​"Müvəkkilim iki yaxın qohum arasındakı münaqişənin qurbanı olub" - "Kaspi" liseyinin işi üzrə məhkəmə

Baxış sayı:
775

Bazar ertəsi Bakı Ağır Cinayətlər Məhkəməsində "Kaspi" liseyində 564 min manatın mənimsənilməsi haqqında iş üzrə prosesdə tərəflərin yekun çıxışları olub.
“Turan” xəbər verir ki, iş üzrə təqsirləndirilənlər liseyin iki mühasibi - Tural Məmmədov və Fərahim Möhbalıyevdir. Onlar liseyin təsisçisi, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın şikayəti əsasında saxlanılıblar və CM-in 179.4-cü maddəsi (böyük ölçüdə məninsəmə) ilə ittiham olunublar.
Proses boyunca təqsirləndirilən şəxslər Sona Vəliyevanın məhkəməyə çağırılmasında israr ediblər, amma bu tələb təmin edilməyib. Hakim məhkəmə istintaqının başa çatdığını elan etdikdə isə hər iki təqsirləndirilən şəxs qeyri-obyektiv təhqiqata etiraz əlaməti olaraq aclıq elan edib.
Oktyabrın 18-də prokuror məhkəmədən Məmmədovun və Möhbalıyevin 6 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.
Bugünki iclasda lisey nümayəndəsi prokurorun çıxışı ilə razı olmadığını bildirib. Onun sözlərinə görə, müttəhimlərin təqsiri sübuta yetirilib və onlara CM-in şərti cəza nəzərdə tutan 60 və 70-ci maddələri tətbiq edilə bilməz.
Amma Möhbalıyevin vəkili Adəm Məmmədov müvəkkilinin təqsirsiz olduğunu bildirib. Onun sözlərinə görə, məhkəmədə heç bir etibarlı dəlil təqdim edilməyib. Möhbalıyev heç bir sənəd imzalamayıb, valideynlərdən alınan pulu isə baş mühasib Tural Məmmədov şəxsən liseyin təsisçisi Sona Vəliyevaya verirdi.
Bu zaman vəkil Vəliyeva və Məmmədov arasındakı hesablaşmalar kitabının məhkəmə tərəfindən tədqiq edilmədiyini qeyd edib.
"Müvəkkilim iki yaxın qohum - Sona Vəliyeva və Tural Məmmədov arasında münaqişənin qurbanı olub", deyə vəkil bildirib. O, liseyin maliyyə işlərindəki qarışıqlığı, rəsmi kassirin belə olmadığını, onun funksiyasını Vəliyevanın özünün yerinə yetirdiyini qeyd edib.
Vəkil Möhbalıyevə bəraət verməyi xahiş edib. Möhbalıyev özü də təqsirsiz olduğunu bildirib və özünə və Məmmədova bəraət verilməsini istəyib.
İkinci mühasib deyib ki, mənimsəməkdə ittiham olunduğu məbləğin bir hissəsindən öz biznesi üçün istifadə edib və artıq pulun müəyyən hissəsini qaytarıb. "Mən qalan məbləği qaytarmağa söz vermişdim və qaytarmağa hazır idim. Amma Sona Vəliyeva bütün məbləğdən istifadə etdiyimi etiraf etsəm, polisə şikayət etməyəcəyinə söz verərək, məni aldadıb", deyən Məmmədov əlavə edib ki, Möhbalıyevin məsələ ilə ümumiyyətlə əlaqəsi yoxdur.
Hökmün oktyabrın 22-də oxunacağı gözlənilir./Turan