"Prezidentin qızı ilə hakimiyyət arasında alver gedir" - Kərimovaya qarşı niyə belə amansızdırlar?

Baxış sayı:
787

Özbəkistanda keçmiş prezident İslam Kərimovun hazırda həbsxanada olan böyük qızı Gulnara Kərimovaya daha 13 il 4 ay iş kəsilib. Özbəkistan Ali Məhkəməsinın 18 mart tarixli qərarında deyilir ki, Kərimova reketçilikdə, çirkli pulların yuyulmasında, başqalarının mülkiyyətinə qarşı qanunsuz hərəkətlərdə, habelə müxtəlif maliyyə cinayətlərində təqsirli bilinir.

Kərimova ilə eyni gündə daha 5 nəfər barədə hökmlər çıxarılıb.

Ötən ilin martından bəri Daşkənd həbsxanasında olan Kərimova ötən ay prezident Şavkat Mirziyayevə məktub yazaraq ona qarşı ittihamlara xitam verilməsi müqabilində ölkə büdcəsinə 686 milyon dollar ödəməyə hazır olduğunu bildirmişdi.

Özbəkistan Baş Prokurorluğunun məlumatında deyilir ki, Kərimovaya qarşı yeni ittiham onun iki dövlət sement zavodunun səhmlərini qanunsuz alması barədə iddialarla bağlıdır. O sonradan bu səhmləri xarici biznesmenə satıb.

47 yaşlı Gulnara Kərimova İsveç vəİsveçrədə aparılmış təhqiqatların nəticəsinə görə həm də çirkli pulların yuyulmasında ittiham olunur. O, 2014-cü ildə Daşkənddə ev məhbusu edilmişdi. Həmin vaxt onun atası hələ prezident idi və bəzi müşahidəçilər İslam Kərimovun bu addımı atmaqla qızını həbsxanadan xilas etmək istədiyini bildirirdilər.

Lakin atası 2016-cı ildə vəfat etdikdən sonra Kərimova 2017-ci ildə 10 il müddətinə azadlqıdan məhrum edilmişdi. Buna baxmayaraq, keçmiş prezident qızı ev məhbusluğunda qalırdı.

Lakin o 2019-cu ilin martında ev məhbusluğunun şərtlərini pozduğuna dair iddialarla həbsxanaya keçirilib.

Əsl alver gedir

Şərhçilər vaxtilə Islam Kərimovun baş naziri olmuş Mirziyayevin Kərimovaya qarşı bu qədər amansız olması barədə suala cavab axtarırlar.

 

"Azadlıq" radiosunun Rus xidməti bu sualla mühacirətdə yaşayan müstəqil özbək politoloq və dissident Kəmaləddin Rabbimova müraciət edib. Bu da qeyd olunur ki, Rabbimov vaxtilə Özbəkistanın dövlət strukturlarında yüksək vəzifələr tutub: “Gulnara Kərimovanın başlıca problemi budur ki, o, artıq atasının bu dünyada olmadığını dərk etmir və özünü Islam Kərimovun sağlığında olduğu kimi aparır. O vaxt atası qızını başqa dövlətlərdə ona qarşı irəli sürülmüş ittihamlardan himayə etmək üçün onu ev dustağı etmişdi”.

Politoloq bildirir ki, Özbəkistanın indiki iqtidarı ilə Gulnara arasında əsl alver gedir. Ona çox güman ki, dövlətə vurduğyu ziyanı tam ödəməsi, oğurlanmış pulları qaytarması tələbi qoyulub: “Mən əminəm ki, burada söhbət bir neçə milyard dollardan gedir. Minimum 3-5 milyard dollardan. Amma o hələki Mirziyayevə bu pulların yalnız bir hissəsinin qaytarılmasını təklif edir”.

Politoloqun fikrincə Gulnara Kərimovanın azadlığa çıxa bilməməsinin bir səbəbi də Kərimovlar ailəsindəki tarixi ikitirəlikdir. Rabbimov deyir ki, bu ailədə həmişə iki tərəf olub. İslam Kərimov və Gulnara bir komanda, onun anası Tatyana Kərimova və kiçik bacısı Lola Kəromimova isə başqa komanda olublar. Gulnara Kərimova anasını və bacısını daim kompromatlarla hədələyib və ona görə də ailəsi onun azadlığa çıxmasında maraqlı deyil.

Niyyətin hara, mənzilin ora?

Rabbimovun fikrincə, ikinci səbəb onun Mirziyayevə qarşı nümayiş etdirdiyi açıq hörmətsizlikdir: "O, yeni hakimiyyəti hələ də tanımaq istəmir.Politoloq bildirir ki, Kərimova yeni hakimiyyəti də onda olan informasiyalarla şantaj edir.

Kəmaləddin Rabbimov əlavə edir ki, Şavkat Mirziyayev mərhum prezidentin ailəsinin hörmətini saxlamağa çalışır: “Mən bilirəm ki, Şavkat Mirziyayev Tatyana Kərimovaya hörmətlə yanaşır. Ümumiyyətlə Özbəkistanda hakimiyyət indiyədək Islam Kərimovun şəxsiyyəti barədə müstəsna olaraq hörmətlə danışıb. Bu, Özbəkistanın rəsmi xəttidir. Bəzən onun administrasiyası tənqid olunsa da, Kərimovun adı çəkilmir. Hər il yanvarın 30-da, Islam Kərimovun ad günündə dövlət səviyyəsində xatirə tədbirləri keçirilir. Tatyana Karimova da hər yerdə görünür, çoxlu müsahibələr verir...”

Bir vaxtlar atasının siyasi varisi hesab edilən Gulnara Kərimova isə özünü siyasətçidən daha çox modelyer, dizayner və müğənni kimi görür, siyasətçilərin deyil, məşhurların çevrəsində görünürdü./azadliq.org