilmişdir. Putinin konstitusiya düzəlişlərində də oxşar ziddiyyət var -Rusiya xalqının hüquq və azadlıqları tanınır, lakin ölkə ərazisində olan xalqları da “rus xalqı” adı altında tanıyır. Bu o deməkdir ki, Putin yeni Stalin olmaq xəyalı qursa da, əslində Brejnevin yenilənmiş variantına çevrilir. O, həmçinin, digər bir cəhətdən də keçmiş sovet liderinə bənzəyir: getdikcə daha çox korrupsiyalaşan hakim sinfə – oliqarxlar elitasına nəzarət edir və xalqın buna əbədiyyətə qədər dözə biləcəyini güman edir.

Lakin Putin müasir dünyanın tələblərini qəbul etmək əvəzinə, yeni konstitusiya düzəlişləri ilə Brejnevin səhvini təkrarlayır. Zaman keçdikcə o və onun tərəfdarları oxşar səbəblərdən oxşar problemlə üzləşəcəklər. Bunun ilk əlamətləri Moskvada deyil, muxtar milli respublikalarda və regionlarda artıq görünür. Moskvalılar bu dəyişikliklərə daha çox istəkli görünsələr də, regionlarda və milli muxtar respublikalarda bunu etmirlər. Müxtəlif yollarla etiraz edirlər, artıq sözü ilə əməli düz gəlməyən hökmdarların diktəsi altında yaşamaq istəmirlər.

Görünən odur ki, Putin öz qurduğu sistemin girovuna çevrilib. Sərbəst seçkilərə və həqiqi federalizmə “yaşıl işıq” yandıra bilməz, çünki sistem “şaquli” surətdə dağılacaq. Çünki rejimi “əbədiləşdirməyə” çalışarkən, özləri də istəmədən sosial gözləntiləri təmsil edən yeni bir “perestroyka” meydana gətirdilər.

Bu yaxınlarda sovet dissidenti Sergey Kovalyov xatırladırdı ki, həbsdə olarkən ona konstitusiya haqda şikayətləri dayandırmağı tapşırmışdılar.  Sovet rəsmisi bunu belə əsaslandırmışdı: “Sovet konstitusiyası sizin üçün deyil, Amerikanın qaradərililəri üçün yazılmışdır ki, sovet xalqının necə xoşbəxt yaşadıqlarını başa düşsünlər”. Zənnimizcə, əlavə şərhə ehtiyac qalmır…

Ülviyyə ŞÜKÜROVA