​"Namizədlərin seçkiqabağı mitinqlər keçirmək imkanları məhdudlaşdırılıb" - "FREEDOM HOUSE" AZƏRBAYCANLA BAĞLI HESABAT YAYDI

Baxış sayı:
754

"Freedom House" beynəlxalq hüquq müdafiə təşkilatı martın 4-də dünyada insan hüquqlarının vəziyyəti haqqında illik hesabatını dərc edib.
Sənədə əsasən, 2019-cu ildə siyasi və mülki hüquqlar sahəsində irəliləyiş əldə etmiş ölkələrin sayı iki dəfə artıb.
14-cü ildir ki, "qlobal azadlıq" sahəsində pisləşmə müşahidə olunur.
"Azad olmayan ölkələrə" 49 dövlət aid edilib. Onlar arasında Türkmənistan, Tacikistan ilə yanaşı Azərbaycan da var.
Hesabatda həmçinin bu il ölkə parlamentinə keçirilən növbədənkənar seçkilərə toxunulur. Aparıcı müxalif qüvvələrin bir hissəsi seçkiləri boykot edib.
Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası 125 yerlik parlamentdə 71 deputat mandatı əldə edib.
Milli Məclisə həmçinin hakim partiyanı dəstəkləyən 41 müstəqil namizəd və kiçik partiyalardan 12 nəfər keçib.
Seçkilər qanun pozuntuları, o cümlədən jurnalistlərin qorxudulması ilə müşaiyət olunub.
Təşkilat hesab edir ki, Azərbaycanda siyasi mühit plüralist və rəqabət qabiliyyətli deyil. Namizədlərin seçkiqabağı mitinqlər keçirmək imkanları məhdudlaşdırılıb. "Azərbaycanın avtoritar sistemi ictimaiyyəti real siyasi iştirakdan məhrum edir. Rejim siyasi hakimiyyəti qoruyub saxlamaq üçün dövlət resurslarından, korrupsiya şəbəkələrindən və təhlükəsizlik qüvvələrindən sui-istifadə edir və ədalət sisteminə nəzarət edir" - deyə, hesabatda bildirilir.
Siyasi sistem qadınların və milli azlıqlardan ibarət qrupların müstəqil şəkildə təşəbbüs göstərməsinə və öz maraqlarını müdafiə etməsinə imkan vermir.
İfadə və mətbuat azadlıqları sistemli şəkildə pozulur, diffamasiya əvvəlki kimi cinayət tərkibi olaraq qalır.
Jurnalistlər və onların yaxınları zorakılıq və qorxutma ilə üzləşirlər. Onların bəziləri saxta ittihamlarla həbs edilib, digərləri xaricə səfər məhdudiyyətləri ilə üzləşirlər.
Müstəqil saytlar vaxtaşırı bloklanır.
İncəsənət xadimləri də məhdudiyyətlərlə üzləşirlər. 2019-cu ilin dekabrında reper Paster (Pərviz Quluzadə) siyasi məzmunlu mahnı ifa etdiyinə görə 30 gün müddətinə həbs edilib. Reperin müdafiəsi üçün aksiya keçirən bloger Mehman Hüseynov saxlanılıb və döyülüb.
Azərbaycan hakimiyyəti bir qayda olaraq insan hüquqları sahəsində beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Ölkə rəsmiləri fundamental hüquqların tam təmin edildiyini, azad seçkilər keçirildiyini iddia edir./"Amerikanın səsi"