“Ən kiçik səhlənkarlıq çox böyük faciələrə yol aça bilər” – MÜXALİF PARTİYA ÖLKƏDƏKİ VƏZİYYƏTLƏ BAĞLI VİRTUAL TOPLANTI KEÇİRDİ

Baxış sayı:
1027

Dünyada yayılan koronavirus pandemiyası ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın ölkə vətəndaşlarının sağlamlıq təhlükəsizliyini qorumaq məqsədilə elan etdiyi sosial izolyasiya tədbirləri çərçivəsində 1 ay müddətinə bütün toplantılarını ləğv edən ADP İdarə Heyəti ölkədə baş verən bir sıra mühüm hadisələri müzakirə etmək məqsədilə özünün növbəti toplantısını virtual qaydada keçirib.
Partiyanını mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda koronavirus pandemiyası ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah tərəfindən həyata keçirilən tədbirlər ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə koronavirus pandemiyasının qarşısının alınması istiqamətində atılan müsbət addımlar təqdir edilməklə bərabər, yol verilən nöqsanlar da ciddi tənqid olunub. Müzakirələrdə qeyd edilib ki, dünyanın ən nəhəng dövlətlərinin belə koronavirusla üz-üzə qaldığı bir zamanda ən kiçik səhlənkarlıq çox böyük faciələrə yol aça bilər.  
İdarə Heyəti üzvləri ölkənin şimal bölgəsində Rusiyadan qayıdan vətəndaşların əlverişsiz bir şəraitdə karantin altında saxlanılması və onlara qarşı adekvat olmayan münasibət göstərilməsini ciddi tənqid edib, həmin vətəndaşların çadırlardan çıxarılaraq şimal bölgəsindəki “Şahdağ” turizm kompleksinə yerləşdirilməsinin vacibliyini bildirib.
Müzakirələrdə həmçinin qeyd edilib ki, hökumət bu günə kimi dünyanın müxtəlif ölkələrində köməksiz vəziyyətdə qalan vətəndaşlarımızın ölkəyə gətirilməsi ilə bağlı məsələni də qısa zamanda həll etməlidir.
İdarə Heyəti ölkədə koronavirus pandemiyası ilə bağlı vətəndaşların inzibati qaydada sosial izolyasiyaya cəlb edilməsi, bu tədbirlərə riayət etməyən vətəndaşların cərimələnməsi məsələsi ətrafında da fikir mübadiləsi aparıb. Müzakirələrdə qeyd edilib ki, bu gün dünyanın əksər ölkələrində koronavirus pandemiyası ilə bağlı həyata keçirilən sosial izolyasiya tədbirləri ilə yanaşı insanların sosial-iqtisadi vəziyyəti ilə bağlı da yardım paketləri tətbiq olunur. Bu baxımdan Azərbaycan hökumətinin vətəndaşları yalnız inzibati resurslarla, cərimələrlə və qadağalarla sosial izolyasiyaya məcbur etməsi məqsədə müvafiq deyil, hökumət  vətəndaşlara maddi yardımların edilməsi istiqamətdə də təxirəsalınmaz tədbirlər həyata keçirməli, rəsmi iş yeri olmayan və ya günəmuzd işləyən hər bir vətəndaşa aylıq olaraq minimum əməkhaqqı məbləğində yardım etməlidir, əks halda ölkə vətəndaşlarının böyük əksəriyyəti var-yoxdan çıxaraq aclıqla üz-üzə qala bilər ki, bu da ölkədə çox ciddi sosial təlatümlərə yol aça bilər.
ADP İdarə Heyəti vətəndaşlarımızın karantin dövrü ərzində gəlirlər əldə etməyəcəyini nəzərə alaraq hökuməti vətəndaşların bütün kreditlərinin qaytarılmasının dayandırılması, faizlərin ləğv edilməsi, cərimələrin ödənilməsinin təxirə salınması və vətəndaş-dövlət münasibətlərində güzəştlərin tətbiq edilməsi istiqamətində təxirəsalınmaz addımlar atmağa çağırıb. İdarə Heyəti eyni zamanda ölkəmizin bu təhlükədən mümkün qədər az itki ilə çıxması naminə xalqı koronavirus pandemiyası ilə mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb və hər bir vətəndaşı özünü müdafiə tədbirlərinə dəvət edib.
Müzakirələr zamanı koronavirus pandemiyasına qarşı yaradılan fonda ölkə daxilində və ölkə xaricindən edilən yardımlar məsələsinə də toxunulub. Müzakirələrdə qeyd edilib ki, Azərbaycanın acı təcrübəsinə əsasən fövqəladə hadisələrlə bağlı vətəndaşlara ayrılan yardımların böyük əksəriyyəti korrupsiyaya uğrayıb. Bu baxımdan İdarə Heyəti hökuməti istər ölkə daxilində, istərsə də ölkə xaricindən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsində şəffaflığı təmin etməyə çağırıb.
İdarə Heyəti ölkədə koronavirus pandemiyasının dinamikasını nəzərə alaraq hökuməti hazırda işləmək imkanı olan təqaüddəki tibb işçilərinini səfərbərliyə almağa, ehtiyatda olan binaları hazır vəziyyətə gətirməyə, hazırda Karona” virus pandemiyası ilə mübarizəyə səfərbər olunmuş və bundan sonra da səfərbərliyə alınacaq tibb işçilərinin ailələrini tam olaraq dövlət nəzarətinə götürməyə çağırıb.  
İdarə Heyəti koronavirus pandemiyası ilə mübarizədə ADP-nin hakimiyyətlə iqtidar-müxalifət münasibətləri çərçivəsində deyil, milli həmrəylik müstəvisində əməkdaşlığa hazır olduğunu bildirib, ölkədə yaranmış vəziyyətlə bağlı “Böhran qrupu”nun yaradılmasının və həmin qrupda müxalifətin də təmsil olunmasının vacibliyini qeyd edib. İdarə Heyəti ADP-nin “Böhran qrupu”nun işində aktiv şəkildə iştirak etməyə hazır olduğunu bildirib.
İdarə Heyəti son günlər ölkədə həyata keçirilən bir sıra həbsləri, o cümlədən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbs olunması ətrafında da müzakirələr aparıb. Müzakirələrdə qeyd edilib ki, Tofiq Yaqublunun müəmmalı “yol qəzası”ndan sonra ciddi bir səbəb olmadan saxlanılması, onun mobil telefonunun polis əməkdaşları tərəfindən yoldaşından alınması, yaddaşında olan video görüntülərin silinməsi, onun sosial şəbəkələrdə olan profilindəki yazılarının silinməsi, həbsə alınması üçün heç bir ciddi hüquqi əsas olmadan barəsində tələm-tələsik həbs qətimkan tədbiri seçilməsi və onun daha ağır şəraitdə olan istintaq təcridxanasına göndərilməsi bu həbsin siyasi motivli və siyasi sifariş əsasında həyata keçirildiyini göstərir. İdarə Heyəti hesab edib ki, bu gün həmişəkindən daha çox ölkədə milli həmrəyliyə ehtiyac duyulduğu bir zamanda siyasi motivli həbslərin həyata keçirilməsi qətiyyən yolverilməzdir, ölkə rəhbərliyinin müxalifət düşərgəsinə ünvanladığı siyasi dialoq çağırışlarına ziddir. İdarə Heyəti Tofiq Yaqubluya qarşı qaldırılmış saxta və qondarma cinayət işinin ləğv olunması və onun azadlığa buraxılması üçün ölkə rəhbərliyini siyasi iradə nümayiş etdirməyə çağırıb.
İdarə Heyəti eyni zamanda son günlər koronabirus pandemiyasına mübarizə çərçivəsində cəzalarının çəkilməmiş hissəsi az qalan məhbusların şərti olaraq azadlığa buraxılmasını da təqdir edib, bu tədbirlər çərçivəsində azadlığa buraxılması mümkün olan məhbuslar barədə də anoloji qərarların verilməsinin məqsədə müvafiq olduğunu bildirib.
İdarə Heyəti sonda 31 Mart Azərbaycanlıların Soyqırımı hadisəsi məsələsinə də diqqət çəkib. İdarə Heyəti bu çətin günlərdə belə xalqımızı başımıza gətirilən bəlaları unutmamağa, Azərbaycan dövlətinə, ərazi bütövlüyünə və müstəqilliyinə təhlükələrin hələ də mövcudluğunu nəzərə alaraq, daim ayıq-sayıq olmağa, bu təhlükələri dəf etmək üçün milli birliyi qorumağa və əsl vətəndaş mövqeyi nümayiş etdirməyə çağırıb.
 
Muxalifet.az