MTN-in saxladığı şəxs yarım milyonluq müqavilə bağladı – İcra Hakimiyyəti ilə

Baxış sayı:
652

Astara Rayon İcra Hakimiyyəti “Birlik 3A” MMC ilə maliyyə dəyəri 542615.01 AZN olan müqavilə imzalayıb. 

Müqaviləyə əsasən MMC Astara rayonunda yolların əsaslı təmirini həyata keçirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Birlik 3A” MMC 23 iyun 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 AZN olan MMC-nin hüquqi ünvanı Masallı rayonu Gəyəçöl kəndində yeləşir. MMC-nin qanuni təmsilçisi  Abıyev Zaur Niyaz oğludur.

50 manatlıq MMC-nin yarım milyonluq  tenderin qalibi olması təsadüfi deyil. Apardığımız araşdırmalar zamanı bəlli olub ki, Zaur Abıyevin atası Niyaz Abıyev 2009-2014-cü illərdə Gəyəçöl kənd bələdiyyəsinin sədri olub. Qardaşı Xudayar Rəhimov isə Masallıda “tender kralı” kimi tanınır.  O, “Elnur-2” şirkətinin sahibidir. Xudyar Rəhimov bu şirkətin rəhbəri kimi Koronovirusla Mübarizə Fonduna 10 000 AZN köçürüb.

“Elnur-2” şirkəti Masallının dövlət qurumlarının keçirdiyi tenderlərin daimi qalibidir. Hər halda mediada gedən xəbərlər bu qənaəti yaradır. Xudayar Rəhimov Masallının keçmiş icra başçıları Qəzənfər Ağayev və Rafil Hüseynovun dövründə özünü rayonun səlahiyyətli şəxslərindən biri kimi aparıb. Mediada gedən təkzib olunmamış materiallara əsasən Xudayar Rəhimovun hətta yerli idarəetməyə də təsir imkanları olub. Yeri gəlmişkən, Qəzənfər Ağayev hazırda Astara Rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Xudayar Rəhimovla qardaşı oğlu Niyaz Abıyevin adı “MTN işi”ndə də keçir. Əmi və qardaşoğlu bu işdə zərərçəkən qismində tanınıblar.

Xudayar Rəhimov məhkəmə istintaqı zamanı bildirib ki, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaqa ifadəsindən fərqli olaraq heç kimə pul vermədiyini, dindirmə zamanı on beş dəqiqə ərzində verilən suallara cavab verdiyini, ifadəni oxumadan imzaladığını deyib.

Zaur Abıyev isə bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da MTN əməkdaşları tərəfindən saxlanılıb. Həmin vaxt yanında digər zərərçəkmiş Elton Cəfərli də olub. Onlar “Texnikabank”ın “Proqress” filialından 620 min manat götürüb çıxarkən pul torbası ilə birlikdə MTN-ə aparılıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxılıblar. Zaur Abıyev sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib. Vəkillərin sualları zamanı aydın olub ki, Zaur Abıyev saxlanılan gün sözügdən bankda onun adına nağd pul verilməyib və həmin hesabda olan vəsait tamamilə başqa insanın adında olub.

Bu epizod üzrə ifadə verən digər zərərçəkmiş Elton Cəfərli “Elnur-2” şirkətində memar işlədiyini və həmin gün, sadəcə olaraq, avtomobili idarə etdiyini bildirib. Puldan xəbəri olmadığını deyib.

“Elnur-2” şirkətinin mühasibi Xuraman Əliyeva isə ifadəsində deyib ki, həmin gün Zaur Abıyev banka gedərək, hesabda olan 620 min manat pulu təchizatçıların hesablarına köçürməli idi və nağd pulun bankdan çıxarılması ilə bağlı göstəriş olmayıb.

Bu işdə təqsirləndirilən şəxslər isə MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov olub./yenisabah.az