"Polad Bülbüloğlu ya tarixi yaxşı oxumayıb, ya da..." - QABİL HÜSEYNLİ SƏFİRİ "YIXIB-SÜRÜDÜ"

Baxış sayı:
12567

Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib. Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu mərasim iştirakçılarına -  səfirlərə, Dövlət Dumasının deputatlarına, Rusiyanın tanınmış adamlarına təşəkkürünü bildirib və deyib ki, “Azərbaycan heç bir halda bu cinayəti müasir demokratik Rusiya ilə əlaqələndirmir. Bu, Sovetlər İttifaqında baş verib, bu qərar Sovetlər İttifaqının rəhbərliyi, Qorbaçov tərəfindən qəbul olunub. Bu cinayət heç vaxt unudulmayacaq”.
Əslində, Polad Bülbüloğlu bu fikirlərində qətiyyən haqlı deyil, 20 Yanvar cinayətinin müasir Rusiya ilə əlaqəsinin olmadığını iddia etmək çox gülünc səslənir. Çünki Rusiya özünü SSRİ-nin varisi hesab etdiyi üçün, bu gün də keçmiş Sovet İttifaqına daxil olan respublikaları öz nəzarətinə qaytarmağa çalışır və bəzilərində də bu təsir mexanizmi qeyri-leqal işləməkdədir.
Beynəlxalq aləmdə də Rusiya leqal olaraq SSRİ-nin varisi hesab olunur. Çünki SSRİ-nin özü bir dövlət olaraq dağıldıqdan və onun yerində 15 müstəqil ölkə yarandıqdan sonra, 1991-ci ildə Rusiya özünü SSRİ-nin varisi elan etdi. Məhz buna görə, Rusiya 20 Yanvar  faciəsində həlak olanların ailələrinə, əlil olanların hər birinə kompensasiya ödəməlidir.

Əslində, SSRİ hərbi qüvvələrini 20 Yanvarda  əliyalın Azərbaycan xalqının üzərinə gəlməsini araşdırmaq üçün beynəlxalq məhkəməyə də ehtiyac yoxdur ki, bunu istintaq təsdiqləsin. Çünki bu günlərdə Rusiyanın tanınmış siyasətçisi, yazıçı-publisist, 1990-cı ildə SSRİ-nin rəhbəri Mixail Qorbaçovun humanitar və ictimai məsələlər üzrə köməkçisi olmuş Georgi Pryaxinin APA-nın Moskva müxbirinə müsahibəsində həmin vaxt Bakıya qoşun yeridilməsi ilə bağlı qərarın çox çətinliklə verildiyini bildirməsi açıq etirafdır. Həmçinin Georgi Pryaxinin Qorbaçovun icazəsi olmadan bu hadisələrin baş verə bilməyəcəyini qeyd etməsi cinayətkarı aşkar məlum edir. Lakin, göründüyü kimi, cinayətkarlar məlum olsa da, sadəcə, bizin hakimiyyət  Rusiya ilə “dostluğumuzun” xatirinə susmağa üstünlük verib.
Səfir Polad Bülbüloğlu da məhz buna görə Azərbaycanın heç bir halda bu cinayəti müasir demokratik Rusiya ilə əlaqələndirmədiyini vurğulayır.
G.Pryaxinin etirafına istinad etsək, tarixiçi alim Altay Göyüşovun “Əgər Rusiya Sovet hökumətinin varisidirsə, bu məsuliyyəti qəbul etməli və həlak olanların ailələrinə, o vaxt yaralananlara kompensasiya da ödəməlidir” fikri də olduqca məntiqlidir.
20 Yanvar cinayətinin Azərbaycan tərəfindən təhqiq olunmadığını bildirən politoloq Zərdüşt Əlizadə isə düşünür ki, hadisələrin üstü tam açılmayıbsa, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, günahkar müəyyən edilməyibsə, kim kompensasiya verəcək?
Zərdüşt Əlizadənin fikrincə, iş siyasi səciyyə daşıyır: “Rusiya öz siyasi xadimlərini Azərbaycana verməz ki, onlar cəzalandırılsın”. Odur ki, Əlizadə belə şəraitdə kompensasiya barədə danışmağı mənasız  hesab edir.
 
“Polad ya tarixi yaxşı oxumayıb, ya da xalqının iztirablarına həssas deyil”
 
20 Yanvar faciəsini müasir Rusiya ilə əlaqələndirməyən Polad Bülbüloğlunun fikirləri ilə bağlı keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli “Hürriyyət”ə deyib ki, Polad ya tarixi yaxşı oxumayıb, ya da xalqının iztirablarına, yaşantılarına o qədər də həssas deyil: “Necə  əlaqəsi yoxdur ki, Bakı qırğınlarının baş memarlarından biri olan Yuri Primakov uzun müddət həm də indiki Rusiya hakimiyyətində xarici kəşfiyyatın şefi olub. Ondan sonra, həmin dövrdə SSRİ-nin prezidenti olan Qorbaçov sağdır və Moskvada yaşayır, adına fond var. Üstəlik də Bakı qırğınlarında sonra ona Nobel mükafatı verildi.  20 Yanvarla bağlı aparılan istintaqda Qorbaçovun, Primakovun, Yazovun, Daranikovun, Girenkonun, Mixaylovun adları bu qırğının təşkilatçıları sırasında çəkilir və onların həbs edilməsi barədə istintaqın qərarı elan edilib.  İndi əgər Polad Bülbüloğlu bu məsələləri həmin ölkədə səfir olduğuna görə, bir az ora-burasını malalayıb, çatdırmağa cəhd edirsə, amma nahaq belə hərəkət edir. Niyə? Çünki 20 yanvar xalqımıza qarşı törədilmiş qanlı bir cinayət hadisəsi idi. Beynəlxalq hüquq normalarına görə, hərbi təcavüz, Azərbaycanın suverenliyinə,  konstitusiya quruluşuna, heç bir günahı olmayan dinc əhaliyə qarşı amansız qırğın idi. Həm də bu zaman istifadə edilən bəzi silah növləri, yəni öz ağırlıq mərkəzini dəyişən avtomat güllələrinin Bakı şəhərində ilk dəfə sınaqdan keçirilməsini və həyatını itirmiş 146 nəfərin ölməsini, 800 nəfərin isə yaralanmasını göstərsək, bu, həm də beynəlxalq hüququn müddəalarına görə, beynəlxalq cinayətdir. Əgər Azərbaycana 50 mindən çox SSRİ-nin bütün növ silahlı qüvvələrindən ibarət olan qoşun yeridilmişdisə, Tibilisiyə həmin hadisələr zamanı cəmi 5 min nəfər hərbi qüvvə daxil olmuşdu. O da Zaqafqaziya ordu qüvvələrinin bir hissəsi idi. Orada 8 nəfər, amma bizdə 146 nəfər öldü. Həmin hadisələrlə bağlı cinayət işi qaldırılıb, Qorbaçova, eləcə də bu qırğına başçılıq edən generallara və digər adamlara qarşı həbs qəti-imkan tədbiri seçilib”.
 
““Belojevski”  sazişində Rusiya Federasiyası SSRİ-nin varisi hesab edilir”
 
SSRİ dağılandan sonra Rusiyanın “Belojevski”  sazişini imzaladığını xatırladan Hüseynli nəzərə çatdırdı ki, bu saziş Belarusiyada, Minskin yaxınlığında imzalanıb: “Bu saziş də SSRİ-nin süqutunun tanınması və yeni Müstəqil Dövlətlər Birliyinin tanınması haqqındadır. O sazişdə Rusiya Federasiyası SSRİ-nin varisi hesab edilir. Ona görə də SSRİ-nin xaricə verdiyi borcların hamısını Rusiya bu gün özü üçün geri qaytarır. SSRİ-nin xaricdəki bütün səfirliklərinin hamısı Rusiya səfirlikləri ilə əvəz edilib. Ondan sonra,  resbulikaların ərazisindəki bir çox mülkiyyət növlərinin hamısı Rusiyanın mülkiyyəti hesab olunur. Məsələn, bizdə Qəbələ RLS və digər mülkiyyətlər var. Ona görə də Rusiya SSRİ-nin bütün cinayətlərinə görə, hüquqi, mənəvi, siyasi məsuliyyət daşıyır və bu səbəbdən də 20 Yanvar qırğınında Rusiyanı məsuliyyətdən kənar hesab etmək düzgün deyil”.
 
“Bu iddia qaldırılmayacaq”
 
“SSRİ-nin bütün cinayətlərinə görə, Rusiya hüquqi, mənəvi, siyasi məsuliyyət daşıyırsa, 20 Yanvar qırğınına görə, ölkəmizə kompensasiya ödəməlidirmi” sualına Q. Hüseynlinin cavabı belə oldu: “Beynəlxalq hüquq normalarına görə, belə hadisələr zamanı həm dağıntıya, həm də həlak olanların, yaralananların ailələrinə kompensasiyalar ödənilir. Ozü də o kompensasiyaların miqdarı kifayət qədər böyükdür. Hər öldürülən adam üçün 1 milyon dollardan çox pul ödənilməlidir. Ancaq Azərbaycan bu istiqamətdə iddia qaldırmayıb. Əgər iddia qaldırılsa,  Azərbaycan beynəlxalq tribunala müraciət etsə, bunu əldə etməyə çalışa bilər. Amma yəqin ki,  bu iddia qaldırılmayacaq. Çünki bu, Rusiya-Azərbaycan münasibətlərində ciddi problemlər yarada bilər”.