“Lotu Quli”nin öldürülməsinə görə vəd edilən qonorar məlum oldu - "AZƏRBAYCANLI ALVERÇİLƏR ARASINDA ŞAYİƏ GƏZİR Kİ...”

Baxış sayı:
5044

“Lotu Quli” kimi tanınan məşhur kriminal avtoritet Nadir Səlifovun öldürülməsinə görə sifarişçilərin vəd etdiyi qonorarın məbləğinə dair ilkin təxminlər irəli sürülüb.

“Daily Storm” nəşri öz mənbələrinə istinadən bu məbləğin bir neçə milyon dollar təşkil etdiyini bildirir.

Mənbə habelə “Lotu Quli”ni öldürən Xəqan Zeynalovun (“Xan Bakinski”) niyə məhz 4 dəfə atəş açdığını da izah edib, bunun simvolik xarakter daşıdığını bildirib. Belə ki, iddia olunduğu kimi, bu qətl “Rövşən Lənkəranski”nin qisasını almaq üçün törədilmişdi və dörd dəfə atəş açılması da onun öldürülməsindən 4 il keçdiyini simvolizə edirdi. “Rövşən Lənkəranski” 2016-cı il avqustun 18-də İstanbulda güllələnib. “Lotu Quli”nin öldürülməsi isə onun öldürülməsindən 4 il sonra-2020-ci il avqustun 19-da baş verib.

Nəşr onu da yazır ki, “Lotu Quli”nin adamları indi himayəçisiz qalıb, amma sahibkarlara “krışalıq” etməkdə davam edirlər. Lakin indi hətta onlar da Qulinin imperiyasının kimə miras qalacağını bilmirlər. Bu mirasa iddia etmək istəyənlər ilk növbədə öz nüfuzunu və gücünü nümayiş etdirməli, bir vaxtlar Nadir Səlifovun etdiyi kimi, Rusiya və Ukrayna bazarlarına öz döyüşçülərini göndərməlidir. Bu isə “qanuni oğru”nun tərəfdarları ilə onun kriminal tacına iddia edənlər arasında silahlı qarşıdurmalarla müşayiət oluna bilər.

Bildirilir ki, indi bir çox iri meyvə-tərəvəz təchizatçıları “haqq” verməyi dayandırıblar, amma hələ də Qulinin yaxınlarına arxayındırlar. Ticarətçilər üçün yeni kriminal müharibə çox mənfi amildir. Rusiyada azərbaycanlı ticarətçilər arasında şayiələr dolaşır ki, liderliyi hansısa yeni azərbaycanlı avtoritet üzərinə götürməsə onları sıxışdırmağa başlayacaqlar. Çünki Quli həmişə öz həmvətənlərinə himayəçilik edirdi.

“Quli lider idi, ondan təkcə azərbaycanlılar deyil, digər millətdən olan kriminal avtoritetlər də çəkinirdilər”, - “Daily Storm” nəşrinin həmsöhbəti deyib.

“Lotu Quli”nin ətrafında nüfuzuna görə ona tay tutula biləcək kimsə yoxdur. Ona görə də Qulinin yaxınlarından kiminsə mübarizəyə başlayacağı az ehtimal edilir. “Rövşən Lənkəranski”nin klanından da müvafiq namizəd yoxdur. Bu səbəbdən indiki qeyri-müəyyən vəziyyətdə hansısa az tanınan “vor zakon” Qulinin yerinə iddia edərsə və Rusiya bazarlarına nəzarəti ələ almağa çalışarsa, onun əlaqələri əsl sifarişçinin kimliyinə dair ipucları verə bilər./Virtualaz.org