Mülki geyimli DYP əməkdaşları VAZ 2106 markalı maşınla vətəndaşı saxlayaraq 200 manat rüşvət tələb ediblər; “yox” cavabı aldıqda, NİVA-sını götürüb aparıblar – PREZİDENTƏ ŞOK MÜRACİƏT

Baxış sayı:
2140

Şəki rayonu, Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürrəhimov Sadiq Məmmədəli oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçi yazır:
Cənab Prezident!
Əvvəlcə bildirmək istəyirəm ki, son vaxtlar Şəki Dövlət Yol Polisi əməkdaşlarının yerli vətəndaşlarımıza qarşı etdikləri qanunsuz hərəkətlər hamını boğaza yığıb. Budur, sentyabrın 23-də Qax şəhərinə çatmamış 822 nömrəli DYP avtomobilini idarə edənlərin göstərişi ilə naməlum DYP işçiləri idarə etdiyim şəxsi NİVA markalı 90 BX 213 nömrəli avtomobilimi saxlamış və mənimlə mübahisəyə başlamışlar. Biri əl atıb qapını açır, digəri açarı almaq istəyir və s. anormal hərəkətlər. Sonda təhlükəsizlik kəmərinindən istifadə etməməyə görə protokol tərtib edirlər. Amma surətini vermirlər.
Səhəri günü yenə gəlib yazdıqları protokolu tələb edib, alıram. Və görürəm ki, protokola Yevlax-Zaqtala yolunun 18-ci km-də guya hadisənin olması barədə məlumatlar qeydə alınıb. Halbuki, mən Şəki-Qax yolunda saxlanılmışam.

Mən cərimənin protokol nömrəsinə görə ödəmək üçün bu sənədi onlardan alanda məlum oldu ki, bu DYP işçiləri əslində koordinat üzrə Yevlax-Zaqatala yolunda xidməti vəzifələrini həyata keçirməli idilər. Lakin hamımıza məlumdur ki, həmin yolda əsaslı tikint-təmir işləri getdiyindən, bu şosseyə təhkim olunan 822 nömrəli DYP avtomobili 90 km kənarda xidmət göstərməli olan digər DYP avtomobilini gizli sövdələşmələri nəticəsində qanunsuz olaraq öz ərazisinə dəvət edir ki, iş yoldaşları “ac qalmasınlar” və 822-nin ərazisinə daxil olub, dolnasınlar, qazancı da bölsünlər. 822 nömrəli DYP avtomobili isə həmin ərazidə fəaliyyətdə olan təxminən 800 avtomobillə gizli anlaşdığına (aylıq plan məsələsi) görə, onlara qarşı Azərbaycan qanunlarını tətbiq edə bilmir. Və ona görə də kənardan bu zonanın avtomobillərini “qarmağa” saldırmaq üçün bu yolu seçib, pul qazanırlar.
Qoy qazansınlar. Mən sentyabrın axırında bu dəstəni ifşa etdiyimə görə, xahiş-minnət etdilər və dərhal da özləri yazdıqları 40 manat cəriməni mənim əvəzimə ödədilər.

Oktyabrın 3-də günortadan sonra mənə bildirdilər ki, səni Şəki DYP əməkdaşları axtarırlar. Mən Aşağı Göynük kəndindəki “Göynük petrol” yanacaqdoldurma stansiyasının yanında avtomobili saxlayıb VAZ 2106 markalı, ağ rəngli, 10 DJ 106 nömrəli şəxsi avtomobillərində əyləşmiş iki nəfərlə görüşdüm. Biri mülkü formada, digəri polis formasında idi. Dedilər ki, sənin 90 BX 213 nömrəli avtomobilinin 10 manat cəriməsi olub və sən onu ödəmədiyinə görə avtomobilini aparmalıyıq. Sürücülük vəsiqən də ləğv olunur. Mən bildirdim ki, axı mənim nə mobil telefonuma, nə də poçtla evimə protokol gəlməyib ki, mən bu 10 manatı dərhal ödəyim. Dedilər, ya 200 manat hörmət elə, biz sistemdən bu cəriməni silək, ya da avtomobil aparmalıyıq və “prava”n da ləğv olunacaq.

Mən dərhal 902 qaynar xəttinə zəng etdim. Bildirdilər ki, sənin cərimən olub və aktivdir. Cəriməni ödə, məsələ bitsin. Qaynar xəttdə mənə cavab verən kişi yanımdakı polislə də danışdı. O, özünü baş inspektor Ramil Adamov kimi təqdim etdi və bildirdi ki, sürücünün cəriməsi 16 manatdır. Mən yaxındakı aparatda cəriməni ödəyib gəldim. Bu zaman özlərini DYP işçiləri kimi təqdim edənlərdən biri avtomobilimə oturub Şəki istiqamətində sürməyə başladı, digəri də şəsxi VAZ 2106 avtomobillə onun arxasınca sürüb getdilər. Onlar mənim ödədiyim qəbzi də nəzrə almadılar.
Bəli, bu, mənə qarşı sifariş idi ki, gedin onu cəzalandırın, ağlı başına gəlsin ki, 23 sentyabr protokolunu niyə bizdən alıb.
Avtomobilimin oğurlanması faktına görə dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat verdim. Qeydə alındı. Amma hələlik heç bir tədbir görülmür.

Cənab Prezident!
Mən pulu zülmlə, əziyyət çəkib qazanıram. Ermənilərin başına 3 milyon pul qoyduğu rəhmətlik qardaşım Faiq Əbdürrəhimov ona görə şəhid olmayıb ki, bu gün DYP, İcra, məhkəmə, həkim, dövlət məmuru adı altında bizim kimi sadə vətəndaşları qulluq mövqelərindən süi-istifadə etməklə incitsinlər, pul tələb etsinlər və gedib haram pullarla evdə arvad-uşaqlarına yedizdirib, özlərini “kişi” hesab etsinlər. Xahiş edirəm, mülkü formada “DYP” adı altında quldurluqla məşğul olanların dərhal müəyyənləşdirilib, cəzalandırılması üçün aidiyyatı üzrə göstəriş verəsiniz.
Hörmətli, Ramiz Zeynalov!
Sadə bir vətəndaş olaraq sizdən tələb edirəm, dərhal mülkü formada DYP adı altında gəlib avtomobilimi oğurlayıb aparan, polis adına ləkə gətirən oğrularınızı tapıb cəzalandırın və avtomobilimin yerinə qaytarılması barədə göstəriş verin”.
 
Muxalifet.az
 
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.