"Öskürən uşaqlarla bağlı “özfəaliyyətə” yol vermək olmaz" - PEDİATR VAQİF QARAYEV

Baxış sayı:
847

Payız fəsli özüylə soyuqdəyməni də gətirib. İqlim dəyişikliyi xüsusilə körpələrin, azyaşlıların səhhətində problemlər yaradır. Həkimlər bunun səbəbini uşaq orqanizminin iqlim dəyişikliklərinə həssas olması ilə izah edir.  
Pediatr Vaqif Qarayev sosial şəbəkədə paylaşdığı statusda valideynləri ehtiyatlı olmağa çağırıb.
Həkim bildirib ki, iqlim dəyişikliyi təkcə uşaqlara deyil, həmçinin immuniteti – orqanizmin müqavimət qabiliyyəti zəif olan insanlara tez təsir edir. Amma bu halda qətiyyən “özfəaliyyətə” yol vermək olmaz: “Uşaqlar arasında öskürəklə müşayət olunan soyuqdəymə xəstəlikləri mövsümlə bağlı artır. Telefonda, sosial şəbəkələrdə “mənə bir öskürək dərmanı deyin” deyə xahiş edir valideynlər. Ya da, apteklərdə öskürək dərmanı istəyilər.
Düz deyil.  Əksər hallarda öskürəyə heç bir dərman lazım deyil, bir neçə günə özü keçib gedir. Lakin vəziyyət ciddi xarakter alırsa, həkim baxışı olmadan virtual müalicə və aptek satıcısının verdiyi dərman uşağın vəziyyətini yüngülləşdirmək əvəzinə ağırlaşdıracaq. Son vaxtlar dəbdə olan inhalyasiya aparatından da özbaşına istifadə düzgün deyil. “Aparatım var, mənə dərman deyin, uşağın öskürəyi keçsin” kimi xahişlər yersizdi. Öskürək üçün həkimsiz antibiotik qəbulu heç düzgün deyil. Və təhlükəlidir”.