LERİK SAKİNİ POLİSDƏN ŞİKAYƏTÇİDİR – “Mənə dedi ki, biz neçə nəfəri belə şəkillərlə içəri salmışıq…”

Baxış sayı:
613

Lerik rayonunun Piran kənd sakini Bayramov Ziyatay Ərəstun oğlu tərəfindən Muxalifet.az saytına şikayət məktubu daxil olub. Şikayətçinin ölkə rəhbərliyinə, Daxili İşlər nazirinə və Baş Prokurora ünvanladığı məktubunda iddia edilir ki, sözügedən şəxs heç bir günahı olmadığı halda, həmyerlisi Məmmədov Namiq Əliağa oğlu tərəfindən şərlənib. Lerik rayon Polis İdarəsi isə həmin şəxsin şikayəti əsasında qeyri-obyektiv araşdırma apararaq, onu günahkar çıxarmağa çalışır.

Şikayətçi bildirir ki, təqaüdünü bankomatdan çıxarmağa kömək etdiyi həmyerlisi N.Məmmmədov onu guya həmin pulu oğurlamaqda günahlandırıb.

Buna görə də onun şikayəti əsasında Z.Bayramovu şöbəyə çağırıblar: “Şöbədə məni polis rəisinin Muşfiq adlı müavini qəbul etdi. Otağa girən kimi rəis müavini məni başqasının pulunu oğurlamaqda, vətəndaş Məmmədov Namiq Əliağa oğlunun təqaüdünü bankomatdan çıxararaq mənimsəməkdə ittiham etdi. Mən bu ittihamın tamamilə əsassız olduğunu dedikdə, rəis müavini bildirdi ki, “sübut elə ki, yalandır”.

Mən isə ona bildirdim ki, mən öz təqsirsizliyimiı sübut etməli deyiləm, siz ittihamlarınızı isbat etməlisiniz. Belə dedikdə rəis müavini mənə bankomatın qarşısında çəkilmiş fotoşəkilləri göstərdi. Mən isə ona bildirdim ki, bankomatlar videokamera ilə 24 saat rejimində müşahidə altında qorunurlar və həmin videomüşahidə cihazının görüntülərinə baxılmalıdır. Lakin rəis müavini mənə “bizə iş öyrətmə, biz neçə nəfəri belə şəkillərlə içəri salmışıq, sən birinci deyilsən” deyərək kabinetindən qovdu. İş təhqiqata verildi.“

Şikayətçi təhqiqtçının da işi obyektiv araşdırmadığını iddia edir: “Mən təhqiqatçı Ruslan Əsədullayevdən də israrla videokameranın görüntülərini tələb etdim və bildirdim ki, həqiqətən də Məmmədov Namiq Əliağa oğlunun təqaüdünü bankomatdan çıxarmaqda öz xahişilə ona kömək etmiş və çıxartdığım vəsaiti ona vermişəm, videokamera görüntüləri çıxarılsa bu fakt orada tam əksini tapacaq və hər şey aydın olar. Lakin təhqiqatçı bir daha videogörüntu olmadığını, yalnız fotosəkillərin oldugunu dedi. Belə başa düşürəm ki, Lerik rayon Polis İdarəsi hansısa səbəbdən mənim dəlil-sübutsuz həbs olunmağımda maraqlıdır.

Ona görə də bu haqsızlığın qarşısının alınması və təhqiqatın obyektiv aparılması, “Kapitalbank” tərəfindən müvafiq səsli videogörüntülərin əldə olunması, həmçinin şikayətçi Məmmədov Namiq Əliağa oğlunun bu tip şikayətlərlə Lerik rayon Polis idarəsinə tez-tez müraciət etməsinin hərtərəfli araşdırılması xahişilə 03.05.2020-ci il tarixində Daxili İşlər nazirinə müraciət etdim. Bundan sonra işi istintaqa yönəltdilər. İşə Lerik rayon Polis İdarəsinin Rasəf adlı müstəntiqi baxaraq şikayətin obyektiv araşdırıldığını bildirdi.”

Lakin bununla da heç nəyin dəyişmədiyini qeyd edən Lerik sakini ona qarşı haqsızlıq edildiyini bildirir və işin obyektiv araşdırılmasını xahiş edir: “02.08.2020-ci ildə müstəntiq mənə zəng vurub yanına çağırdı. Bu dəfə yenə o şəkillərin bir az böyüdülmüş formasını mənə göstərərək bildirdi ki, “bu tip işlərdə videogörüntü olmur. Bu şəklə əsasən pulu sən götürmüsən demək sən də oğrusan”.

Halbuki, həmin gün bankomata atamın təqaüdünü almaq üçün getmişdim. Kənd camaatı bankomatdan istifadə edə bilmədiyinə görə, bəlkə də 50-dən çox adam üçün mən pul çıxarmışam ki, onlardan da biri yəqin ki, həmin şəxs olub. Necə olur ki, o qədər insanın pulu oğurlanmadı, məhz bu şikayətçinin pulu oğurlandı?

Bu şikayət ərizəsilə Sizə müraciət edərək əsl həqiqətin ortaya çıxması üçün obyektiv və qanuni istintaq aparılması üçün göstəriş vermənizi, “Kapitalbank”dan videogörüntülərin alınaraq işə əlavə edilməsinə, həmçinin şikayətçi Məmmədov Namiq Əliağa oğlunun bu tip şikayətlə indiyədək polisə neçə dəfə müraciət etməsinin araşdırılmasını xahiş edirəm.”

Redaksiyadan: Şikayətdə qeyd olunanlarla bağlı Lerik rayon Polis İdarəsinın də mövqeyini işıqlandırmasğa hazırıq.