“Paşinyanın əqli-kamalı yerində deyil, diplomatik etiketlərə yaraşmayan sözlər danışır”

Baxış sayı:
211

Hazırda həbsdə olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Sputnik Armeniya”ya müsahibəsində maraqlı açıqlamalar verib. Baş nazir Nikol Paşiyanla bağlı tənqidi fikirlər səsləndirən eks-prezidentonun düzgün yolda olmadığını bildirib.

“Təhlükəsizlik sahəsində Ermənistan üçün Rusiya ilə əməkdaşlıq böyük əhəmiyyət daşıyır və alternativi yoxdur. Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını israr edən siyasilər ya məsuliyyətsizdirlər, ya da ələ alınıblar”, - deyən R. Koşaryan baş nazirin Qərbə yönəldiyini qeyd edib.  

Bəs görəsən, hazırkı Ermənistan hakimiyyətini kim ələ alıb? Rusiyaya qarşı çıxmalarına səbəb nədir? Bu onları hansı fəlakətə sürükləyə bilər? Rusiya qoşunlarının Ermənistandan çıxarsa, Azərbaycan ordusu dərhal hərəkətə keçəcək?

Bu məsələlərə aydınlıq gətirməsi üçün politoloq Qabil Hüseynli ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan Q. Hüseynli bu sözləri deyib:

“Bizə Ermənistana irəliləmək lazım deyil. Ermənistan torpaqlarını işğal etmək fikirində deyilik. Bizim vəzifəmiz işğa olunmuş torpaqlarımızın azad edilməsidir. Bu məsələdə də qanunla heç kim Ermənistana kömək edə bilməz. Düzdür, ruslar həmişə Ermənistanın tərəfində dayanıb. Sadəcə, Rusiya konfliktin müharibə səviyyəsinə keçməsinə icazə vermir. Rusiya qara daş kimi yolumuzda dayanıb. Bu nöqteyi-nəzərdən rus qoşunları Ermənistandan çıxarılsa, Gürcüstan üçün də, Azərbaycan üçün də, Ermənistanın özü üçün də çox gözəl perspektivlər yaradar”. 

“Ermənistan tərəfinin səhvi ucbatından danışıqlar prosesində bizim mövqeyimiz zəifləyib. Baş nazirin “Qarabağ – Ermənistandır, vəssalam!” bəyanatı danışıqlar prosesində müqqəddəratın təyini prinsipini məcrasından çıxardı. Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatı, münaqişənin tənzimlənməsində aydın mövqe formalaşdıra bilməməsi erməni tərəfinin konsturktivliyini şübhə altına salıb”, - deyən R. Koçaryanın bu sözlərini də Q. Hüseyni şərh edib:

“Məncə, Koçaryanın dediyində böyük həqiqət payı var. Paşinyan gah deyirdi ki, Dağlıq Qarabağ adından danışa bilmərik, onlar özləri danışmalıdır. Gah deyirdi Dağlıq Qarabağda referendum keçirəcəyik, gah deyirdi ki, danışıqlar prosesində Azərbaycan güzəştə getməlidir. Bu gün dediyini sabah təkzib edir. Paşinyan danışıqlar prosesinə əngəllər yaradan, danışıqlar prosesini pozan əndərabadi fikirlər söyləməkdə ustadır. Mənə elə gəlir ki, Paşinyanın əqli-kamalı yerində deyil, diplomatik etiketlərə yaraşmayan sözlərdən istifadə edir”.

Qeyd edək ki, Koçaryan hazırda Ermənistanda təhlükəli vəziyyətin yarandığına işarə vuraraq bu sözləri də dilə gətirib: “Ökənin təhlükəsizliyi silahlı qüvvələrin hazırlığından, silahların sayı və keyfiyyətindən asılı deyil: “Cəmiyyətin ovqatı, milli məsələlər ətrafında konsensus vacib amillərdəndir. Ölkə ictimaiyyəti indiki kimi ziddiyyətli vəziyyətdə heç vaxt olmayıb”.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistana səfər edən Rusiya Prezidenti Vladimir Putinlə Paşinyan arasındakı soyuq münasibət də dünya mediasında müzakirələrə çevrilmişdi.