"ÖLKƏDƏ ACINACAQLI VƏZİYYƏT YARANDIĞINI DEDİM" - Cəmil Həsənli Dövlət Departamenti rəsmiləri ilə Azərbaycandakı vəziyyəti müzakirə edib

Baxış sayı:
568

Azərbaycanda növbədənkənar parlament seçkiləri və ölkədəki hazırkı ictimai-siyasi durum ətrafında vəziyyət cümə günü Vaşinqtonda Azərbaycan Demokratik Qüvvələrin Milli Şurasının sədri professor Cəmil Həsənli ilə Dövlət Departamenti rəsmiləri arasında müzakirə edilib. Bu barədə Turan-a C.Həsənli özü məlumat verib.
Dövlət Departamentində baş tutmuş görüşdə dövlət katibi müavininin əmək, insan haqları və demokratiya məsələləri üzrə köməkçisi Alan Purcell, Avropa və Avrasiya İşləri Bürosunun Qafqaz və Regional Konfliktlər Ofisinin Azərbaycan masasının rəhbəri Grant Morrow və Dövlət Departamentinin insan haqları bürosunun məsul əməkdaşı Wendy Silverman iştirak ediblər.
Görüş zamanı C.Həsənli ölkədə seçki institutunun mövcud rejim tərəfindən dağıdıldığını, xalqın seçki prosesindən uzaqlaşdırıldığını və seçkilərin total saxtalaşdırıldığını qeyd edib. Fikrini əsaslandırmaq üçün o, son 10 il ərzində ATƏT DTİHB-nin Azərbaycanda prezident və parlament seçkiləri haqqında yekun rəylərinə istinad edib. Belə ki, DTİHB onun da namizəd kimi iştirak etdiyi 2013-cü ilin prezident seçkilərində saxtakarlığın səviyyəsinin 58 faiz olduğunu, 2018-ci ilin növbədənkənar prezident seçkilərinin də Azərbaycan xalqının iradəsini ifadə etmədiyin bəyan etmişdi.
"Son 16 il ərzində ardıcıl olaraq seçkiləri saxtalaşdıran komissiyalar iş başında olduğu, Seçki Məcəlləsi bir siyasi qurumun və bir ailənin maraqlarına tabe edildiyi, Venesiya komissiyası, Milli Şura və digər müxalifət qurumlarının minimum seçki mühiti yaratmaq istiqamətində təklifləri nəzərə alınmadığı üçün Azərbaycan növbədənkənar saxta seçkilər ərəfəsindədir və bu səbəbdən də Milli Şura, ölkənin aparıcı müxalifət partiyası olaraq Xalq Cəbhəsi 9 fevral seçkilərini boykot qərarı verib", deyə Həsənli vurğulayıb.
Milli Şuranın sədri həmçinin insan haqları və siyasi məhbus məsələləri ilə bağlı ölkədə acınacaqlı vəziyyət yarandığını qeyd edib. Belə ki, bu ilin 19 oktyabr mitinqi zamanı Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Milli Şuranın rəhbərliyinə daxil olan digər şəxslər ağır işgəncələrə məruz qalıblar, eləcə də digər ssenariləşdirilmiş əməliyyatlar zamanı kütləvi həbslər keçirilib, o cümlədən saxta narkotik və digər qurama ittihamlarla gənclər həbs edilməkdədir.
Həsənli həmçinin ölkədə işgəncə labaratoriyalarının yaradılması, işgəncə altında saxlanılan şəxslərdən təsdiqləyici ifadələr alınması kimi faktlara diqqəti cəlb edərək, eyni zamanda işgəncələrə qarşı ardıcıl mübarizə aparan hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobil qəzasına düşməsini və indiyə qədər komada olduğunu də xatırladıb.
Milli Şura sədri qeyd edib ki, hazırda ölkədə olan 120 nəfər siyasi məhbusun yarıya qədəri islam inanclı dindarlar, 8 nəfəri Xalq Cəbhəsi Partiyasının rəhbərliyinə daxil olan şəxslər, gənc aktivistlər, blogerlər, mətbuat nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləridir.
Həsənli həmçinin Azərbaycan hüquq-mühafizə orqanlarının, xüsusi ilə DİN və Prokurorluq orqanlarının konstitusyon nəzarətdən çıxması, məhkəmələrin rejimin əlində siyasi cəza alətinə çevrilməsi, vəkillik institutunun dağıdılması, siyasi işlərə çıxan vəkillərin saxta bəhanələrlə vəkillikdən uzaqlaşdırılması, son günlər Şəhla Hümbətova və Elçin Sadıqovla bağlı baş verənlərin insanların, xüsusi ilə siyasi mülahizələrlə həbs edilənlərin hüquqi cəhətdən tamamilə müdafiəsiz qalmasına gətirib çıxaracağını vurğulayıb.
"Biz Milli Şura olaraq rejimin cəmiyyəti radikallaşdırmaq cəhdlərinin ağır nəticələr verəcəyini, hər gün artan qəzəb və nifrətin gözlənilməz xaotik nəticələr doğura biləcəyi haqqında xəbərdarlıq etsək də, belə təhlükənin yalnız demokratik institutların inkişaf etməsi, azad mətbuat, vətəndaş cəmiyyəti strukturlarının normal fəaliyyəti ilə önləməyin mümkün olduğunu anlatmağa çalışsaq da, bu cəhdlər hakim rejim tərəfindən rədd edilir", deyə o vurğulayıb.

Onun sözlərinə görə, ölkədə demokratiyanın mühüm atributu olan mətbuat, söz, fikir azadlığı ilə bağlı ciddi problemlər yaranıb. Vətəndaş cəmiyyəti institutu dağıdılıb, müstəqil və müxalifət mətbuatı məhv edilib, alternativ informasiya mənbələri bloklanıb, televiziyalar üzərində rejimin tam nəzarəti bərqərar edilib.
Cəmiyyətin son nəfəsliyi kimi sosial media fəaliyyət göstərsə də, kütləvi aksiyalar zamanı hakimiyyətin bu nəfəsliyi qapatması, hakim ailənin nəzarətində olan mobil telefon xidmətinin məhdudlaşdırılması, operatorlar tərəfindən kütləvi şəkildə telefon nömrələrinin daxili işlər orqanlarına verilməsi, telefon danışıqlarının dinlənilməsi, müxalifətçilərin izlənilməsi, rejim tənqidçilərinin təqib edilməsi insanların qorxudulması və təqib edilməsinə gətirib çıxarıb.
Bu şəraitdə ölkə xaricində fəaliyyət göstərən internet mediasının ictimai fikrə təsir imkanları artıb. Həsənlinin fikrincə, Milli Şuranın bu ilin 19 yanvar mitinqindən sonra hakimiyyətin sərbəst toplaşmaq azadlığını tam qapatması cəmiyyətdə gərginliyin artması, anti-konstitusyon və qanuna zidd meyllərin güclənməsinə xidmət edib. O, bütün bu zorakı addımların xalqın artan sosial və siyasi fəallığının rejim tərəfindən önlənməsi xarakteri daşıdığını qeyd edib.
Görüş zamanı Milli Şura sədri korrupsiya məsələsinə də toxunub. O, qeyd edib ki, indiki rejimin dövründə ölkədə şəbəkələşmiş korrupsiya mexanizmi bütün sahələri, iqtisadi, maliyyə, sosial, hətta siyasi həyatı əhatə edir və idarəçilik üsuluna çevrilib.
Onun fikrincə, son illər korrupsiya faktlarının açılması Azərbaycanın imicinə ağır zərbə vurub, xarici ölkələrdə vəzifəli şəxslərin və parlament üzvlərinin satın alınması insan haqları ilə bağlı həqiqətlərin gizlədilməsinə, siyasi məhbusların inkar edilməsinə, seçki saxtakarlığının ört-basdır edilməsinə xidmət edib.
Həsənli həmçinin bir vaxtlar Bakıda səfir kimi fəaliyyət göstərmiş ABŞ-ın bəzi keçmiş diplomatlarının bu gün Vaşinqtonda və digər yerlərdə Azərbaycan hakimiyyətinə məxsus təşkilatlarda müxtəlif vəzifələrdə çalışmalarının təəssüf doğurduğunu ifadə edib və bunun dünyada demokratiyanın müdafiəsində böyük rolu olan Birləşmiş Ştatların Azərbaycanda nüfuzuna kölgə saldığını bildirib.
Söhbətin sonunda Millli Şura sədri bu həftə Dövlət Katibi Mayk Pompeonun kleptokratik rejimlərə qarşı Qlobal Magnitski Aktının tətbiq ediləcəyi barədə bəyanatını xatırladaraq, qeyd edib ki, yuxarıda sadalananan əməllərin sahibi olaraq, dünyanın müasir diktatorluq və kleptokratik rejimindən biri olan Azərbaycan hakimiyyətinin insan haqlarını pozan vəzifəli şəxsləri Global Maqnitski Aktının hədəfindən kənarda qalmamalıdır.

"TURAN" İA