“Polis rəisinin müavininə rüşvət verilməsi iddiaları həqiqəti əks etdirmir” – DİN-dən RƏSMİ AÇIQLAMA / Yenilənib

Baxış sayı:
1648

Göyçay rayonu, Bığır kənd sakini Mayılov Çingiz Sabir oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçi yazır:
“Bildirirəm ki, Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanov vəzifə səlahiyyətlərindən sui-istifadə edib, qurama yolla 1000 manat pulumuzu almışdır.
Belə ki, mənim qohumum - Yevlax rayonu, Hüseynbala Əliyev küçəsi, mənzil 7 sakini İsgəndərov Emil Tahir oğlu rayonda mağaza işlədir, qanuni qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mağazadan nisiyə satdığı velisopedin və digər əşyaların pulunu istədikdə, ona qarşı xuliqanlıq edilməsinə baxmayaraq, rəis müavini Əfqan Qurbanovun göstərişi ilə 12 iyun 2021-ci il tarixdə Emili polis şöbəsinə aparıb, 1 gün qanunsuz olaraq orada saxlayırlar.
Mən qohum kimi Emilin həbsdən çıxarılmasına çalışdıqda, bildirdilər ki, 2500 manat pul verməlisən, əks halda cinayət işi açılacaq. Mən əlacsız qalıb 1000 manat pul düzəldərək, Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanovun qudası Asif adlı şəxsə vermişəm. Hətta pulvermə anlarını video lentə almışam.
Şikayəti etməkdə məqsədim bu özbaşınalığı Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazovun nəzərinə çatdırmaqdır. Əfqan Qurbanov belə özbaşınalığı ilə polis adına ləkə gətirir. Mənim qohumum İsgəndərov Emil xırda sahibkarlıqla məşğul olub ailəsini dolandırır, dövlətə vergi verir. Ancaq polis rəisi müavini Əfqan Qurbanov isə qanunsuz  əməlləri ilə dövlətə ziyan vurur, polis adına ləkə gətirir.
Cənab Nazir!
Sizdən xahiş edirəm ki, məni qəbul edib, rüşvətalma videosuna baxıb, polis adına ləkə gətirən Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanovun barəsində qanuni tədbir görəsiniz”.
“Polis rəisinin müavininə rüşvət verilməsi iddiaları həqiqəti əks etdirmir”.
Bu barədə Muxalifet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilir ki, Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanovun qeyd olunan hallara aidiyyəti yoxdur, Emil İsgəndərov barəsində digər rayon sakini tərəfindən həyat yoldaşının döyülməsi ilə bağlı iyunun 11-də şikayət daxil olub.
Bununla bağlı E.İsgəndərov polis orqanına dəvət olunaraq, şikayətlə bağlı dindirilərək bir saat sonra sərbəst buraxılıb.
“Hazırda şikayət əsasında Yevlax Rayon Polis şöbəsində təhqiqat araşdırmaları aparılır, müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir”, - DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Muxalifet.az


Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə çalışacağıq.