MUXALİFET.AZ-IN YAZISINA DİN-DƏN REAKSİYA – “S.Məmmədovaya məxsus pensiya kartından 234 manat pulu çıxaran şəxsin görüntüləri “Kapital” bank ASC-dən götürülmüşdür...”

Baxış sayı:
826

Muxalifet.az saytında dərc olunan LERİK SAKİNİ POLİSDƏN ŞİKAYƏTÇİDİR – “Mənə dedi ki, biz neçə nəfəri belə şəkillərlə içəri salmışıq…” sərlövhəli yazıya Daxili İşlər Nazirliyindən (DİN) reaksiya verilib. Nazirliyin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev tərəfindən redaksiyamıza daxil olan məktubu olduğu kimi dərc edirik:
“Bildiririk ki, Lənkəran rayonunun Təngivan kənd sakini S.Məmmədova Lerik Rayon Polis Şöbəsinə müraciət edərək kartında olan 234 manat pulun tanımadığı şəxs tərəfindən mənimsənildiyini bildirmişdir. Lerik RPŞ-də aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Lənkəran rayonunun Təngivan kənd sakini N.Məmmədov Lerik rayonunun Piran kəndində yerləşən “Kapital” bank ASC-yə məxsus bankomantdan özünə və həyat yoldaşı S.Məmmədovaya məxsus pensiya kartlarındakı pulun çıxarılmasını həmin vaxt orada olan Lerik rayonunun Piran kənd sakini Z.Bayramovdan xahiş etmişdir. Z.Bayramov N.Məmmədova məxsus kartdakı pulu çıxarıb ona vermiş, lakin S.Məmmədovaya məxsus olan digər kartın balansında pul olmadığını bildirmişdir. Lerik Rayon Məhkəməsinin müvafiq qərarı ilə S.Məmmədovaya məxsus pensiya kartından həmin tarixdə və saatda 234 manat pulu çıxaran şəxsin görüntüləri “Kapital” bank ASC-dən götürülmüşdür. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, S.Məmmədovaya məxsus pensiya kartından 234 manat pulu Z.Bayramov çıxararaq oğurlamışdır.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir”.
 
Muxalifet.az