Prezidentlərin görüşü niyə təxirə düşdü? - POLİTOLOQLARDAN ŞƏRH

Baxış sayı:
514

Nəzakət Məmmədova: “Putin paytaxtı qoyub getmək istəmir”

Elxan Şahinoğlu: “Dağlıq Qarabağla bağlı fikir mübadiləsi olmayacaqdı”

Bildiyimiz kimi, dünən Azərbaycan, Rusiya və İran prezidentləri İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani Soçidə görüşməliydi. Lakin Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama yaydı ki, texniki səbəblərlə bağlı görüş təxirə salındı. Buna rəğmən, D.Peskov dünən jurnalistlərə məlumat verib ki, Türkiyə, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli görüşü sentyabrda Ankarada baş tutacaq. Peskov görüş üçün hazırlıqların davam etdiyini də deyib. Nəzərə alsaq ki, Rusiya prezidenti Vladimir Putin azərbaycanlı və iranlı həmkarlarıyla görüşü təxirə saldığı halda Fransaya səfərini də təxirə salmayıb və sentyabrın 19-da fransalı həmkarı Emmanuel Makronla görüşmək üçün Parisə gedəcək, bu halda Soçi görüşünün təxirə salınması suallar doğurur. Bu səfərin təxirə salındığı ərəfədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ermənistana səfəri də diqqəti çəkir.

“Putin bu gün böyük etirazlarla üzbəüz qalıb”

Soçi görüşünün təxirə salınmasını şərh edən politoloq Nəzakət Məmmədova “Hürriyyət”ə dedi ki, bu, texniki səbəblərə görə deyil: “Çünki Rusiya kimi bir dövlətin başçısının protokol xidməti, bu görüşü təşkil edənlər o qədər səhlənkar ola bilməz ki, orada texniki problem yaransın. Aydın məsələdir ki, bu, daha çox Rusiyadakı iğtişaşlarla bağlı ola bilər. Putin bu gün böyük etirazlarla üzbəüz qalıb. Yəqin ki, həmin məsələ ilə bağlıdır. Yəni paytxatı qoyub getmək təhlükəli sayılır. Çünki belə iğtişaş olanda prezident sarayını tuta bilərlər. Yəqin Putin ona görə paytaxtadan çıxmır ki, özü paytaxta, proseslərə nəzarət edə bilsin. Çox güman ki, bununla bağlı o, paytxatı tərk eləmir. Çünki paytaxtı, prezident administrasiyasını qoyub Soçiyə getmək vəziyyətə nəzarəti çətinləşdirə bilər. Yəni Soçidən vəziyyətə nəzarət etmək çətin ola bilər.

Müqayisə üçün deyim ki, 1991-ci ildə Qarabaçovun üzləşdiyi məşhur QKÇP hadisələri var idi. Qarbaçov səhv etmirəmsə, onda Yaltada idi, onun rezidensiyasını tutmağa, çevrilişə cəhd etmişdilər. O vaxtı Klıçkov, KQB sədri birləşib Qarbaçovu devirməyə çalışmışdılar. Yəni dünya tarixində belə hadisələr çoxdur. Ona görə də aydın məsələdir ki, Putin paytaxtı qoyub getmək istəmir. Uzaqdan prosesləri idarə etmək daha çətindir, nəinki Moskada oturmaq. Yəni fiziki baxımdan paytaxtı qoyub getmək düzgün deyil. Həm də o, özü paytxatda olmasa, şaiyə yaya bilərlər ki, qaçıb gedib”.

“Putinə başa salmaq istəyirlər ki, hakimiyyətdən əl çək”

“Maraqlıdır ki, Soçi görüşü təxirə salınır, ancaq Türkiyə, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli görüşünün sentyabrda Ankarada baş tutacağı barədə məlumat yayılır. Bu halda, bu görüşün təxirə salınmasına Azərbaycan səbəb ola bilərmi” sualına N. Məmmədova belə cavab verdi: “Görüşün təxirə salınmasına Azərbaycanın səbəb olması ehtimalı yoxdur. Əvvəlcədən format belə olub ki, Azərbaycan-Rusiya-İran prezidentləri görüşəcəklər. Görüşün təxirə düşməsinə səbəb Rusiya tərəfidir. Bu da təbii ki, Putinin özündən asılı olmayan səbəblərdir. Ölkədə etiraz dalğası baş qaldırıb, hərbi zavodlar partladıldı, meşələrdə yanğınlar baş verdi, Atambayev həbs olundu. Bunlar təsadüfi deyil. Hamısı bir-biri ilə əlaqəli olan şeylərdir, Putinə qarşı, onun hakimiyyətinin bitməsi üçün olan məsələlərdir. Yəni Putinə başa salmaq istəyirlər ki, hakimiyyətdən əl çək və yaxud ən azından bunların başını özünü qatmaq, MBD məkanında yeni nizam yaratmaq istəyirlər. Qərb özləri istədiyi kimi prosesləri idarə etmək istəyir. Rusiyanın başını özünə qatmaq, eyni zamanda xəbərdarlıq etmək istəyirlər ki, sizin yuvanıza belə girərik. Putinə başa salırlar ki, lazım gəlsə, Moskvada belə sənin özünə qarşı iğtişaş törədə bilərik, MDB ölkələrini, Ukraynanı, Qırğızıstanı, Gürcüstanı, Azərbaycanı, Ermənistanı rahat burax. Bu, Qərb tərəfindən Putinə şəxsən bir xəbərdarlıqdır.

Yenə də deyirəm, Soçi görüşünün təxirə salınmasının səbəbi Rusiya tərəfidir. Putin həm prosesləri idarə etmək baxımında paytaxtı qoyub getmək istəmir, həm də şayiələr yayıla bilər ki, qaçdı getdi. Ona görə də paytaxtda oturub”.

“İndidən deyə bilməz ki, bu görüşləri təxirə salıram”

“Bəs, bu halda Ankaraya, Parisə səfərlərini niyə təxirə salmır” sualını isə N. Məmmədova belə cavablandırdı: “O, indidən deyə bilməz ki, bu səfərləri təxirə salıram. Səfəri təxirə salmaq o deməkdir ki, Putin həmin vaxta qədər vəziyyətin düzələcəyinə inanmır və görüşləri təxirə salır. Ona görə də o indidən təxirə sala bilməz. Yəni həm protokol, həm də nümayəndə heyəti baxımından düzgün olmur. O deyir ki, mən gələcəm. Amma həmin vaxta qədər vəziyyət düzəlməsə, çətin ki, ölkədən çıxa. Yəqin ki, vəziyyətə baxacaqlar, vəziyyət daha da gərginləşəcək, yoxsa səngiməyə doğru gedəcək. Türkiyənin özündə “Gəzi Parkı” hadisələri Ərdoğana qarşı nə də qədər davam elədi. Yəni ölkədə gərginlik olanda istər-istəməz ölkə başçısı narahat olur. Amma indidən deyə bilməz ki, bu görüşləri təxirə salıram. Bu, o deməkdir ki, o qorxur. Bu, artıq onun geri çəkildiyini göstərir”.

“Rusiya Azərbaycanın neytal mövqedə olmağını təmin etmək istəyir”

N.Məmmədova hesab edir ki, Patruşevin Ermənistana səfərinin Soçi görüşünün təxirə salınması ilə əlaqəsi yoxdur: “İran-Rusiya-Azərbaycan başqa, Ermənistan başqa. Təbii ki, Putin Ermənistana hansısa göstərişlərini çatdırır. Patruşev Ermənistandakı Rusiyaya yaxın şəxslərlə görüş keçirdə bilər. Ola bilər ki, Paşinyanla müəyyən razılığa gəlmək istəyərlər. Azərbaycan Qazax istiqamətində sərhəd xəttini irəli çəkib. Erməni əsgəri Azərbaycan tərəfə keçib. Yəni bunlar təsadüfi deyil. Ermənistan narahatdır. Azərbaycan müharibə mesajları verir. Fikir verirsiniz, cəbhə bölgəsində hərbi hospital tikildi. Müdafiə naziri Zakir Həsənov açılışına getdi. Bu da təsadüfi deyil. Çünki hərbi hospitalı nə vaxt tikirlər, müharibə başlaya, yaralılar ola bilər. Əslində, bu da bir müharibə mesajıdır. Cəbhə bölgəsində hərbi hospital tikilirsə, bu, deməkdir müharibəyə başlaya bilərik, yaralılar ola bilər.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya orden verməklə, Putin Azərbaycana qarşı jestlər edir. Görünür, Putin artıq Azərbaycanın müharibəyə başlamaq iradəsini hiss edir. Rusiyanın artıq başı özünə qarışıb. Azərbaycan da bundan istifadə edib, Ermənistana qarşı bir addım ata bilər. Açığı, bizi həmişə Rusiya dayandırmağa çalışıb. Azərbaycandakı bu əhval-ruhiyyənin artmasını görüb, jest etməyə çalşır ki, bizi sakitləşdirsinlər, bizə dostluq addımı atmaq istəyirlər və eyni vaxtda Patruşev Ermənistana gedir. Bunun hamısı bir-biri ilə əlaqəli proseslərdir. Bunlar təsadüfi deyil.

Rusiya istəyir ki, bizə dostluq göstərsin. Azərbaycanın heç olmasa neytal mövedə olmağını təmin etmək istəyir ki, Qərb bizim vasitəmizlə proseslərə əl atmasın”.

“Rusiya prezidenti bu görüşə o qədər də ehtiyac duymayıb”

Картинки по запросу Elxan Şahinoğlu

Soçi görüşünü təxirə salnması ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə dedi ki, görüş haqqında məlumat aylar öncə verilmişdi, anons edilmişdi, hazırlıqlar gedirdi: “Hətta deyilirdi ki, ikitərəfli görüşlər olacaq. Azərbaycan prezidenti iranlı həmkarı ilə görüşəcək, amma son anda sizin də qeyd etdiyiniz kimi Rusiya tərəfinin texniki səbəb kimi göstərdiyi məsələlərlə bağlı görüş təxirə salındı. Nə ilə əlaqəli olduğu haqqında düşünməyə dəyər. Əslində, görüş İran üçün də çox vacib idi. Çünki İrana qarşı ciddi sanksiyalar var və Tehran bu sanksiyalardan qurtulmaq üçün qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla, Rusiya ilə əməkdaşlığı genişləndirməyə çalışır və bu görüş onun üçün vacib idi. Azərbaycan da bu görüşdə maraqlı idi ki, Şimal-Cənub nəqliyyat dəhlizinin işə düşməsi ilə bağlı məsələlər müzakirə olunmalıydı. Görünür, Rusiyanın problemləri o qədərdir ki, Rusiya prezidenti bu görüşə o qədər də ehtiyac duymayıb. Ölkədə iqtisadi vəziyyət ağırdır, Sibirdə meşələr yanır, Moskvada ard-arda mitinqlər keçirilir. Amma burada başqa bir sual ortaya çıxır. Əgər texniki səbəbə görə görüş təxirə salınırsa, onda necə olur ki, Putin bir neçə gün sonra Fransaya səfər edərək fransalı həmkarı Makronla görüşəck. Demək ki, Fransa ilə fikir mübadiləsi aparmaq Putin üçün daha vacibdir, nəinki Azərbaycan və İran prezidentləri ilə görüşmək. Buna baxmayarqa, düşünürəm ki, bir müddət sonra, ən azı ilin axırına kimi üçlü zirvə görüşü baş tutacaq”.

“İnanmıram ki, əsas problem Azərbaycanla bağlı olsun”

E.Şahinoğlunun fikrincə, hazırda Rusiya-Azərbaycan münasibətlərində elə sual yoxdur ki, görüş təxirə salınsın: “Sadəcə indi Putin üçün İran və Azərbaycanla müzakirə edəcəyi mövzulardan daha vacib mövzular var. Türkiyə mövzusu, Fransa ilə əməkdaşlıq məsələləri, Suriya məsələsi var. Əslində, İran və Azərbaycan prezidenti ilə görüşü onun çox vaxtını da almayacaqdı, heç bir saziş də imzalanmayacaqdı. Şimal-Cənubi nəqliyyat dəhlizi müzakirə olunacaqdı. Dağlıq Qarabağla bağlı fikir mübadiləsi onsuz da olmayacaqdı. Rusiya və İran bu mövzuya onsuz da maraq göstərmir. Bu mənada inanmıram ki, əsas problem Azərbaycanla bağlı olsun. Yenə də təkrar edirəm, Türkiyə, Fransa daha vacibdir. Yəqin Rusiya prezidenti üçün bu görüşlər vacibliyə görə təşkil olunub”.

“Bu üçlü görüş baş tutacaq”

Şahinoğlu Patruşevin Ermənistana səfəri ilə Soçi görüşünün təxirə salınmasının əlaqəsi olduğunu düşünmür: “Rusiya fərqli məkanlarda fərqli siyasət yürüdür. Azərbaycan, Türkiyə, Fransa ayrı. O başqa məsələ ki, ermənilər bir az həvəslənə bilələr ki, vaxtından əvvəl nə yaxşı Putin Azərbaycan və İran prezidenti ilə görüşmədi. Amma nə vaxtsa bu üçlü görüş baş tutacaq. Çünki format iki ilidir yaranıb və görüşlər mütamadi olaraq keçirilir”.

Şamo EMİN, Hurriyyet.org