“The New York Times”ın xəbəri İranda qorxu yaradıb - “Müharibə çıxış yolu deyil”

Baxış sayı:
1744

ABŞ prezidenti Donald Tramp yaşanan gərginlikdən sonra İrana hücum əmri verib, lakin bir müddət sonra əmri ləğv edib.

“The New York Times” nəşrinin bu xəbəri İranda qorxu və məyusluq yaradıb. 

“AFP”-ın (Agence France-Presse) Tehrandan yaydığı xəbərdə belə deyilir. Paytaxtın Kərim Xan küçəsində insanlarla söhbət edən agentliyin əməkdaşı yazır ki, Mehrad Farzaneqan deyir ki, nə baş verdiyini biz heç cür anlaya bilmirik. Sanksiyalar getdikcə sərtləşir, vəziyyətimiz də buna müvafiq olaraq ağırlaşır. 

26 yaşlı kompüter ustası Əlirza isə deyir ki, müharibə heç də problemin həlli ola bilməz, olmamalıdır da. Onun fikrinə görə, Vaşinqtonla Tehran anlaşsa, yaxşı olar. Əks təqdirdə onlar da hamı kimi vətənin müdafiəsinə qalxacaq. 

38 yaşlı Şhram Babai isə söyləyir ki, o, ev almaq üçün uzun illərdir ki, pul toplayıb. Ancaq İran tüməninin sürətlə dəyərdən düşməsi ona xeyli çətinliklər yaşadıb.

People walk past a mural depicting the founder of the Islamic republic Ayatollah Ruhollah Khomeini and painted on the walls surrounding the former US embassy in the Iranian capital on June 22, 2019 amid an escalation between Washington and Tehran (AFP Photo/ATTA KENARE)

Buna baxmayaraq o, ev üçün gərəkən pulu toplaya bilib: “Biz ev almağa gedəndə bu xəbəri eşitdik. Düşündük ki, indi ev almaq üçün o qədər də münasib vaxt deyil”.

Şhram Babai başına gələn bir hadisəni nəql edir: “Biz ailəlikcə oturub şam edirdik. Bu zaman başımızın üstündən bir təyyarə uçdu, özü də çox aşağıdan. Düzdür, o, hərbi təyyarə deyildi, buna baxmayaraq hamımız qorxuya düşdük”.

İranın ABŞ dronunu vurduqdan sonra Tehranda vəziyyət xeyli gərginləşib. Xalq müharibənin bir addımlığında olmasının fərqindədir və bu, insanları son dərəcə narahat edir. 

ABŞ prezidenti bəyan edib ki, o, İranla danışıqlara hazırdır. İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Əli Xamneyi isə bildirib ki, Amerikaya inam yoxdur. /musavat.com